Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Taksi ilə bağlı tələblər "avtomobil qəbiristanlığı"nda yer sayı artırır... "Çarəsiz" sürücü "maşın" axtarır
Taksi ilə bağlı tələblər "avtomobil qəbiristanlığı"nda yer sayı artırır... "Çarəsiz" sürücü "maşın" axtarır

Taksi minik avtomobillərinə dair yeni tələblər az qala ölkə gündəminin əsas xəbərinə çevrilib. Xüsusilə “Toyota Prius” hibrid avtomobillərinin taksi predmeti kimi sıradan çıxması müzakirə olunur. Çünki şəhər küçələrində ən çox görünən maşın markası daha işə yaramayacaq. Yeni tələblər göstərir ki, “Prius” sürücüləri ya başqa avtomobil axtarışına çıxmalı, ya da bu istiqamətdən uzaqlaşmalıdırlar.

Bizimyol.info xəbər verir ki, tələblər heç də yüngül deyil. İyulun 1-nə qədər yaşı 15 ilədək olan avtomobillər qeydiyyata götürüləcək. Amma həmin maşının ağ və ya qırmızı rəngdə olması şərtdir. Təkcə bu, indi taksi fəaliyyəti ilə məşğul olanların yolunu kəsir. Çünki avtomobilləri həmin rəngə boyamaq real deyil.

İyulun 1-dən situasiya bir az da mürəkkəbləşəcək. Həmin gündən yaşı 8 ildən çox olan avtomobillərə taksi fəaliyyəti ilə məşğul olmaq üçün icazə verilməyəcək. Məsələnin bu tərəfi barədə çox danışılmır. Amma yeni tələbləri diqqətlə oxuyanda iyulun 1-dən sonrakı şərtlərin daha ağır olacağı diqqət çəkir.

Məqsəd nədir? İddialara görə paytaxtda taksi fəaliyyəti nizamlanacaq, yeni tələblər tıxacların azalmasına xidmət edəcək. Heç inandırıcı deyil. Hər şeydən əvvəl proses pilləli aparılmalıydı. Bu qədər sürücünün taleyinə biganə qalmaq olmaz. İnsanlar çörəkpulu üçün böyük kredit yükünün altına girib. İndi həmin avtomobilləri nə etsinlər? İşsizlik cəmiyyəti əldən salıb. İşsizlər ordusunun sırası bir az da genişlənəcək.

İyulun 1-dən sonra paytaxtda hansı "mənzərə" yaranacaq?

Birincisi, ölkə "avtomobil qəbiristanlığı" statusunu qorumağa davam edəcək. Yəni yaxşılığa doğru heç nə dəyişməyəcək. İndiyə qədər həmin köhnə maşınlar bir işə yarayırdısa, bundan sonra səmərəsiz qalacaq. Daha pis vəziyyət yaranacaq.

İkincisi, avtomobil hər kəsə əlçatan olacaq. Əlbəttə, hamının maşın sürmək haqqı var. Amma bu addım daha çox avtomobili təbliğ etmək anlamına gəlir. Halbuki ictimai nəqliyyata minmək təşviq olunmalıydı.

Üçüncüsü, yollarda vəziyyət dəyişməyəcək. Sınıq-salxaq maşınlar yenə küçələrdə şütüyəcək. Yəni həmin maşınlar ölkə avtomobil parkını tərk etmir. Xam xəyallar qurmayaq.

Dördüncüsü, yollarda say azalmayacaq. Yuxarıda qeyd etdiyimiz kimi, hər halda bu avtomobillər buxarlanmayacaq, yenə şəhər küçələrində olacaq.

Beşincisi, taksidən istifadə azalacaq. Qiymətlər istər-istəməz artacaq. İctimai nəqliyyatda durum daha dözülməz hal alacaq. Onsuz da indi avtobuslarda yer tapılmırdı.

Altıncısı, qanunsuz taksi fəaliyyəti dəbə minəcək. Həmin avtomobillər 1 manatlıq taksi fəaliyyətinə üz tutacaq. Yenə vəziyyət dəyişməyəcək.

Qısası, pis günlər geridə qaldı. Bizi daha pis günlər gözləyir...

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »