Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur fotoqraf Reza Diqqəti Vətən Müharibəsinə həsr etdiyi yeni layihəsini təqdim edib
Məşhur fotoqraf Reza Diqqəti Vətən Müharibəsinə həsr etdiyi yeni layihəsini təqdim edib

Məşhur fotoqraf Reza Diqqəti 44 günlük Vətən Müharibəsinə həsr etdiyi yeni layihəsini təqdim edib. Layihə çərçivəsində hər gün Qarabağla bağlı həqiqətləri çatdırmaq üçün yeni videoçarx paylaşılıb.

Bizimyol.info xəbər verir ki, layihə “Foto Diqqət” adlı layihəyə başlayıb. Layihə çərçivəsində 44 gün ərzində Reza Diqqəti Qarabağda çəkdiyi fotolar haqqında hekayələrini danışır, həmçinin onun çəkdiyi şəkillər video formatında instaqram səhifəsində təqdim edilir. Xatırladaq ki, videolar ATV telekanalının dəstəyi ilə hazırlanıb.

Fotolardan biri 1992-ci ildə Şuşada çəkilib. Videoda foto haqqında məlumatı fotoqraf özü verir:

“1992-ci il. Şuşa yolu. İnsanlar dədə-baba yurdunu tərk etmək istəmirlər. Ümidlər tükənməyib. Azərbaycan əsgərlərinin silahları zəifdir. Hətta hərbi geyimdən də görünür ki, orduda pərakəndəlik var. Üzüdik yoxuşa, Şuşaya tərəf gedirlər. Bu foto yolların kəsişmə nöqtəsində çəkilib. Qocanın da, cavanın da, gedənin də, gələnin də taleyi hələ də sual altındadır”.

Digər video isə, 1992-ci il Xocalı faciəsinə həsr edilib. Müəllif həmin faciəni belə xatırlayır: “1992-ci il. Ermənilərin Xocalıda törətdikləri soyqırımından bir neçə gün keçir. Ağdam məscidinin ətrafı adamla dolu idi. Hərə öz doğmasını meyidlərin içərisindən axtarıb tapmağa çalışırdı. Bu dəhşətli mənzərənin içində gözüm bir nəfərə sataşdı. Xan nənəmə oxşayırdı. Oğlunu və ərini axtarırdı. Az qala havalanan qız-gəlinlərə təsəlli verirdi. Təmkinli idi. Özünü sındırmırdı. Xəbər gəldi ki, yeni meyidlər gəlib. Bir də baxdım ki, Xan nənəm morqdan çıxdı. Elə bil dünya başına yıxılmışdı. Gördüm, hövlnak kimisə axtarır. Məni görən kimi qışqırdı: “Oğlum, gəl, tapdım, tapdım”,- dedi. Ərini və oğlunu tapmışdı. “Tapdım, amma gözləri yoxdur”,- dedi.

Bu cür fotoları çəkən an həmişə fikirləşirəm ki, daha mən mən deyiləm. Xan nənəmin sözüyəm, harayıyam. Bu insanlar dərdlərini mənə əmanət edib, gərək onların səsini dünyaya çatdıram. 30 ildir ki, bütün sərgilərimdə bu əsəri birinci asıram. Xocalıda soyqırımı törədənlərin əbədi damğası, o dəhşətli faciənin tarixdə qalan şəkilidir bu…”

Qeyd edək ki, layihə 44 gün davam edəcək.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »