Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Axşamlar qida qəbul etmək çəki artımına səbəb olurmu...
Axşamlar qida qəbul etmək çəki artımına səbəb olurmu...

Axşamlar gündüzlərə nisbətən daha çox aclıq hissi çəkən insanların bir çoxunun “gecə yeməyi”nə üstünlük vermələri bir çox dietoloqlar tərəfindən zərərli vərdiş kimi şərh edilir və bunun insanlarda artıq çəki xəstəliyinə, yəni obezliyə gətirib çıxardığı bildirilir. Pəhriz saxlayan insanların axşam yeməyindən imtina etdikləri və xüsusilə səhər və günorta yeməklərinə üstünlük verib, daha az kalori qəbul etməklə, daha tez çəki atacaqlarını düşünmələri bir reallıqdır və bu üsulla artıq çəkidən xilas olduğunu bildirən kifayət qədər insan var. Ancaq araşdırmalar göstərir ki, xüsusilə axşam yeməyindən imtina edənlərin bir çoxu müəyyən çəkilərdən azad olsa da, onlar çox qısa bir müddətdə yenidən eyni çəkini alırlar və bunun əsas səbəbi axşam yeməyindən imtina edildiyinə görə bədənin enerji balansının, yəni qəbul edilən kalorilərlə bədənin özünü nizamsız qidalandırması ilə əlaqələndirilir.

Yaponiyada 17.000 insanın sağlamlıq qeydləri üzərində aparılan araşdırmaya görə, şam yeməyini buraxmaq piylənməyə gətirib çıxarır. Üç illik nəticələrin araşdırıldığı çalışmada axşam yeməyindən imtina edən insanların daha çox kökəldiyi müşahidə edilib.

“İndependent”-in “Multidisciplinary Digital Publishing Institute” da dərc olunan araşdırma xəbərinə görə, axşam yeməyi yeməməyin çəki artımına səbəb olduğu bildirilir. Osaka Universitetinin tədqiqatçıları 18 və daha yuxarı yaşda olan 17573 kişi və 8860 qız tələbənin sağlamlıq qeydlərini araşdırıblar.

Araşdırmalar nəticəsində kişilərin 10,8 faizində, qadınların isə 17,1 faizində kökəlmənin əsas səbəbinin axşam yeməyi yemədikləri olduğu müəyyən edilib. Eyni zamanda məlum olub ki, çəki alan kişi və qadın iştirakçıların əhəmiyyətli bir hissəsi müntəzəm axşam yeməyi yeyənlərə nisbətən, daha az yatıb, içki qəbul edib,siqaret çəkib, digər normal yeməklərdən isə daha tez imtina ediblər.

Tədqiqat boyu kökəlmiş kişilərin kökəlməyənlərə nisbətən daha gec yemək yediyi də aşkarlanıb. Çəki alan qadınlarda isə belə vəziyyətə rast gəlinməyib. Hər iki cinsin 10 faiz və ya daha çox çəki artımı ilə tədqiq edildiyi halda, onların vəziyyəti artıq çəki - yəni piylənmə ilə əlaqələndirilib.

Digər tərəfdən, elm adamları axşam yeməyi yeməməyin niyə çəki artımına səbəb olduğunu hələ tam anlaya bilmirlər. Tədqiqatçılar bu iki vəziyyət arasındakı əlaqənin qeyri-müntəzəm qidalanma ilə baş verə biləcək "artıq enerji qəbulu" ilə əlaqəli ola biləcəyi ehtimalını nəzərdən keçirirlər. Həmçinin, axşamlar ani yaranan aclıq hissi gündüz vaxtı yetərincə qida qəbul edilməməsi və ya qəbul edilən qidalarda sağlam karbohidratların və proteinlərin olmaması ilə əlaqələndirilib.

Başqa sözlə, axşam yeməyindən imtina etmək aclıq hissini artıra bilər. Bu, insanın adi haldan çox yeməsinə səbəb olur.

Araşdırmaların yekun nəticəsi göstərir ki, səhər yeməyinin vaxtında qəbul edilməsi ilə yanaşı, axşam yeməyinin də normasında və vaxtında qəbul edilməsi piylənmənin qarşısını alan mühüm həyat tərzi faktorlarından biridir.

Yeri gəlmişkən, onu da qeyd edək ki,  həkimlər gecə gec saatlarda yaranan ani aclıq hissinin və buna təslim olub, həmin saatlarda balanssız qidalanmağın ciddi xəstəliklərə və eyni zamanda çəki artımına səbəb ola biləcəyini qeyd edirlər. Araşdırmalar göstərir ki, insan orqanizmi, xüsusilə metabolizm gecə saatlarında gündüzə nisbətən daha yavaş çalışdığına görə, qəbul edilən qidaların həzmi getdikcə yavaşlayır və orqanizm yığılan karbohidratı enerji kimi istifadə edə bilmədiyindən yağ olaraq bədəndə depolayır.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »