Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu dünyadan bir Nazım Hikmət keçdi... - Gülhanə parkında unudulmayan xatirə
Bu dünyadan bir Nazım Hikmət keçdi... - Gülhanə parkında unudulmayan xatirə

Gülhanə parkı ilə addımlayıram. Böyük-böyük ceviz ağacları yaşıllıqlar… Hər dəfə bu parka yolum düşəndə Nazim Hikmətin misraları gəlir ağlıma. Və hətta Gülhanə parkını Nazim Hikmətin şeiri ilə sevmişəm desəm, yalan olmaz…

“Ben bir ceviz ağacıyım, Gülhane parkında,

Ne sen bunun farkındasın, ne polis farkında”…

Çox qəribə hekayəsi var Nazim Hikmətin bu şeirinin. Deyilənə görə, Nazim Hikmət axtarışda olduğu zaman sevgilisi ilə Gülhanə parkında ceviz ağacının altında görüş təyin edir. Sevgilisini gözləyən şair polisin yaxınlaşdığını görüb, ağaca çıxır. Sevdiyi qız da gəlir. Amma polis getmək bilmir. Qız isə, gözləməkdə davam edir. Bu zaman Nazim Hikmət bu misraları qələmə alır…

Nə qəribə sevgi imiş, nə qəribə tale… Ancaq bəzi iddialara görə, Nazim Hikmət bu şeiri 1957-ci ildə Bolqarıstanda qələmə alıb. Şairin başı bəlalı olduğu kimi, qəəmə aldığı əsərləri də hər zaman başı bəlalı olub. Hamı Nazim Hikməti daha çox sevgi şairi kimi tanıyır. Şeirləri lakonik və o qədər anlamlıdır ki…  Elə buna görə də, şeirləri 50-dən çox dilə tərcümə edilib. Yəni bu gün dünyanın müxtəlif ölkələrində Nazim Hikmət və şeirləri tanınır, sevə-sevə oxunur.

Şair, kommunist siyasi düşüncələrinə görə, dəfələrlə hıbs edilmiş və ömrünün böyük bir hissəsini həbsdə keçirmişdir. Hətta 1951-ci ildə Türkiyədən getdikdən sonra Türkiyə Cümhuriyyəti vətəndaşlığından da çıxarılmışdı. Həyatının 12 ilini həsdə keçirən şair, 11 müxtəlif cinayət işi ilə ittiham edilirdi. İmzasına qadağa qoyulan illərdə o, Orhan Selim, Ahmet Oğuz, Mümtaz Osman, Ercüment Er və s. imzalarla yazıb yaratmışdır. Bu gün isə, ömrü sürgünlərdə keçən şairin anım günüdür. O, 1963-cü ildə iyunun 3-də Moskvada ürək tutmasından dünyasını dəyişib. Şairin məzar daşı məhşur şeirlərindən olan “Küləyə qarşı gedən adam” fiquru qara qranitdən hazırlanmışdı. Və Nazim Hikmət deyirdi:

“Seviyorum seni

ekmeği tuza banıp yer gibi

Geceleyin ateşler içinde uyanarak

ağzımı dayayıp musluğa su içer gibi”...

Bəlkə də siyasi görüşü, həyatını bu qədər keşməkeşli etməsəydi, bütün dünya Nazim Hikmət deyə bilməzdi. İmzasına qadağalar qoyulan, təhqirlərə, böhtanlara məruz qalan, daim təqib edilən bir dahi idi əslində sevgi şairi…

Dahi olmaq üçün həyatın sınaqlarından keçməyi bacarmalısan. Məncə Nazim Hikmət bunu bacardı. Hələ uzun illər gələn nəsillər Nazim Hikmət deyəcək, hələ uzun illər Gülhanə parkında addımlayanlar onun şeirini pıçıldayacaq. Dahilər ölmür ki....

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »