Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhərdən kəndə... Bakıda özünə "yer" tapmayan köhnə və nimdaş avtomobillər bölgələrə "sürgün" ediləcək
Şəhərdən kəndə... Bakıda özünə "yer" tapmayan köhnə və nimdaş avtomobillər bölgələrə "sürgün" ediləcək

Taksilərlə bağlı yeni tələblər ölkə avtomobil parkına fərqli ab-hava gətirib. Maşın bazarlarında son dövrlər alver onsuz da zəif idi. Taksi məsələsindən sonra vəziyyət bir az da mürəkkəbləşib. Köhnə “Toyota Prius”ların xeyli ucuz təklif edilməsi bazarda durğunluq yaradıb. Keçən əsrin 90-cı illərinin sonlarında, 2000-ci illərin əvvəllərində istehsal olunmuş maşınlara maraq azalıb. Çünki alıcılar daha uyğun alternativlə qarşılaşıblar.

Bizimyol.info xəbər verir ki, son bir ildə paytaxtda taksi fəaliyyətindən uzaq tutulmuş avtomobillərin sayı 7 mini keçib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bununla bağlı hesabatı var. Əvvəl say 67 minə çatırmış. İslahatlardan sonra taksi kimi işə yarayan 60 min civarında maşın qalıb. Nazirliyin məsul şəxsləri müsahibələrində deyirdi ki, Bakının uzağı 20 min taksiyə ehtiyacı var.

Başqa bir statistika da maraqlı məsələdən danışır. İndi taksi fəaliyyəti göstərən avtomobillərin 62 faizinin yaşı 15 ildən çoxdur. Yəni yeni tələblərə görə hər üç sürücüdən ikisi işini itirəcək. Hələ onu demirik ki, iyulun 1-dən başqa mənzərə yaranacaq. Həmin gündən yaşı 8 ili keçən avtomobillər taksi üçün qeydiyyata alınmayacaq. Azı 2016-cı ildə istehsal edilmiş maşınların taksi kimi küçələrdə görünməsi populyar deyil. Yaşı 8 ili keçən taksi minik avtomobillərinin ümumi payda çəkisi heç 10 faizə çatmır. Bu da o deməkdir ki, səhnəyə tamam başqa maşınlar çıxacaq.

Bəs köhnə avtomobillərin taleyi necə olacaq?

Daha nimdaş olanlar bölgələrdə özünə müştəri tapacaq. Azərbaycanda belə təcrübə genişdir. Paytaxt sürücülərinin əldən saldığı maşınlar sonradan bölgə camaatının işinə yarayır. Maşın bazarındakı mənzərə də buna eyham vurur. Bölgədən gələnlər bazara yenicə çıxarılmış köhnə avtomobillərlə maraqlanırlar. Bu mənada rayonlarda “Toyota Prius”ların çoxalmasını da gözləmək olar. Amma paytaxt küçələrindən köhnə və nimdaş avtomobillərin yığışması tıxac mənzərəsinə təsir göstərməyəcək. Meydana yaşı daha az olan maşınlar çıxacaq.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »