Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərsu"nun "susuzlaşdırdıqlarındansınızmı"? - Kəndlərdə uzunqulaqla su daşınır, Bakıda "təmir" bitmir...
"Azərsu"nun "susuzlaşdırdıqlarındansınızmı"? - Kəndlərdə uzunqulaqla su daşınır, Bakıda "təmir" bitmir...

"Azərsu"nun dövlət qurumu kimi özünü doğrultmaması ictimaiyyətə məlumdur. İçməli su ilə bağlı vəziyyət çox pisdir. Əhali həm keyfiyyətli su ilə təmin olunmur, həm də resurs istənilən halda həmişə əlçatan deyil. Paytaxtın az qala yarısı daimi içməli su ilə təmin edilə bilmir. Bölgələrdəki durum isə son illər daha da korlanıb. Kəndlərdə insanlar uzunqulaqlarla su daşıyır. Təsəvvür edin, 21-ci əsrin ortalarına doğru gedirik. Azərbaycanda hələ də içməli su ibtidai üsullarla əldə edilir. Rayon mərkəzlərində də vəziyyət kəndlərdən çox fərqlənmir.

Bizimyol.info xəbər verir ki, neçə gündür Bakının bir çox yerlərində içməli su qəhət olub. “Azərsu” xeyli əraziyə su ötürülməsini dayandırıb. Açıq səhmdar cəmiyyəti sualları cavabsız qoyur. Son günlər yeganə açıqlama odur ki, Fikrət Əmirov və Dilarə Əliyeva küçələrinin kəsişməsindən keçən magistral su kəmərində təmir-bərpa işləri aparılır, buna görə də bir az dözümlü olmaq lazımdır. Guya məhz buna görə, Nəsimi və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilişində məhdudiyyətlər yaranmasını təbii qarşılamalıyıq. Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində iş görülür. “Azərsu” arqument kimi bunu da səsləndirir. Halbuki sosial mediada daha çox ərazinin adı çəkilir. Yasamal, Xətai rayonlarında, Sulutəpədə, Sabunçuda və Günəşlidə suyun kəsildiyini yazanlar çoxdur.

Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində yaşayan Azadə Mirzəliyeva ay ərzində dəfələrlə susuz qaldıqlarını dilə gətirib. “Azərsu”dan onun sorğusuna cavab olaraq bildirilib ki, yuxarıda haqqında yazılmış magistral su kəmərindəki qəzaya görə belə davranılıb. Amma vətəndaş daim belə problemlə üzləşdiklərini deyir.

“Azərsu”nun həmişə bəhanəsi var. Amma ölkədə, o cümlədən paytaxtda, Abşeron yarımadasında içməli suyun təminatı bərbad gündədir. Açıq səhmdar cəmiyyətinin rəhbərliyi anlamır ki, su bütün hallarda həyat mənbəyidir. Susuz həyat tamamilə dayanır. Birdən-birə şəhərin müxtəlif yerlərində içməli suyun verilişini dayandırmaq olmaz. Həm də çox hallarda xəbərdarlıq edilmədən. Kimsə işinə məsuliyyətsiz yanaşırsa, cəzalandırılsın.

Xeyli suallar var. Niyə daim qəzalar bir-birini əvəz edir? “Azərsu”nun həmişə zərərlə işlədiyini, dövlət büdcəsinə göz dikdiyini bilirik. Amma milyonlar xərcləndiyi halda niyə xətlər standartlara cavab vermir? “Azərsu” nə vaxta qədər belə işləyəcək? Hətta məsuliyyətsizliyin də sərhədləri olur. Kaş ki, məsul dövlət qurumu da bunu başa düşəydi...

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »