Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Əlçatmaz", "pulyetməz" dəniz neməti... Azərbaycan öz kürüsünü baha satıb, Çindən ucuzunu alır
"Əlçatmaz", "pulyetməz" dəniz neməti... Azərbaycan öz kürüsünü baha satıb, Çindən ucuzunu alır

Azərbaycanda böyük əksəriyyət üçün kürü əlçatmaz nemət sayılır. Çünki ölkədə yoxsulluğun səviyyəsi yetərincə yüksəkdir. Ola bilər, rəsmi statistika bu haqda danışmır, söz açmaq arzuolunmazdır. Amma gerçəklik odur ki, insanların çoxu ömürboyu kürünün dadına baxmayıb. Biz daha çox kürü statistikasına baxa bilirik.

Bizimyol.info xəbər verir ki, nərə balığı kürüsü ilə bağlı yeni rəqəmlər açıqlanıb. 2024-cü ilin ilk üç ayı ərzində ölkədə 103,1 kq kürü istehsal olunub. Keçən ilin eyni dövrü ilə müqayisədə istehsalın aşağı düşdüyü aşkar görünür. 2023-cü ilin ilk rübündə 140 kq nərə balığı kürüsü istehsal etmişdik.

Yanvar-fevral aylarında istehsal olunan məhsilun 90 kiloqramını satmışıq. Bir kiloqramı orta hesabla 1142 dollara satışa çıxarılıb. Bununla da ölkəyə 102 min 780 dollar xeyir gəlib.

Azərbaycan kürünü baha satıb, Çindən ucuzunu alır. Bu tendensiya illərdir davam edir. 2024-cü ilin əvvəllərində də ənənəyə sadiq qalmışıq. Yanvar-fevral aylarında Asiya ölkəsindən 900 kiloqram nərə balığı kürüsü alınıb. Bunun üçün 269 min dollar ödənilib. Beləcə, kürünün kiloqramı bizə 300 dollardan da ucuz başa gəlib.

Düzdür, kürü istehsalı aşağı düşüb, amma bir neçə il əvvəl göstəricilər daha yüksək deyildi. Məsələn, 2021-ci ildə il ərzindəki istehsal heç 100 kiloqrama çatmırdı. Artımda balıqartırma müəssisələrinin xüsusi rolu oldu. Amma həmin müəssisələrin bir-bir sıradan çıxması zamanla istehsal həcmində özünü göstərəcək. Yaxın illərdə bunun şahidi olacağıq.

İndi bazarda kürünün kiloqramı 2 min manatdan ucuz deyil. Məhsulu xaricə də təxminən bu qiymətə satırıq. 2021-ci ildə kürünü ABŞ-a, Birləşmiş Ərəb Əmirliklərinə, Honkonqa daha baha təklif edirdik. Onda idxalın həcmi də indikindən azı iki dəfə çox idi. Məsələn, 2020-ci ildə 1880 kiloqram nərə balığı kürüsü sifariş etmişdik.

Rəqəmlər bizə şirin görünə bilər, lakin nərə balığının kökü də kəsilmək üzrədir. Balıqartırma müəssisələrinin əhəmiyyəti bu mənada böyük idi. Xüsusi şəraitdə yetişdirilən nərə balıqları Xəzər dənizinə buraxılıdı. Getdikcə bu missiya da sıradan çıxır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »