Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tbilisidə etiraz gecəsi: 63 nəfər saxlanılıb, 6 polis əməkdaşı yaralanıb
Tbilisidə etiraz gecəsi: 63 nəfər saxlanılıb, 6 polis əməkdaşı yaralanıb

Mayın 1-nə keçən gecə Tbilisinin mərkəzində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı keçirilən mitinqdə 63 nəfər saxlanılıb, 6 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze bu gün keçirdiyi brifinqdə bildirib.

Nazir müavini bildirib ki, Daxili İşlər Nazirliyinin nümayəndələri dəfələrlə etirazçıları qanundan kənara çıxmamağa çağırıblar. “Vaxtaşırı xüsusi təyinatlılarla etirazçılar arasında toqquşmalar baş veririb. Etirazçılar təhlükəsizlik qüvvələrinə daş və plastik butulkalar atıb, təhlükəsizlik qüvvələri isə bibər qazı, gözyaşardıcı qaz və şırnaqdan istifadə edib.

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Rustaveli prospektində keçirilən aksiyada 63 nəfəri xırda xuliqanlıq və polis əməkdaşının qanuni tələblərinə tabe olmadıqları üçün saxlayıblar (İnzibati Xətalar Məcəlləsinin 166 və 173-cü maddələri). Rustaveli prospektində keçirilən aksiya zamanı aksiya iştirakçılarının zorakılıq hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin 6 əməkdaşı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb”, - deyə Daraxvelidze qeyd edib. Onun sözlərinə görə, Daxili İşlər Nazirliyinin əməkdaşlarına hücumla bağlı cinayət işi açılıb.

İğtişaşlar zamanı onlarla insan yaralanıb, onların əksəriyyətinə yerindəcə təcili tibbi yardım göstərilib. Xəsarət alanlar arasında ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkatın sədri Levan Xabeişvili də var.

Aksiyada vəziyyət ilk dəfə parlamentin axşam saat 21:00 radələrində “xarici agentlər” haqqında qalmaqallı qanun layihəsinə ikinci oxunuşda baxılması başa çatdıqdan sonra gərginləşib. Müxalifətdəki Axali partiyasının liderləri parlamentə girişlərdən birini bağlamağa çalışsalar da, təhlükəsizlik qüvvələri buna imkan verməyib. Aksiyada vəziyyət bir neçə dəfə gərginləşib. Polis etirazçıları parlamentin giriş qapılarından uzaqlaşmağa, deputatların və qanunverici heyətin hərəkətinə mane olmamağa çağırsa da, aksiya iştirakçıları ərazini tərk etməkdən imtina ediblər.

Təhlükəsizlik qüvvələrinə müxtəlif əşyalar, o cümlədən plastik butulkalar atılıb, polis bibər qazından istifadə etməyə məcbur olub. Nəticədə bir neçə cərgə düzülən xüsusi təyinatlılar etirazçıları parlamentin girişlərindən uzaqlaşdırıblar.

Saat 04:00-dan sonra Daxili İşlər Nazirliyinin qüvvələri parlamentin yaxınlığındakı ərazini tərk etməyə başlayıb. Aksiya iştirakçıları saat 05:30 radələrində dağılışıblar.

Daxili İşlər Nazirliyi bunu aksiyanın mitinq və nümayişlərin qanuni çərçivəsindən tamamilə kənara çıxması və zorakılığa çevrilməsi ilə hesab edib.

Gürcüstan prezidenti Salome Zurabişvili Daxili İşlər Nazirliyini “dinc mitinqin dağıdılmasına, qeyri-mütənasib güc tətbiqinə və yalın əlli gənclərə qarşı zorakılığa” dərhal son qoymağa çağırıb. Zurabişvili də müxalifətçilər və qeyri-hökumət təşkilatları kimi "xarici agentlər haqqında" qondarma qanunun qəbul edilməsinin qəti əleyhinədir.

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsində illik gəliri 20% xaricdən gələn qeyri-hökumət təşkilatlarının və KİV-lərin qeydiyyata alınması və illik bəyannamənin doldurulması tələb olunur.

Hakimiyyət 2023-cü ilin martında kütləvi etirazlar zamanı geri götürülmüş “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin yenidən gündəmə gətirilməsini onunla əsaslandırıb ki, şəffaflıq vədlərinə baxmayaraq, xarici donorlar Gürcüstanda radikal qrupların və partiyaların məxfi maliyyələşməsini artırırlar.

Müxalifətçilər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və vətəndaş fəalları bu qanun layihəsinin Gürcüstanın dost və düşmənlərini kateqoriyalara ayırdığını, ona damğa vurduğunu və ölkənin Aİ-yə inteqrasiyasına mane olduğunu iddia edirlər. Onlar bu qanun layihəsini “Rusiya qanunu” adlandırırlar və aprelin 15-dən qanunun geri götürülməsi tələbi ilə etiraz aksiyaları keçirirlər.

Avropa İttifaqı, ABŞ, BMT, NATO, Avropa Şurası və ayrı-ayrı Qərb dövlətlərinin rəhbərləri Gürcüstanı “xarici agentlər” adlanan qanunu qəbul etməməyə çağırıblar.

Gürcüstan hakimiyyəti Qərbin tənqidini anlaşılmaz adlandıraraq, ABŞ, İsrail və Avstraliyada artıq xaricdən maliyyələşmənin şəffaflığı ilə bağlı qanunların olduğunu və belə qanun layihələrinin Avropa İttifaqı, eləcə də Fransada nəzərdən keçirildiyini vurğulayır.

Qadir, Bizimtol.info

Son xəbərlər
Bütün xəbərlər »