Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Eldən-obadan ayıbdı”... Boşanmaların əvəzinə nikahların sayı sürətlə azalır
“Eldən-obadan ayıbdı”... Boşanmaların əvəzinə nikahların sayı sürətlə azalır

Boşanmaların sayının artmasını cəmiyyət ürəkağrısı ilə qarşılayır. Hər halda sosial platformalarda yazılan rəylər belə deməyə əsas verir. İnsanlar ailələrin dağılmasına görə çox pis olduqlarını, sarsıldıqlarını yazırlar. Həqiqətən də, son illər nikahların pozulma sayı çoxalıb. Məsələn, 2000-ci ildə boşanmaların sayı 5500-ə çatmırdı. İndi isə say 20 mini rahatlıqla aşır.

Bizimyol.info xəbər verir ki, cəmiyyət nikahların sayının sürətlə azalmasına bir o qədər diqqət yetirmir. Bu istiqamətdə vəziyyət, boşanmalarla müqayisədə daha pisdir. Xüsusilə, son illər nikahların sayında azalma sürətlənib. Məsələn, 2011-ci ildə 88 mindən çox cütlük evlənmək qərarı vermişdi. 2015-ci ildən azalma başlayıb. Böyük ehtimalla, ardıcıl iki devalvasiya böyük rol oynayıb. 2020-ci ili başa düşmək olar. Pandemiyaya görə say 35 minə qədər azalmışdı. Amma sonradan say artmışdı. Keçən ildən başlayaraq vəziyyət çox mürəkkəbləşib. Hiss olunur ki, sosial-iqtisadi durum ağırlaşıb. Bunun məntiqi nəticəsi olaraq, sürətli azalma var.

2024-cü ilin ilk ayında 3657 nikah rəsmiləşmişdi. Əvvəlki dövrlərlə müqayisə etmək mümkün deyildi. Lakin fevralda eniş davam edib. İlin ikinci ayında 3082 nikah qeydə alınıb. Bəlkə də, Ramazan günləri sözünü deyib. Hərçənd, bu günlərdə də evlənənlər az olmur. Belə görünür ki, say azalmaqda davam edəcək.

Fevralda 1727 boşanma qeydə alınıb. Yanvarda say 1729 idi. Yəni vəziyyət sabit-ağır olaraq qalır.

Mümkündür ki, nikahların sayının azalmasında gənclərin seçimi də ciddi rol oynayır. Gənc nəslin xaricə axını müşahidə edilir. Son vaxtlar əmək miqrasiyası populyarlaşıb. Gənclər gələcəyini Avropada, okeanın o tayında qurmağa çalışır. Çünki burada perspektivlər görmürlər. Korrupsiya cəmiyyəti iflic edib. İşsizlik hamını əldən salıb. Gənclərə lazımi şərait yaradılmır. Vəzifə irsi ötürülür. Bu şərtlər altında ciddi ailə institutundan danışmaq da olmur.

Ölkə toparlanmalıdır. Hökumət elmə, təhsilə daha çox investisiya qoymalıdır. Gənclər sabitliyə inanmalıdır. Yoxsa pəncərədən baxanda küçədə yalnız xaos görürük. Hamı gərginlik içindədir. Bu halda ailələr də güclü, möhkəm ola bilmir. İnsanlar canı ilə əlləşir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »