Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qaraciyər və digər ağırlaşmalarla bağlı stasionar xidmətlər icbari tibbi sığorta ilə qarşılanır"
"Qaraciyər və digər ağırlaşmalarla bağlı stasionar xidmətlər icbari tibbi sığorta ilə qarşılanır"
Saatlı rayon sakini Səriyyə Sadıqova 10 aydır ki, qaraciyər sirrozu diaqnozu ilə Bakıda müalicə alır. Ancaq dərmanlarının qiyməti baha olduğu üçün, indi buna maddi imkanı çatmır. Xəstə 20 gündən artıqdır ki, dərmanlarla təmin oluna bilmir. Beləliklə, xəstənin vəziyyəti gündən-günə ağırlaşır. Bu haqda ötən həftə Səriyyə xanımın oğlu Rafiq Sadıqov redaksiyamıza müraciət etmişdi.

  • Qaraciyər sirrozu xəstəliyi İcbari Tibbi Sığorta Agentliyinin xidmətlər zərfinə daxildirmi?

  • Xəstə bunun üçün hansı prosedurları yerinə yetirməlidir?

Məsələ ilə əlaqədar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri Rafiq Sadıqovla əlaqə saxlayıb, vətəndaşı məlumatlandırıblar. Eyni zamanda, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Bizimyol.info xəbər portalının məsələ ilə bağlı sorğusunu da cavablandırıb və aidiyyəti məsələ ilə əlaqədar prosedurlarda çətinlik çəkənlər üçün ətraflı açıqlama verilib: "Qaraciyər sirrozu xəstəliyinin ilkin və sonrakı mərhələlərindəki diaqnozu üçün ixtisaslı həkim müayinələri, laborator və instrumental müayinələr (USM, KT, MRT, endoskopik) Xidmətlər Zərfi ilə təminata alınıb. Xidmətlər Zərfi çərçivəsində qaraciyər və digər ağırlaşmalarla bağlı stasionar xidmətlər də icbari tibbi sığorta ilə qarşılanır. Qeyd edək ki, bu xidmətlərə qaraciyər transplantasiyası da daxildir.

Vətəndaş qaraciyər sirrozu ilə bağlı tibbi xidmətlərdən yararlanmaq üçün şəxsiyyət vəsiqəsi ilə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və ya Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutlarında həkim müayinəsinə yaxınlaşmalıdır. Müayinə olduqdan sonra həkimin göstərişinə əsasən laborator, instrumental müayinə və stasionar tibbi xidmətlərdən yararlana bilər.

Qeyd edək ki, təcili və təxirəsalınmaz tibbi yardım və stasionar müalicə zamanı (orqan transplantasiya əməliyyatı daxil olmaqla) istifadə olunan dərman vasitələri icbari tibbi sığorta təminatına daxildir.

Ambulator müalicə üçün həkim tərəfindən resept əsasında təyin olunan dərman vasitələri icbari tibbi sığorta təminatına daxil deyil" - deyə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mətbuat Xidmətindən bildirilib.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »