Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bazar" kitabının qara üzü: "Türkiyə türkcəsindən tərcümə edilən kitabların çoxu “pirat” olur"
"Bazar" kitabının qara üzü: "Türkiyə türkcəsindən tərcümə edilən kitabların çoxu “pirat” olur"

Bir müddət əvvəl Azərbaycana səfər edən Türkiyəli geoloq, alim Cəlal Şəngör Azərbaycanda kitabların tərcümə edilərkən təhrif edildiyini və düzgün şəkildə tərcümə edilmədiyini dilə gətirib. Azərbaycan mətbuatına açıqlamasında Şəngör bildirib ki, tərcümələrdə saxtakarlıq edilir.

“Mənim “Hasan Ali Yücel və Türk aydınlanması” kitabımı Azərbaycan türkcəsinə tərcümə ediblər, bütün qaynaqlarını və fotolarını çıxarıblar. Baxdıq ki, indi bu kitabı oxuyan mənim kitabımı oxuduğunu düşünür. Amma elə deyil. Mən Türkiyədə də bunun çox nümunəsini gördüm”-deyən Şəngör təəssüflə qeyd edib ki, Türkiyədə də tərcümələr zamanı bu baş verir.

Şəngör oxuculara tövsiyyə edərək qeyd edib ki, “bir tərcüməni oxuyacağın zaman hər şeydən əvvəl, dili bilsən də, bilməsən də orijinalını da yanına qoyub baxmalısan ki, orijinala bənzəyirmi, bənzəmirmi?”

“Məsələn mənim “Hasan Ali Yücel” kitabımın orjinalı 1-1,5 sm qalınlığındadır, buradakı 0,5 sm qalınlığında. Və içindəki hərflər daha böyükdür. Necə ola bilər axı? Türkiyədə də “İyi gün” Yayınları ilə Fərid Namiq Xansoyun tərcümələrini müqayisə edirsən. O, daha düzgün tərcümə edib. Ondan sonra orjinalına baxırsan, görürsən ki, orijinal daha da gözəldir”.

Türkiyəli tarixçi-yazar İlber Ortyalı qeyd edib ki, Türkiyənin sevimli tərcüməçilərindən olan Həsən Əli Edizin tərcümələrindən bir “Anna Karanina” oxumaq olar. Amma Turgenyev ola bilməz. Çünki Ediz kənd təsərrüfatını və botanikanı bilmir. Tərcüməçi bir sahəni bilmədiyi zaman ya həmin yerlərin üzərindən keçər, ya da, səhv tərcümə edər. Bu da böyük bir təhlükədir.

“İlberin işarə etdiyini biz daha çox elmi kitablarda görürəm. Məsələn, mən geologiya ilə bağlı tərcümələrə baxıram. Çoxsaylı səhv tapa bilirəm. Bunlara çox diqqət emək lazımdır. Coğrafi adlar, şəxs adları səhv verilir”-deyə Şəngör qeyd edib.

Azərbaycanlı naşir - “Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hazırda Cəlal Şəngör və İlber Ortaylı kitablarının tərcümə edilməsi istiqamətində iş gedir. Naşir bildirib ki, Türkcədən tərcümədə müəyyən çətinliklər müşahidə edilir.

“Məsələn “konut” sözü bizdə bir tərcümədə “qonaq” kimi getmişdi. Amma “konut” bir mənzil, bir ev deməkdir. Yəni bəzən elə sözlər olur ki, biz həm başa düşürük, həm də başa düşmürük. Yəni türkcədən tərcümədə səhvlər olur. Daha diqqətli olmaq lazımdır”-deyən naşir hesab edir ki, bu səhvlər bilərəkdən buraxılan səhvlər deyil.

Şahbaz Xuduoğlu həmçinin vurğulayıb ki, Azərbaycanda Türkcədən tərcümə edilən kitabların çoxu “pirat” olur. Bütün Türk ədəbiyyatının Azərbaycanda pirat nüsxələri satılır.

“Keçidlərdə, “28 may” vağzalında, Sədərək bazarında satılır. Bir də görürüsən ki, kimsə məşhur olur. Kimlərsə dərhal onun kitabını götürüb tərcümə edir, icazə belə almadan bazara buraxır. Xüsusi işbazlar var. Və yaxud Türkiyədə çıxan kitabın nüsxəsini çıxarıb, icazəsiz satırlar”-deyən Ş. Xuduoğlu bildirib ki, bu məsələnin qarşısını hərhansı bir üsulla almaq lazımdır. Buna yol vermək olmaz.

Naşir hesab edir ki, onların-naşirlərin adı nəşr etmədikləri kitablara görə, bədnam olur.

“Biz buraxmadığımız, nəşr etmədiyimiz kitablara görə söz götürməli oluruq. Keyfiyyətsiz üsulla çap edirlər. Peşəkarların əlindən çıxmayan tərcümələr edib, bazara buraxırlar. Sonra ona görə, sosial şəbəkələrdə bizi ittiham edirlər. Paylaşırlar, məni də etiketləyirlər. Bəzən olur ki, “Qanun”-un da adını yazırlar. Kitab bazarında biabırçı bir vəziyyət var. Biz "piratlarla" necə mübarizə aparacağımızı bilmirik. Necə edək ki, onlar bizim kitabları bu vəziyyətə salmasınlar? Bilmirik!”-deyə naşir əlavə edib.

P.S. Sözün əsl mənasında, Azərbaycanda əksər sahələrdə "qurunun oduna yaş da yanır". Bunun qarşısını almaq da müşkül məsələyə çevrilib. Niyə axı Azərbaycanda görülən tərcümə işinə dırnaqarası yanaşılmalı və saxta adlandırılmalıdır? Bəlkə bu sahə ilə də ciddi məşğul olmağın zamanı gəlib çatıb?

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »