Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
““Hafka”nı söyməmişəm” - Məhkəmədən reportaj

Polis əməkdaşlarını öldürməkdə təqsirləndirilənlərin məhkəməsi başladı

Sabiq polis rəisi Müşfiq Mədətov zərərçəkmiş kimi ifadə verib

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq poilis rəisi Müşfiq Mədətova qarşı xuliqnalıqda və Səbail rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Orxan Axundzadəni öldürməyə cəhddə təqsirləndirilən Kazım Abbasov, Məhəmməd İsmayılov və Emin Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bizimyol.info xəbər verir ki, cinayət işi hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi kollegiyanın icraatındadır.

Məhkəmə prosesinin əvvəlində vəkil Adəm Məmmədov hakimə müraciət edərək jurnalistlərin zaldan çıxarılması ilə bağlı vəsatət qaldırıb. Hakim isə prosesin açıq olduğunu bildirərək, vəsatəti təmin etməyib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

Hadisə ötən il oktyabrın 14-də saat 19 radələrində Səbail rayonu, Ş.Şamil küçəsi, 16 ünvanında yerləşən çay evində baş verib. Naməlum şəxslər sabiq polis rəisi Müşfiq Mədətova qarşı xuliqanlıq hərəkətləri edərək, ona bıçağın dəstəyi ilə xəsarət yetiriblər. Oktyabrın 15-də, saat 4.00-da Müşfiq Mədətova qarşı xuliqanlıq əməli ilə bağlı Səbail rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçirib. Bu zaman Bakı şəhəri Nizami rayonu ərazisində “Leksus” markalı 90-LT-997 dövlət nömrə nişanlı avtomaşında olan şəxslər odlu silahlardan əməliyyat tədbirində iştirak etmiş polislərə atəş açıb.

Nəticədə Səbail rayon Polis İdarəsi əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Orxan Axundzadə xəsarət alıb. Hadisəni törədən şəxslər həmin avtomobillə hadisə yerindən qaçıblar.

Hadisə yerindən 1 ədəd 12 mm və 6 ədəd 9 mm kalibrli gilizlər götürülüb və müvafiq ekspertizalar təyin edilib.

Bakı şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinənlərin – 1992-ci il təvəllüdlü Kazım Abbasov, əvvəllər məhkum olunmuşlar – 1982-ci il təvəllüdlü Məhəmməd İsmayılov və 1976-cı il təvəllüdlü Emin Həsənov olduğu müəyyən edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 221.2.1, 221.3-cü (bir qrup şəxs tərəfindən və ya təkrar, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək), 29,120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) və 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə ittiham edilirlər.

Emin Həsənov, Məhəmməd İsmayılov və Kazım Abbasov özünü qismən təqsirli bilib. Ramal Ağayev isə özünü təqsirli bilməyib.

Zərərçəkmiş şəxs qismində ifadə verən Müşfiq Mədətov təqsirləndirilən şəxslərin heç birini tanımadığını, onlar barəsində şikayət və tələbinin olmadığını deyib. O, bildirib ki, hər gün getdiyi kafedə iki dostu ilə birlikdə oturarkən olarkən heç bir səbəb olmadan tanımadığı şəxslərin ona hücum edib və dava yaranıb. “Mənə yaxınlaşan kimi vurdular. Elə divanda uzandım. Yanımdakılar da müdaxilə etmədi"- deyə zərərçəkmiş Mədətov söyləyib.

Mədətov hadisə zamanı 4-5 nəfərin ona hücum etməsi, bıçaqlanması ilə bağlı istintaqa verdiyi ifadə ilə dedikləri arasında ziddiyyətlə bağlı, məhkəmədki ifadəsini təsdiq etdiyini bildirib.

Dövlət ittihamçısının suallarından isə belə məlum olub ki, hadisəyə səbəb kimi M.Mədətovun kafedə "Hafka" ləqəbli iş adamı Hafiz Məmmədovun ünvanına söyüş söyməsi olub.

M.Mədətov isa bunu inkar edib və heç kimi söymədiyini bildirib.

Qeyd edək ki, Müşviq Mədətov 1991-ci ildən 1995-ci ilədək Azərbaycanın eks-prezidenti Heydər Əliyevin mühafizəçisi olub. O, daha sonra Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinin rəisi vəzifəsində çalışıb.

Daha sonra həbs edilib və 11 il müddətə azadlıqdan məhrum edilib. Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »