Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İdmanımızın “Tokio qəzası” və fiaskonun cəzası
İdmanımızın “Tokio qəzası” və fiaskonun cəzası

Məşhur aktyor Ağasadıq Gəraybəylinin artıq yaşlı vaxtlarıymış. Bir gün Dram Teatrına işə gəlir. Ondan hal-əhval tutan gənc həmkarı Əlabbas Qədirova səhhətindən şikayətlənir:

- Başın haqqı, bu gecə az qala ölmüşdüm; gedib o dünyanı görüb gəldim.

- Düz eləmisiniz, Ağasadıq müəllim, adama elə gəzmək qalacaq.

Biz də Tokionu gedib gəzdik gəldik; qızıl medal olmasa da, olar. Adama elə gəzmək qalır... Kulturist ola bilmirik, barı “kul”suz turist olaq.

İdman federasiyalarımız yəqin ki, bu fkirdədir. Həm də bizim idman məmurlarımız Olimpiya fəlsəfəsinin dərinliklərinə, axır ki, baş vurub; qələbə olmasa da olar, iştirak etməkdir. Baş vurmaq demişkən, yapon hovuzlarının dərinliklərinə baş vurmuş üzgüçülərimizin bu gəzintisindən salamat çıxması özü bir Olimpiya rekorduna bərabərdir. Təki salamatlıq olsun, gerisi təfərrüat.

Tokio Olimpiadasındakı “medal fiasko”muzdan çox yazılıb. Səbəbləri haqqında danışanlar iki məsələdə mübahisə edirlər; kimisi deyir, pandemiya və müharibə təsir etdi, kimisi deyir, bir o qədər də yox. Ancaq fakt faktlığında qalır; pandemiya da, müharibə də dövlətin, cəmiyyətin bütün diqqətini, resurslarını özünə çəkdi. Çox demirəm, iki il bundan qabaq kimə desəydin ki, polis küçədə post qurub bizi infeksiyadan qoruyacaq, ən yaxşı halda təəccüblənərdi. Üstəlik, o polisin bizi elə bizim özümüzdən qoruduğunu desəydin...

Bəli, pandemiyada idman salonları bağlı qaldı. Bunun özü də zaman-zaman mübahisələndirildi; ağzınacan dolu avtobuslarda yoluxmayan əhali idman zallarında daha çoxmu yoluxacaq?! Hər halda qərar belə idi, nəticəsi də idman və idmançılar üçün pis oldu. Eyni zamanda idmandan pul qazananlardan ötrü daha pis. İdman zalları onsuz da iki devalvasiyadan və neftin ucuzlaşmasından müştəri itirmişdilər, pandemiya da lap kökündən vurdu az qala. Eləcə də, müharibə.

Bizim üçün pandemiyadan salamat, Qarabağ müharibəsindən qalib çıxmaq lazım idi. Şuşanın və daha 7 rayonumuzun işğaldan azad olunması üçün şəhidlərimizə və qazilərimizə, savaşçı gənclərimizə verilən medallar Tokioda almadığımız qızılları artıqlaması ilə əvəz etdi. Bu fikir də var.

Bəli, illər öncə futbol yarışında idmançılarımızın erməni qapısına top vurmasını böyük coşqu ilə qarşılamışdıq. O vaxt bunu biz də təqdir etmişdik və yazmışdıq ki:

“O erməni futbolunun qapısına top atdığımız kimi, Qarabağdakı erməni mövqelərinə də top atmaq lazımdır”.

Xeyli zaman keçdi, o “lazım” da gəlib çıxdı və biz işğalçı erməni mövqelərinə nəinki top atdıq, onların topasını topa qoyub atdıq. İndi işğalçı ölkənin özü futbol topuna dönüb: bölgədə və dünyada onu bir-birinin qapısına təpikləməyən qalmayıb (asist Azərbaycandan).

İşğalçını topa tutan əsgərlərimizin arasında nə qədər idmançı vardı deyə soruşsanız, statistikası bizdə yoxdur (statistika önəmli də deyil bəlkə). Ancaq kifayət qədər çox idmançı döyüşdü, şəhid olanlar da var, yaralananlar da... Bunlar bütövlükdə cəmiyyətimizə vurulan yaradır. İdman da zərər çəkdi. Bu da ayrı. Bununla belə, pandemiya və kataklizmlər şəraitində yaşayan ölkələrin idmançıları arasında xeyli “qızıl” qazananlar da oldu. Deməli, pandemiyanın və müharibənin təsirləri ilə yanaşı subyektiv amillər də var; federasiyaların başında, bizdə çox zaman idmandan uzaq adamlar dayanıb. Nazirlər, deputatlar, başqa məmur-biznesmenlər... Sadəcə bir misal: AZAL-da korrupsiyanı, bahalığı aradan qaldıra bilməyən adam Ağırlıqqaldırma Federasiyasının rəhbəridir. Siyahı uzundur. Ancaq bu Federasiya prezidentləri ilə söhbət qısa olmalıdır; bu fiaskoya görə cavab verməlidirlər. Çünki işi düz qurmayıblar ki, xiyar əyri bitib (necə deyərlər). Bu qədər resursla nəticə sıfıra yaxın. Başdakı rəqəmin yanına xeyli sayda sıfır qoyub idmana xərclənib...

Dövlət, elə biz hamımız idman federasiyalarından – idman məmurlarından hesab soruşmalıyıq. Həm də Tokioda qazanmadığımız qızıllardan çox, xərclədiyimiz qızılların hesabını. “Qara qızıl” dediyimiz neftin pullarından söhbət gedir...

“İdman ölkəsiyik” dedik, “idmanla ölkəmizi dünyada tanıdırıq, sevdiririk, reklam edirik” dedik. Ancaq bu dəfə nə etdik?! Getdik, Tokioda ölkəni antireklam etdik, gəldik. Bunun bədəli, sadəcə, elə qazanmadığımız qələbələr olaraq qalacaq, yoxsa konkret adlara konkret cəzalar da biçiləcək?! Məqsəd cəza vermək də deyil, gələn dəfə “Tokio sindromu”nu yaşamamaq önləmidir. Qarşıda qızıldan qiymətli 4 il var...

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »