Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bəzən təhsil ekspertləri Azərbaycanda şagirdlərin "normadan çox" yüklənmələri ilə bağlı şikayət edirlər"
"Bəzən təhsil ekspertləri Azərbaycanda şagirdlərin "normadan çox" yüklənmələri ilə bağlı şikayət edirlər"

Milli Təhsil Nazirliyi bütün təhsil səviyyələrində veriləcək icbari dərslər üçün “Türkiyə Yüz İli Təhsil Modeli” adı altında yeni kurikulum layihəsini paylaşıb. Layihənin vətəndaşların diqqətini çəkən hissəsi; 9, 10, 11 və 12-ci siniflərin riyaziyyat kurikulumundan əsas inteqral mövzu çıxarılması olub.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanda proqramlar tərtib olunarkən burada ayrı-ayrı mütəxəssislər iştirak edirlər. Eyni zamanda Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutunun mütəxəssisləri müvafiq araşdırma aparırlar. Yəni bütövlükdə hansısa mövzunun proqrama daxil edilməsi təsadüfi olmur.

İlqar Orucov İlqar Orucov

“Fərqli ölkələrdə fərqli proqram mövzuları ola bilər. Məsələn; Almaniyada riyaziyyat fənnindən proqram mövzuları onu deməyə əsas verir ki, bizdən xeyli yumşaqdır. Amma Almaniyada 10, 11, 12-ci siniflərdə sırf ali təhsil müəssisəsinə qəbul olmaq arzusunda olan şagirdlər sonuncu təhsil pilləsində təhsil alırlar və yalnız orada genişləndirilmiş və dərinləşdirilmiş fənn proqramları tədris olunur. Bu da ona gətirib çıxarır ki, şagirdlər kifayət qədər yüklənmirlər.

Bəzən təhsil ekspertləri Azərbaycanda şagirdlərin "normadan çox" yüklənmələri ilə bağlı şikayət edirlər, narazılıqlarını ifadə edirlər. Əslində səbəblərdən biri ondan ibarətdir ki, bizim uşaqlarımız xaricdə təhsil alarkən onlar baza təhsilləri güclü olduğundan çox çətinlik çəkmirlər”-deyə İlqar Orucov bildirib. Ekspert qeyd edib ki, baza təhsilinin güclü olmasının faydaları da var.

İlqar Orucovun fikrincə, söhbət inteqral mövzusundan gedirsə, ümumiyyətlə bütövlükdə gələcəkdə təmayülləşmə daha da dərinləşməlidir.

“Tutaq ki, gələcəkdə riyaziyyatçı olmayacaq, fərqli bir sahədə mütəxəssis olacaq şagirdə təmayülləşmənin tələbləri çərçivəsində proqramlar tərtib edilməlidir. Riyaziyyatçı olacaqsa gələcəkdə, (bu digər sahələr də ola bilər) inteqralı mənimsəmək, o mövzuda müəyyən bilikləri əldə etmək faydalı olar. Amma şagird gələcəkdə hümanitar sahə üzrə mütəxəssis olacaqsa, şagirdə eyni proqramı tədris etməməliyik.

Bəzən biz görürük ki, ucqar bir məktəbdə 11-ci sinifdə çox az sayda şagird təhsil alır. Orada təmayülləşmənin tətbiqi bəzən çətinlik yaradır. Çünki fərqli fən müəllimləri cəlb olunmalıdır”-deyə İlqar Orucov əlavə edib.

Ekspert hesab edir ki, gələcəkdə bunu dərinləşdirmək lazımdır. Müvafiq araşdırmalar olmalıdır. Təhsil mütəxəssisləri, dərsliklər və proqram məzmunu ilə məşğul olan mütəxəssislərlə birgə bu sahəyə məsul şəxslər də araşdırma aparmalıdır.

“Yəni bu gün Türkiyədə hansısa mövzu çıxarılsa, bizdə də bu “copypaste” olmalıdır. Belə deyək, o kopyalanıb bizdə də eyni proqramı tərtib olunmalıdır. Bu yanaşma da düzgün olmaz. Amma bütövlükdə zaman-zaman proqramlarda dəyişiklik edilməsi, diqqəti cəlb etmək yaxşı olar.

Tədris proqramı “Quran ayəsi” deyil və o demək deyil ki, dəyişikliyə məruz qala bilməz. Bu məsələdə həm də mütəxəssis fikirləri də çox vacibdir. Bu istiqamətdə ictimaiyyətin də fikirləri çox önəmlidir”-deyə ekspert bildirib.

İlqar Orucov hesab edir ki, bizim cəmiyyətimizdə kifayət qədər savadlı, dünyadakı inkişafı bilən və onu qiymətləndirən insanlar var. Bu kimi məsələlərdə həm də bir ictimai baxış ortaya qoyulmalıdır.

İlqar Orucov hesab edir ki, bu o demək deyil ki, proqramlar tərtib olunarkən, hansısa ölkəni olduğu kimi ö tətbiq etməliyik.

“Və yaxud belə deyək, hansısa ölkədə tədris proqramında hansı mövzu varsa, biz də elə onu salaq və fikirləşək ki, orada varsa, bizdə də olsun. Burada fərqli yanaşmalar, fərqli münasibətlər ola bilər. Bütövlükdə, gələcək mütəxəssis kimi görmək istədiyimiz şagirdlərin formalaşmasında bizim böyük rolumuz var”-deyə ekspert əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »