Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həbsdə olan keçmiş deputat: "Mən siyasi məhbus deyiləm, ekologiya məhbusu ola bilərəm"
Həbsdə olan keçmiş deputat: "Mən siyasi məhbus deyiləm, ekologiya məhbusu ola bilərəm"

2023-cü ilin iyulundan həbsdə olan keçmiş deputat, iş adamı və iqtisadçı ekspert Nazim Bəydəmirlinin məhkəməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyilə baxılır.

Bizimyol.info xəbər verir ki, aprelin 29-da məhkəmənin hazırlıq iclası keçirilib. Prosesdə Nazim Bəydəmirlinin vəkili Aqil Layıc onun haqqında cinayət işinə xitam verilməsi, bu da olmasa, ev dustaqlığına buraxılması barədə vəsatətlər qaldırıb. Vəkil bildirib ki, hədə-qorxu ilə tələbetmə ittihamı əsassızdır. Sabiq deputata ittiham verilən hadisələrdən birinin 1996-cı ildə Rusiyada baş verdiyi iddia olunur. Digər hadisə isə Nazim Bəydəmirli ilə eyni şirkətin səhmdarı olan Ədalət Bağırovla bağlıdır.

Nazim Bəydəmirli vəkilinin vəsatətlərini müdafiə edib. O bildirib ki, bir neçə il Ədalət Bağırovdan hüquq-mühafizə orqanlarına şikayət edib. Lakin onun haqqında tədbir görülməyib. Sabiq vəkil şirkətdə 30 faiz səhmə sahib olduğu halda, öz əmlakından istifadə edə bilmədiyini deyib: "Malımı nə sata bilirəm, nə yaxın buraxırlar. Bu adamdan nəinki mən, qardaşı, əmisioğlu da şikayətçi olub. Mən də qanuni yol seçib, şikayət eləmişdim. Baş Prokuror və Daxili İşlər nazirinin qəbulunda olmuşdum. Həbs olunduğum gün də şikayətin nəticəsilə maraqlanmaq üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmişdim. Məni 6 saat saxladılar, sonra da mənə ittiham verdilər. Mən kimisə təhqir eləməmişəm. İqtidar və müxalifətə eyni məsafədə olan adamam. Siyasi mənsubiyyətim yoxdur. Dövlətimə, vətənimə sədaqətli insanam. 5 gün sonra 61 yaşım tamam olur. Həbsimdən sonra sağlamlığımda problemlər yaranıb. Bu, məhkəmədə baxılmalı iş deyil. Mən siyasi məhbus deyiləm. Ekologiya məhbusu ola bilərəm. Siyasi fəaliyyətimə görə həbs olunmamışam. Gədəbəy hadisələrinə görə ola bilər".

Məhkəmə qaldırılmış vəsatətləri təmin etməyib. Məhkəmə baxışı mayın 13-nə təyin edilib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »