Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kəndli niyə torpaqdan uzaq düşüb? - Kənddə şəhərsayağı həyat, yoxsa aclıq?
Uzun müddət kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə bəzi rayonların icra başçılarının dövlət büdcəsindən maliyyələşən təşkilatların işçilərini, həkim və müəllimləri zorla pambıq yığımına cəlb etmələri barədə məlumatlar dərc olunmuşdu. Bu barədə hətta mən də "Bizim Yol" qəzetinin əməkdaşı olaraq Kənd Təsərrüfatı Nazirliyinə müraciət edərək açıqlama almışdım. Nazirlik rəsmisi müəllim və həkimlərin bu işə könüllülük əsasında getdiyini bildirmişdi.

Rayona səfər edib müasir kəndlinin həyatı ilə yerində tanış olduqdan sonra məsələyə baxış bucağım dəyişdi.Dünən yolum ana  torpağım sayılan Ucar rayonundan düşdü. Ucar rayonunun şoran və şirəli torpaqları  digər rayonlara nisbətdə o qədər də məhsuldar hesab edilə bilməz. Lakin torpağın dilini biləndə ondan faydalanmaq, quraq çöllərdə gülüstan yaratmaq mümkündür.Sovet dönəmində  Arandakı torpaqlara mütəxəssis nəzarəti altında aqrotexniki qulluq  göstərilirdi və hər hektardan kifayət qədər yüksək məhsul götürmək mümkün olurdu. Heç unutmuram,mən uşaq olarkən kəndin  cavanları və ya orta nəslin nümayəndələri babamın, babam kimi torpaqdan yaxşı başı çıxan ağsaqqalların  qapılarını döyüb  xahişə gələrdilər. "Məhəmməd kişi, mənim Sarı Yerdə 5 hektar torpağım var, gedək ona bir bax, gör orda taxıl əksəm bitərmi?" Və ya "Şəhrivandakı ərazimə yonca əksəm yaxşı olar, ya çəltik əkim?".

Məsləhət , məşvərət edərdilər, ağsaqqal xeyir- duası ilə torpağa toxum səpilərdi. Bol məhsula hamı birgə sevinərdi. Öz taxıl məhsulundan ( cammat buna məhsul unu deyərdi) bişən  təndir çörəyinin ətri yeddi ev qonşuya yayılardı. İndi isə... İndi kəndə gedəndə gördüyün mənzərə ürəkaçan deyil. Kəndli  çörəyi bişirmək əvəzinə mağazaya gələn zavod şörəyi almağa  üstünlük verir, hər kəsin  ən az bir-iki hektar böyüklüyündə həyət bacası ola-ola pomidoru xiyarı, göy -göyərtini, toyuğu,pendiri. südü qatığı mağazadan alır? Bunun adını "əkirik bitmir, iş yoxdur, kasıblıqdır" qoymaq ən asan versiyadır. Əslində burda bir az tənbəllik amili də rol oynayır. Çünki işləyənə iş həmişə var. Torpağ deyir öldür məni , dirildim səni

Bu torpaqların taxıl, yonca, arpa, buğda, çəltik, noxud, pambıq,  qarğıdadlı, şəkər çuğunduru  kimi bitkiləri yetişdirmək qabiliyyəti var. Müstəqilliyimizi əldə etdiyimiz ilk illərdə yaranmış böhran  nəticəsinə kəndli  torpaqdan uzaq düşdü. Belə ki,  ümumi  təsərrfatların ləğv olunması, kolğoz və sovxozların dağılması nəticəsində hər kəs əlindəki pay torpaqla işləməyi bacarmadı. Əllərində lazımi texniki avadanlıq, gübrə, toxum və digər vasitələr olmayınca kəndli üz tutdu şəhərə. Son illər şəhədə həyatın da asan olmadığını, torpaqdan  bir qoyub min götürməyin mümkün olacağını anlayan işgüzar zəhmət adamları talelərini yenidən ona bağladılar. Qeyd etmək lazımdır ki, dövlət  də bu məsələdə  maraqlıdır. Kənd təsərrüfatının. xüsusən  pambıqçılığın yenidən inkişaf etdirilməsi üçün prezident  əlaqədar qurumlara göstəriş verib. Rayon icra hakimiyyəti iş görmək istəyən  sahibkarlara sözün həqiqi mənasında dəstək olur. Hətta pambıq sahələrindən toplanan məhsulu almaq  üstündə ətraf rayonların pambıq zavodları arasında mübarizə gedir desək yeri var.

Ucarda   ömünü torpağa bağlayan, ana torpaını çox sevən iş adamı Bəhruz İbrahimovun qonağı oldum. Bəhruz bəy yaşının gənc olmasına baxmayraq, demək olar ki, ana torpağın hər sirrinə vaqif olub. Gördüyü işlər barəsində də çox sadə və anlaşılan dillə məlumat verir: "Ucar Pambıq Zavodu və Kənd Təsərrüfatı İdarəsi özü bizimlə müqavilə bağlamağa maraq göpstərir. Gedirik, müqavilə bağlayırık ki, biz məsələn 60 hektar ərazidə pambıq əkəcəyik. Sağ olsunlar, toxum, gübrə, texniki avadanlıq nə lazımdırsa  hamsını verirlər. Kənd adamı qışın günündə bütün bunları əldə etmək üçün toplu şəkildə pul tapa bilmir. Zavod sənə nə qədər lazımdırsa  hamısını verir, məhsul yığımında hesablaşırsan. Yəni, məhsul araya-ərsəyə gələnə qədər sənə 1000 manat veribsə, sən ən az 2000 manat əldə edəcəksən. Bunun minini verirsən aldığın borca qalanı olur sənin. Üstəlik ildə bir dəfə yekun pulu da hesablanır. Bundan əlavə, taxılın və ya pambığın suvarılması üçün hər  hektara 20 manat  ayrılır. istəyirsən özün suvar , pul cibində qalsın, istəyirsən bu pulu ver başqasına, o sənin üçün eləsin.Siz inanın ki, işləyənə iş hər yerdə var. Mənim taxıl sahələrimdə, pambıq sahələrimdə işləmək üçün mən uzaq aran rayonlarından işçilər gətirirəm. Günü 10 manata,15 manata işləyib geri dönürlər. Amma yaxın kəndlərdə yaşayan insanlar ehtiyacları olsa belə bunu etmirlər. Mən həyətimizdəki təndirdə maraq  üçün çörək bişirtdirib satışa çıxartdım. Camaat həvəslə alırdı. Bəs bunu kənddə otura otura özləri niyə etmirlər. Bunu anlamaq olmur. Yüz illər boyu biz belə yaşamamamışıqmı? O ki qaldı icra başçılarının  kimisə zorla pambığa aparmaq söhbətinə,  bu belə deyil. Pambıq yığımına gələn işçilərə günün sonunda gördüyü işin müqabilində pul verilir.100 kilo pambıq yığıbsa kilosu 15 qəpikdən hesablanır, pulunu alır. Bir günə 15 manat qazanc götürməyin nəyi pisdir?. Fermalarımızda hər şərait yaradırıq ki, gəlib mal qaraya baxsınlar. Həyətdə toyuq -cücə də bəsləyə bilərlər. Qalmaq  üçün rahat yerimiz də var. Ayda da 300 manat verirsən. Şəhərdə işləsə eyni maaşa kirayə haqqı da verməli olacaq, gününün yarısını yollarda keçirəcək, stress, səs -küy də bir yandan.Burda mən bu işə inanın ki, yaxın kəndlərin adamlarını cəlb edə bilməyib  gedib başqa rayondan adam gətiririəm.Sanki fermada işlemeyə ayıb kimi baxırlar. İndi günah kimdədi?",- deyə  Bəhruz İbrahimov bildirir.

Əslində dövlət qurumları məhsul yığımına    müəllim və həkimlər yox, boş bekar dayanıb işsiz qalan insanları  cəlb etsələr yaxşı olardı.Bu işsizliyin də sayının artmasına, sosial rifhın yüksəlməsinə, eyni zamanda insanların müntəzəm zəhmətə  alışmasına   gətirib çıxarardı.  Apardığım müşahidələr məndə belə bir rəy yaratdı ki, doğrudan da dövlət  torpaqda işləmək istəyən insanlar üçün  hər  şəraiti yaradıb. Kim tənbəllik edib özünü işə vermirsə,  günah onun özündədir.

İlhamə LOĞMAN

Son xəbərlər
Bütün xəbərlər »