Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dizaynın gücünü göstərən yaradıcılıq bayramı "Bakı Dizayn Festivalı" uğurla başa çatdı
Dizaynın gücünü göstərən yaradıcılıq bayramı "Bakı Dizayn Festivalı" uğurla başa çatdı

"Bakı Dizayn Festivalının əsas məqsədi iştirakçıların fikir və təcrübə mübadiləsinə nail olmaq və öz dizayn işlərini nümayiş etdirməkdir. Bakı Dizayn Festivalı (BDF) dizaynın gücünü göstərən yaradıcılıq bayramıdır"

Bizimyol.info festivalın rəsmi media tərəfdaşı olaraq xəbər verir ki, dünən - 24 sentyabr tarixində dizayn sahəsinə maraq göstərən və bu sahədə çalışanların həyəcanla gözlədiyi “Bakı Dizayn Festivalı” keçirildi. Tədbir Vətən uğrunda canından keçən şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edildi, ardınca Azərbaycan Respublikasının Milli Himni səsləndirildi. Festivalın aparıcısı Fəridə Abdulla tədirin belə bir dövrdə əhəmiyyətindən söz açaraq, Hüseyn Cavidin misralarını xatırlatdı:

“Turana qılıncdan daha kəskin, ulu qüvvət,

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət”

Daha sonra tədbirin təşkilatçılarına söz verildi. Bakı Dizayn Festivalının təşkilatçısı olan Rəsul Həsən qeyd etdi ki, Bakı Dizayn Festivalı bu sahə üzrə keçirilən ilk festivaldır.

“Bundan əvvəl biz 2015-ci ildən etibarən müxtəlif dizayn forumları keçirmişik. Bu, ilk festival olduğu üçün böyük yükün altına girməyərək, bir günlük olmasına qərar verdik. Amma gələn il həftəlik formatda festival keçirməyi planlaşdırırıq. Çünku demək olar ki, dünyada festivallar həftəlik formata keçib. Şəhərin müxtəlif ərazilərində, açıq parklarda, ictmai məkanlarda ölkənin yaradıcı şəxslrinin müxtəlif sənət adamları, dizaynerlər, heykəltaraşlar əsərləri nümayiş etdirilir. Çünki dizayn işinin formalaşamasında dizaynerlərdən daha çox heykəltaraşlar, memarlar, proqramistlər, mühəndislər və rəssamların böyük rolü olub. Bu səbəbdən də ilk festivalda rəssamlara, heykəltəraşlara geniş yer verilib. Onlar bundan sonra da festivallarımızın bir parçası olacaqlar” - deyə Rəsul Həsən qeyd edib. Ardınca festivalın digər təşkilatçısı Ziya Süleymanzadəyə söz verilib. O, bildirib ki, onları gücləndirən peşəkarlıq ola bilər:

“Öz sahəmizdə daha güclü və daha peşəkar olacağımıza inanıram”.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəhbəri Rüfət Mahmud, Azərbaycan Reklamçılar İttifaqı İctimai Birliyinin nümayəndəsi və Yelload reklam agentliyinin təsisçisi Namiq Bayramov çıxış edərək, fikirlərini iştirakçılarla bölüşdü.

Festival çərçivəsində “Art Zona” haqqında kurator Ramilə Şamilova iştirakçıları məlumatlandırdı və festivaldakı əsərlərdə əməyi olan gənc rəssamları səhnəyə dəvət etdi. Rəssamlardan Aynurə Mustafayeva, Nigar Niyazova, Anar Şəmsiyev, Orxan Qarayev, İlkin, Zöhrab, Nigar Xəlilsoy, Həbibə və digər rəssamlar səhnəyə tamaşaçıların qarşısına çıxdılar.

“Festivalımıza gələn rəssamlar yalnız ölkəmizdə deyil, ölkəmizin hüdudlarından kənarda da bizi təmsil edirlər. Onların əsərləri sərgilərdə və şəxsi kolleksiyalarda saxlanılır. Ümid ediəm ki, bizim ölkəmizdə də şəxsi kolleksiyalarda əsərlərə böyük yer verilər. Çünki orijinal rəsm əsəri bizi, özümüzü tərənnüm edir. Çünki bu, insanın daxili zənginliyindən xəbər verir” - deyə kurator qeyd etdi.

Festivalda iştirak edən qazi dizaynerlər - Ağasoltan Soltanov, Elçin Mahmudzadə, Fərid Seyidbəyli, Şəhriyar Xasıyev, Rauf Əlizadə, Adil İsayev, Süleyman Vəliyev, Toğrul Rəcəb və digər rəssamlar səhnəyə dəvət olundu. Gənc rəssam Süleyman Vəliyev çıxış edərək festival təşkilatçılarına təşəkkür edib. ABAD-ın məsul nümayəndəsi Ləman Əhmədova, festivalda iştirak edən qazi dizaynerlərə hədiyyələr və təşəkkürnamələr təqdim etdi.

Festivalın təşkilatçısı Rəsul Həsən bildirdi ki, festivallar Azərbaycanın yaradıcı nümayəndələrinə həsr olunacaq. Bu ilki festival isə, Əzim Əzimzadəyə həsr edilib. Festival təşkilatçısı hesab edir ki, Ə.Əzimzadə bir çoxları üçün motivasiya mənbəyi ola bilər.

“Əzim Əzimzadə, 142 il əvvəl 1880-ci ildə Novxanıda anadan olub. Onun çox çətin bir həyat yolu olub. Atası daşyonan, anası isə evdar qadın olub. Əzim Əzimzadə, ailədə 5 uşaqdan biri olub və elə bircə o sağ qalıb. Uşaq yaşlarında mollaxanaya göndərilsə də, balaca Əzim mollaxananı sevmirdi. Rəsmə maraqlı olan Əzim rəsamlıqla məşğul olmaq istəyirdi. O, mollaxananı bitirdikdən sonra fəhlə, kuryer və s. işlərdə çalışıb. Kuryer işində çalışan zaman rus rəssamla tanış olur. Və onun yanında rəssamlığın xırdalıqlarını öyrənməyə çalışıb.

Mənə elə gəlir ki, bu gün sıxıntıları, çətinlikləri olan rəssamlar Əzim Əzimzadədən nümunə götürə bilərlər. O, Azərbaycanda rəssamlıq məktəbinin banisidir. 1906-c ildə “Molla Nəsrəddin” jurnalındakı karikaturasında Azərbaycanın satirik qrafikasının əsasını qoyub. Bilirsiniz ki, onun qurduğu məktəb sayəsində Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Arif Hüseynov və Ziyadxan Əliyev kimi rəssamlar yetişib. O məktəbin yetişdirdiyi rəssam Ziyadxan Əliyev, Əzim Əzimzadənin 100 illiyinə bir kitab həsr edib. Bu yaxınlarda çapdan çıxacaq” - deyə Rəsul Həsən qeyd etdi. Onun ardınca kitabın yazarı Ziyadxan Əliyev də “Əzimzadə Məktəbinin Ensiklopediyası” kitabı haqqında məlumat verib.

Sonra Fontlar.info layihəsinin rəhbəri Elnur Mehdi gələn qonaqlara öz layihəsi haqqında ümumi məlumat verdi və Rəsul Həsəni ad günü münasibəti ilə təbrik etdi.

Xalq rəssamı Arif Hüseynov isə, çıxışı zamanı bildirdi ki, festivalda müxtəlif sahələrdən sənət adamları və yaradıcı işlər var, amma onun diqqətini daha çox kitab dizaynerləri çəkib:

“Baxıb çox sevinirəm. Oktyabrın 5-də “Azərbaycan kitab sənayesi sərgisi” olacaq. Xahiş edirəm ki, kitab dizaynerləri o sərgidə iştirak etsinlər”.

Arif Hüseynov tədbirə dəstəyinə görə, Yelo Bank-a da öz təşəkkürünü bildirdi:

“Ümid edirəm ki, Yelo Bank gələcəkdə sənətə, yaradıcılığa verdiyi dəstəyi daha da genişləndirəcək”.

Daha sonra fotoqraf Raj Steven "Danışan vizualın effektivliyi" mövzusunda öz fikirlərini bildirdi:

“Bu gün burada olanların hamısı incəsənət adamıdır. Mənim fikrimcə, incəsənət dünyanı quran və onu ayaqda saxlayan yeganə məhfumdur.

O gün bir mənzərə görmüşəm, dənizkənarı Milli Parkda kaktusların üzərində yazı yazıblar. Bir dostum dedi ki, “Bunu yazan, kaktusa zərər verən bizim millət ola bilməz”. Dedim, “səhv bilirsən. Bizimkilər cızma-qara etməyi mağara dövründən bəri ediblər. Yəni hamı gördüyü vizuallığı hardasa əks etdirməyə çalışır. Biz beləyik, dəyişəcək heç nə yoxdur”.

Məsələn, bayramlarımızda "mütləq" nəyinsə başına Novruz papağı geydirilməlidir. Bəlkə də bu, bizim milli kimliyimizdən irəli gəlir. Amma mən məsələyə başqa cür yanaşıram.

Mən bu gün vurğunu yaradıcılıq hissəsinə vurmaq istəyirəm. Bizimkilər çox yaradıcıdır. Bu gün mən əminəm ki, azərbaycanlı bir dizayneri bir şirkətə işə götürün. Bilirəm ki, o, öz işinin öhdəsindən daha yaxşı gələcək. Bizimkilər sanki özünü göstərməyə çəkinir. Nizamninin və Füzulinin əsərlərindən ssenarilər yazmaq, Koroğlu haqqında filmlər çəkmək olar. Biz, tarix və incəsənət baxımndan çox zənginik.

Mən fotoqrafam və 21 ildir ki, fotoqrafiya ilə məşğulam. Bu sahə Azərbaycanda yeni olsa da, toxunulası o qədər mövzu var ki. Bu gün Azərbaycanın rəngləri ilə bağlı şəkil yoxdur. Çünki qınamıram, biznes tərəfini daha çox fikirləşirik. Yaradıcı insanla standart insan arasında bir fərq var. Yaradıcının yaratması üçün maddiyyat lazım deyil. Mən xaricdə təhsil aldım, sonra getdim İran İslam Respublikasında müxtəlif xalqların etnoqrafiyasını çəkməyə. Orada bir şeyi başa düşdüm. İranda o qədər gözəl sənətkarlar var ki. Mən o zaman başa düşdüm ki, 4 il boşu boşuna oxumuşam. Məsələn, adamın maddi durumu heç yaxşı deyil. Amma o yoxluqda çox gözəl şeylər düşünə bilir.

Hər kəs tənqidi fikirlərə açıq olmalı və hər kəs gözlərini məşq etdirməlidir. Biz isə, ümumiyyətlə boğazdan yuxarını məşq etdirməyi xoşlamırıq. Biz bunu etsək, daha çox təkmilləşərik. Mən gündə 2 saat göz məşqi edirəm. Gəzirəm, şəkilllərə baxıram. Gözümün zövqü formalaşır. Dizayn da belədir. Ən gözəl satılan şey dizayndır. Biz nə qədər sata bilirik? Bu, bizim necə təqdim etməyimizdən asılıdır”.

Yelo Bank-ın Marketinq direktoru Tofiq Ağayev çıxışı zamanı qeyd etdi ki, bank Azərbaycandakı müştərilərdə bank şablonundan kənara çıxmaq qərarı verib.

“Əvvəllər müştərilər fikirləşirdilər ki, əgər banka getməlidirlərsə, mütləq filiala yaxınlaşmalı, çoxlu sənədləşmələr olmalı və uzun növbələrdə gözləməlidir. Biz bu 3 il müddətində müəyyən məhsul və xidmətlərimizi rəqəmsallaşdırmışıq. Hesabın açılması, istehlak krediti, kart və s. xidmətləri mobil tətbiqdən almaq mümkündür.

Bizim rəngimiz və adımız sarıdır. Sarı isə, ümumiyyətlə pozitiv və isti rəngdir. Bu festival çərçivəsində qərar verdik ki, müsabiqə təşkil edək və sarının insanların həyatına müsbət təsirlərini öyrənək. İki həftə ərzində çox maraqlı işlər göndərildi. Düzdür, seçim etmək çox çətin idi. Yenə də çalışdıq ki, göndərilən işləri ədalətli şəkildə həm ideya, həm də dizayn baxımından dəyərləndirək”.

Qeyd edək ki, Yelo Bank-ın müsabiqəsində birinci yerin qalibi Fatma Sofiyeva, ikinci yerin qalibi Sara Qədimova və üçüncü yerin qalibi İbrahim Məmmədli olub.

Sonra McCann Baku reklam agentliyinin kreativ direktoru və keçmiş “Dəyirman” qrupunun solisti ABD Malikə söz verildi.

“1998-ci ildən bu günə qədər mən reklam sahəsində çalışıram. Bir çox agentliklərdə işləmişəm. Dizayner, art direktor, kreativ direktor və s. vəzifələrdə çalışdığım üçün bu mətbəxi çox yaxşı bilirəm. Bu dizayn biliklərimin starsaptımda çox böyük rolu olub. Halhazırda istehsalçıyam. İlk dəfə olaraq parfümeriya brendi yaradmışam. Bütün dizaynları özüm öz istədiyim kimi etmişəm. Hər şey bizdən qabaq var, biz sadəcə yenilikləri gətirdik. Brend, fəaliyyət göstərir. Artıq 5 illiyimiz olur. Bu, bizim üçün böyük bir nailiyyətdir” - deyən kreativ direktor bildirdi ki, hər yerdə bir dizaynerin əsəri var. O, qeyd etdi ki, dizayn Qobustandan başlayıb və bu günə qədər davam edir.

“Dizayn heç vaxt bitməyəcək. Hər zaman olacaq. Nə qədər dünyada insan var, dizayn olacaq. Çünki ilk dizaynerimiz, Allahdır. Hər şeyi yaradan odur. Heç kimə heç nə öyrətmək istəmirəm. Çünki insanlar heç nə öyrənmək istəmirlər. Amma təcrübəmi bölüşə bilərəm. Əgər siz dizaynersinizsə, sizin böyük imkanlarınız var. Tək kompyuterlərdə qalmayın. Öz startaplarınızı başladın. Sizin əlinizdə güclü bir silah var. Bu silahdan istifadə edin” - deyə ABD Malik əlavə etdi.

Daha sonra Endorphin reklam şirkətinin rəhbəri Orxan Kərimov “Müasir dünyada effektiv reklam” mövzusu ilə çıxış etdi:

“Gəlin, 70-ci illərə qayıdaq. Həmin dövrlərdə insanlar reklamları TV, jurnal, qəzet və bilbordlarda görürdü. Həmin dövrlərdə insanlar gündə 500-1600 reklama məruz qalırdı. 2007-ci ilə aid statistikaya görə, orta hesabla bir insan gündə 5000 reklama məruz qalır. Bu araşdırma, 4110 min arasında aparılmış bir araşdırmadır. Bu gün isə, insan hər yerdə reklama məruz qalır. İnternet dövrü olduğu üçün bir insna gün ərzində 6000-10000 arası reklam görür. Bannerlər, videolar, sosial mediada qarşımıza çıxan reklamlar, elektron poçt qutularında qarşımıza çıxan reklamlar və s. Bu, 70-ci illərdən sonra gördüyümüz reklamlardır. Olduqca qorxulu durumdur. Çünki bu, o deməkdir ki, biz gələcəkdə daha çox reklama məruz qalacağıq”.

Orxan Kərimov qeyd etdi ki, qorxulu olan nüans reklamları görmək deyil. Onalrın 89 faizini onsuz da unuduruq.

“4 faiz reklamı müsbət, 7 faiz reklam neqativ xatırlanır. Bu statistika dünyanın ən çox reklama vəsait xərclədiyi bir ölkənin Birləşmiş Krallığın nəticəsidir. İldə 20 milyard funt strelinq reklama pul xərclənir. Bizim reklam bazarımız onun yanında çox kiçikdir. Bu məsələ, çox önəmlidir. Şirkət rəhbərləri çox istəyir ki, reklamları 4 faizin içində olsun, xatırlansın.

Təkliflər və ideya irəli sürüldüyü zaman hər zaman düşünürəm ki, göstərilən fikir nə qədər qarışıqdırsa və nə qədər mürəkkəbdirsə, elə o qədər uğurlu deyil. Dahi Eynşteyn deyirdi ki, “əgər siz fikrinizi 11 yaşlı uşağa başa sala bilmirsinizsə, deməli heç özünüz də başa düşmürsünüz”. Viral olmaq üçün çox güclü bir strategiya lazımdır. O ideya nə qədər sadədirsə, bir o qədər viral ola bilir. Biz fikirlərimiz üzərində işləyən zaman güclü bir empatiyaya əsaslanmalıyıq. İçərisində olduğumuz cəmiyyəti başa düşməliyik. Ola bilər ki, sizin yaratdığınız bir fikir kiçik hədəf kütlənizdə bəyənilə bilər, amma markanın hədəf kütləsinə o mesajı çatdırmaya bilər. Burada empatiya formalaşırsa, markanın hədəf kütləsini, vermək istədiyi mesajı və siz onu nə qədər dərin bilirsinizə, yaratdığınız o fikri tapın. İki cümləni düzgün birləşdirdiyiniz zaman və güclü bir sloqana sahib olduğuuz zaman bütün bu kampaniya onun arxasınca gələcək. Bu ideya tapıldısa, istənilən nəticəni verir” - deyə Kərimov əlavə etdi.

Sonda “FCB Art Group”-un direktoru Ersel Sərdarlı “Kreativ olmaq şərtdir?” adlı mövzuda çıxış etdi. O, reklamın tarixindən danışdı və qardaş Türkiyədə hazırlanmış reklamlarla bağlı nümunələr göstərdi. Ersel Sərdarlı gələcəyin reklamçılarına da öz dəyərli tövsiyyələrini verdi.

Festival çərçivəsində "öz dizaynım, öz noutbuk altlığım" müsabiqəsinin qalibi Nərmin Mahmudun seçildiyi qeyd olundu. Ən sonda təşkilatçı Rəsul Həsən festivalda iştirak edən spikerlərə, iştirakçılara və festivalın sponsoru Yelo Bank-a öz minnətdarlığını bölüşdü və gələn il keçirilməsi planlanan festivalda da bankı yenidən sponsor olaraq görməyi ümid etdiyini bankın nümayəndəsinə bildirdi. Möhtəşəm festival iştirakçıların və qonaqların alqış sədaları altında yekunlaşdı.

Qeyd edək ki, Bizimyol.info xəbər portalı "Bakı Dizayn Festivalı" tədbirinin rəsmi media tərəfdaşıdır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »