Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bir pilot digər pilotun yediyi yeməkdən əsla yeməməlidir”- Azərbaycan şahini ilə müsahibə

Təyyarədən çox istifadə edən hər kəs bunu qeyd edir ki, azərbaycanlı pilotlar təyyarəni başqa ölkələrin pilotlarına nisbətən çox yumşaq endirir və qaldırırlar.

Artıq 26 ildir müstəqil Azərbaycanda öyünə biləcəyimiz bir ali məktəb var. Bu məktəbdə Azərbaycan şahinləri yetişdirilir. Milli Aviasiya Akademiyası  Azərbaycan Hava Yollarının strukturuna daxildir. Bu ali məktəb Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyun 1992-ci il tarixli qərarı ilə "Milli Aviasiya Mərkəzi" adı ilə yaradılıb. Akademiya 1999-cu ildə Dövlətlərarası Aviasiya Komitəsinin qərarı ilə "Mülki Aviasiya Ali Təhsil Müəssisəsi" sertifikatına layiq görülüb.Əgər akademiyaya 1992-1993 tədris ili üçün iki ixtisas üzrə (mühəndis-pilot və mühəndis-texnik) 80 nəfər gənc qəbul olmuşdusa, 1998-1999-cu tədris ilində 11 ixtisas üzrə 276 nəfər daxil olub. Hal-hazırda Akademiyada 2300 tələbə təhsil alır.Akademiyada 135 müəllim fəaliyyət göstərir. Onlardan 2 nəfəri akademik, 1 nəfəri EA-nın müxbir üzvü, 6 nəfəri professor, 10 nəfəri elmlər doktoru, 11 nəfəri dosent, 43 nəfəri elmlər namizədidir.

Bu günkü müsahibim Azərbaycan pilot məktəbinin layiqli təmsilçilərindən biridir. Adının çəkilməsini istəmir. Çox təəssüf ki, AZAL buna icazə vermir və belə qəribə bir qayda tətbiq edilir.

Qeyd edim ki, ümumiyyətlə Azərbaycanda dövlət müəssilərinin hər hansı birində rəsmi şəxslərdən müsahibə, açıqlama almaq böyük problemdir. Sözü burda qoyub bir haçiyə çıxmaq istəyirəm. Bir neçə ay öncə Bakı rayonlarından birinin iqtisadi inkişafı barədə elan olunmuş müsabiqəyə yazı yazmaq məqsədi ilə həmin rayonun icra hakimiyyətində oldum. Qəbul etdilər , məlumat verdilər. Amma "adımızı çəkməyin nə olar, bu sonra bizə problem yaradar" deyib israr etdilər. Halbuki yazacağım yazı tənqidi yazı da deyildi. Müəyyən standartlar əsasında hazırlanan, Bakının inkişafda olduğunu göstərən bir “ tərifnamə” olacaqdı.

15 iyun Azərbaycan qartallarının peşə bayramıydır. Bu münasibətlə onların hamısını təbrik edir, hər birinə buludsuz səma arzulayıram.

Müsahibimdən isə indiyə qədər heç kimdən eşitmədiyiniz faktlar öyrənib sizə çatdırmağa çalışacam.

- Bu doğru fikirdirmi ki, bizim pilotların idarə etdiyi təyyarələr çox rahat eniş edir?

- Ümumiyyətlə bir pilota iltifat etmək üçün bu ifadə işlədilir.”Siz çox rahat eniş edirsiniz” Bu fikir azərbaycanlı pilotlar haqqında səsləndirilirsə biz buna çox şadıq.

- Dünya hava limanları ilə müqayisədə Azərbaycan hava limanını necə qiymətləndirisiniz?

-Heydər Əliyev adına Hava Limanı dünyanın ən yaxşılarından biridir. Biz pilotlar uçuş zolağı qısa olan hava limanlarını sevmirik.Eyni zamanda dağlıq ərazilərdəki hava limanları riskli sayılır. Avropa ve ABŞ hava limanlari muasir avianaviqasiya sistemleri ile təchiz olundugundan daha komfortlu hesab olunurlar. Beynəlxalq standartlara cavab verməyən hava limanları riskli limanlar sayılırlar.

-Pilotların gündəlik həyatı barəsində hansı maraqlı məlumatları söyləyə bilərsiniz?

-Bir çox aviaşirkətlər pilotlara saqqal saxlamağa izn vermir. Saqqal ekstrimal hallarda oksigen maskasindan istifadəyə əngəl ola bilər. Başqa bir fakt da deyim.Pilotlardan biri tualetə gedəndə bort bələdçilərdən biri kokpitə girib o gələnəcən gözləyir.Bu ondan ötrüdür ki, qapi baglanarsa ikinci pilot yerindən qalxıb qapını açmaq məcburiyyətində olmasın. Daha bir maraqlı faktı da qeyd edim, bu barədə də az bilinir. İki pilot təyyarədə verilən eyni yeməkdən yeyə bilməzlər. Bu zəhərlənmə riskinə qarşı görülən təhülkəsizlik tədbiridir.

Təhülkəsizlik demişkən, uçuş zamanı xəstələnənlər də ola bilir. Amma təyyarələrdə heç zaman uçuşda sizi müşayət edən həkim olmur. Bunun səbəbi nədir?

- Çünki stüardessalar mütləq şəkildə tibbi təlim keçirlər.Stüardessalr hər 40 dəqiqədən bir ekipaj komandiri ilə əlaqə saxlamalıdırlar, vəziyyətini soruşmalıdırlar. Gecələr isə bu 20 dəqiqədən bir edilir.

Deyək ki, təyyarə qaçırıldı, ekstremal hal baş verdi. Pilot bu barədə hansısa üsulla gizlin xəbərdarlıq edə bilirmi?

- Əgər belə bir hal yaranarsa pilot biz  zakrılkaları xüsusi vəziyyətə gətirir (zakrılka qanadların içindən çıxan kiçik lövhələrdir),  dispetçer bunu adi gözlə görüb başa düşə bilir. O zaman aydın olur ki, təyyarədə silahlı şəxslər var. O cümlədən ön və arxa işıqlarla, xüsusi kodlarla xəbərdarlıq etmək olur.

Ümumiyyətlə texniki nasazlıq baş veribsə, təşfiş yaranmasın deyə bunu heç bir halda elan etmək olmaz.Sərnişin stüardessanın hərəkətlərini izləyərək bəzi məqamları başa düşə bilər. Məsələn stüardessa salona gəlib tələsik oturur və kəməri bağlayırsa deməli təyyarə aktiv turbulentl zonasına girir və ya hansısa nasazlıq vardır.

- Azərbaycan hava yollarında belə ekstremal vəziyyət yaşanıbmı?

- Bu barədə eşitməmişəm.

- Bəs pilotların əmək haqqı nə qədərdir?

- Narazıyıq.( gülür)

Bir pilotun həyatında başqaları üçün ən cazibədar məqam onun çoxlu ölkələrə səyahət edə bilmək imkanıdır. Uçuş istiqamətləri neçə təşkil olunur?

- Bu uçuş cədvəlindən və uçuş saatlarından asılıdır. Kim çox uçursa o daha çox əmək haqqı alır.Pilota 16 saatdan çox şturval arxasında oturmağa icazə verilmir. Ümumiyyətlə qeyd edim ki, təyyarəni 80 faiz avtopilot, 20 faiz isə insan idarə edir.

Gəmi kapitanları dənizdə olarkən nikah kəsmək səlahiyyətinə malik olurlar.Hava gəmisinin kapitanına da bu səlahiyyət verilirmi?

-  Xeyr. Bu yəqin gəmilərin uzun müddətli səfərdə olması ilə əlaqədar olaraq verilmiş qərardır.

Təyyarələr də avtomobillər kimi müxtəlif modellərdə olurlar. Onlardan hansınısa idarə etmək daha asan və daha çətin ola bilirmi?

- Bəli, belə fərqlər var. Təyyarələrin qanadları arasındakı məsafə, onun ümumi uzunluğu, ağırlığı artıdıqca idarə edilməsi də çətinləşir. Vint mühəriikli təyyarələrə nisbətən reaktiv mühəriikli təyyarələri idarə etmək daha çətindir.Aeroplanları isə mühərrik sönsə belə hava axınından istifadə edərək yerə endirmək mümkündür.Reaktiv mühərriklərdə bu 95 faiz imkansızdır.

Biz sizə açıq səma, yumşaq eniş arzu edirik.

- Təşəkkür edirəm.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »