Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı bildirib ki, ATƏT Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtması üçün heç nə etməyib. Bu illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi də Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərib. Prezident vurğulayıb ki, ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır.
Milli Məclisin deputatı Vüqar İskəndərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan 30 ilə yaxın beynəlxalq hüququn işləməsi üçün əlindən gələni edib.
“BMT-nin dörd qətnaməsi indiyə qədər qəbul olunmuş bəyanatlar, sənədlər heç biri işləmədi. ATƏT-in Minsk qrupu adlı “əndrabadi” təşkilatı bu illər ərzində ölkəmizə turistik səfərlər etməklə, bu münaqişənin sülh yolu ilə və ədalətli beynəlxalq hüququn norma prinsiplərinə uyğun həll edilməsinin əvəzinə bu münaqişəni dondurmaq və hətta daha da geniş baxsaq, Ermənistanın lehinə həll etmək üçün əlindən gələni etməyə çalışdı.
Təbii olaraq, cənab prezident İkinci Qarabağ müharibəsindən sonra bu üçlüyün qəbul edəndə onlara açıq konkret fikrini söylədi. Onlara indiyə qədər nə etdiklərini, bu təşkilatın nə ilə məşğul olduqlarını açıq şəkildə söylədi və onlarla artıq heç bir işi olmadığını bildirdi.
Zaman-zaman bunu ölkə başçısı söyləyib, biz də söyləmişik ki, “Minsk” qrupu yalnız uzun illər ərzində bu münaqişəni uzatmaqla, dondurmağa çalışmaqla yalnız həll olunmasına ziyan vurdular. İndiki situasiyada cənab prezidentin bunu bir daha təkrarlaması və “artıq ATƏT-in belə institutları ləğv olunmalıdır” deyə bildirməsi çox doğru və açıq mesajdır.
Bütün dünya artıq fərqindədir ki, demokratiya, insan haqları, hüquqlar, sənədlər və beynəlxalq konvensiyaların böyük əksəriyyəti yalnız sözdədir. Böyük dövlətlərin əlində bir alətdir. İstədikləri zaman özlərinin maraqları üçün bundan istifadə edirlər. Digər hallarda dünyanın mütləq əksər dövlətləri həmin hüquqdan faydalanmamaqdan əziyyət çəkir. Biz də Minsk qrupunun fəaliyyəti barəsində dəfələrlə söyləmişik. Onlar yalnız Azərbaycanla Ermənistan arasındakı bu münaqişənin həll olunmaması üçün bütün addımları atdılar. Və sonda Azərbaycan özü öz gücünə ali baş komandanın qətiyyətinə, siyasi məharətinə, ordusunun və xalqının qəhramanlığına, şücaətinə bu məsələni özü həll etdi”-deyə deputat bildirib.
Vüqar İskəndərov təəssüflə qeyd edib ki, dünyada güc hüquqdan daha çox işləyir. Bu səbəbdən də Azərbaycan güclü və qətiyyətli olmalıdır: “Həm iqtisadi, həm siyasi, həm hərbi - bütün sahələrdə güc artırılmalıdır ki, hüquq da Azərbaycanın tərəfində olsun”.
“Arzu edərdik ki, beynəlxalq hüquq sözün əsl mənasında işləsin, ədalət bərpa olunsun və dünya ədalətli idarə olunsun. Bu gün bizim arzumuz budur”-deyə deputat bildirib.
İradə Cəlil, Bizimyol.info