Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Şuşa ilk elektrobuslu şəhər olacaq"... Bəs Gəncə Avtomobil Zavodu beş ildir niyə "yerində sayır"?
"Şuşa ilk elektrobuslu şəhər olacaq"... Bəs Gəncə Avtomobil Zavodu beş ildir niyə "yerində sayır"?

Azərbaycan Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov Laçında 30 ölkədən olan ekspertlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda qeyd edib ki, Şuşa Qarabağda elektrik avtobuslarının fəaliyyət göstərəcəyi ilk şəhər olacaq: “Şuşada artıq 4 belə avtobus var. Onlar elektrik enerjisi ilə çalışır və dağlıq landşaftda özlərini təsdiqləyib. Beləliklə, bu, şəhər ictimai nəqliyyat sistemindəki yeniliyimiz olacaq. Avtobuslar gələn aydan istifadəyə veriləcək”.

Azərbaycan Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimovun sözlərinə görə, bu avtobuslar Belarusdan olan tərəfdaşlarla birgə Gəncədə istehsal olunur.

Gəncə Şəhəri İcra Hakimiyyətinin rəsmi portalında beş il öncə - 14 may 2019-cu il tarixdə bu haqda xəbər dərc edilib. Həmin materialda qeyd olunub ki, zavod müasir, ekoloji təmiz, alternativ enerji ilə təmin olunmuş, komfortlu bir elektrobusu istifadəyə verir.

Üzərindən beş il ötməsinə baxmayaraq, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi bu istiqamətdə ortaya ciddi bir iş qoya bilməyib: nə paytaxt Bakıda, nə də ümumrespublika ərazisində adıçəkilən avtobus növlərinə rast gəlinmir. Keçən müddət ərzində xaricdən Azərbaycana xeyli sayda avtobuslar gətirilib. Amma həmin avtobusların yerinə öz yerli avtobuslarımız da fəaliyyət göstərə bilərdi.

Bəs bu durğunluğa səbəb nədir? Gəncə Avtomobil Zavodu beş il ərzində niyə yetəri sayda avtobus istehsal edə bilməyib? Yerli avtomobil zavodları Azərbaycanın bu sahə üzrə xaricdən asılılığına tamamilə son qoya bilərmi?

Nəqliyyat üzrə mütəxəssis Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalının suallarını şərh edib.

"Ötən beş il ərzində ölkəmizdə və dünyada baş verən prosesləri də nəzərə almaq lazımdır. Bu beş il ərzində pandemiya olub, istehlak zənciri pozulub - ilkin danışıqla sonrakı məhsulun qiyməti arasında fərqlər yaranıb. Eyni zamanda Azərbaycanda müharibə baş verib və bu müharibənin nəticələri olaraq bəzi prioritet layihələr sonraya saxlanılıb. Xülasə, bu beş il ərzində çeşidli hadisələr baş verib. Ona görə də belə olması, hardasa anlaşılandır. Amma indi yeni dönəm və yeni fürsətlərdir. Yeni çağırışlara əsasən fərqli istehsalçılar da ortaya gələcək. Buna qədər Azərbaycanda avtobus istehsalı ilə bağlı İranın "HODRA" şirkəti var var idi, hansı ki, zavod açılışı da baş tutmuşdu. Buna rəğmən, istehsal olmadı. Son zamanlar "SAM-AUTO" - Özbəkistan "Səmərqənd Avtomobil Zavodu" istehsalı olan avtobusların, avtomobillərin yığılması ilə bağlı işlər görülür. Çox güman ki, gələn il artıq biz ilkin avtobusları görə biləcəyik - Hacıqabuldakı zavodun istehsal etdiyi avtobusları.

Son xəbər olaraq, Çinin "BYD" şirkətinin istehsal edəcəyi avtomobillər də nəzərdə tutulub. Bu da ümumi olaraq, daxili tələbatın bir hissəsini ödəyəcək. Amma bizim tələbatlarımız çox, avtobus parklarımız isə köhnədir. Yəni avtobuslar da mobil növlərdən olduğuna görə, tək Bakı yox, bütün respublikanın ehtiyacını ödəməlidir. Bu baxımdan düşünürəm ki, nə qədər daxili istehsal olsa da, xaricdən asılılıq qalacaq" - deyə, nəqliyyat üzrə mütəxəssis əlavə edib.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »