Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paytaxt yoxsa bölgə şagirdi... Təhsil səviyyəsinin aşağı düşməsi "yüksək" balla ört-basdır etməyə çalışılır
Paytaxt yoxsa bölgə şagirdi... Təhsil səviyyəsinin aşağı düşməsi "yüksək" balla ört-basdır etməyə çalışılır

Azərbaycanda təhsil səviyyəsinin aşağı düşməsinə əmin olmaq üçün xüsusi məlumatlar toplusuna ehtiyac yoxdur. Getdikcə bölgələrdə təhsil imkanları ağırlaşır. Kəndlərdə şagird sayı sürətlə azalır. Təhsilsiz qalanların sayı artır. Beynəlxalq şagird qiymətləndirilməsi proqramları da vəziyyətin yaxşı olmamasından söz açır.

Bizimyol.info xəbər verir ki, PISA-nın göstəriciləri dünyada etibarlı mənbə sayılır. Şagird qiymətləndirilməsi proqramı iki ildən bir ayrı-ayrı ölkələrdə 15 yaşına çatmış məktəblilərin riyaziyyat, təbiət bilikləri və oxu bacarıqları ilə bağlı səviyyəsini müəyyənləşdirir. Bizim ölkəni, adətən, şagirdlərin riyaziyyat biliyi ilə fərqləndirirdilər. Amma Azərbaycan 81 ölkə arasında 56-cı yeri tutub. Təbiət bilikləri və oxu bacarıqları ilə bağlı vəziyyət daha pisdir. Burada 68-69-cu pillələrdə qərarlaşmışıq.

Pandemiyadan sonra PISA-nın Azərbaycanda qeydə aldığı göstəricilər daha da geri gedib. Çünki bütün dünyada internet imkanları təhsilin səviyyəsinə birbaşa təsir göstərən amilə çevrilib. Dövlət Statistika Komitəsinin təsərrüfatlarla bağlı məlumatı göstərir ki, ölkədə evlərin 25-30 faizində internet və kompüter yoxdur. İnternetin sürətinin azlığı ayrı-ayrı hesabatlarda əksini tapıb. Ölkədə hər 18 şagirdə cəmi 1 kompüter düşür. Halbuki hökumət indiyə qədər kompüterlərlə şagirdlərin sayında balans yaradacağına söz vermişdi. Yəni vədə əməl olunmayıb.

Pandemiya dövründə ölkədə onlayn təhsillə bağlı fiasko yaşanırdı. İnternetin sürətinin azlığı, bölgələrdə internet imkanlarının olmaması çox acınacaqlı vəziyyət yaratmışdı. Hətta paytaxtda yaşayan şagirdlərinin yarıya qədəri onlayn təhsildə fəal iştirak edə bilmirdi. İndi görün bölgələrdə durum necə bərbad olub. Ekspertlərin hesablamasına görə, bölgə şagirdlərinin 40-45 faizi pandemiya dövründə tamamilə təhsildən kənarda qalıb.

Hökumət vəziyyətdən necə çıxmağı düşünür? Hökumət təhsilin səviyyəsinin artırılmasından daha çox ictimaiyyəti yola vermək barədə fikirləşir, sanki. 2023-cü ildə 11-ci siniflərin buraxılış imtahanlarında maksimum balı toplayan şagird olmamışdı. Amma bu il 3 mart və 10 mart imtahanlarında iştirak etmiş 53 nəfər 300 bal həddinə çata bilib. Ekspertlər deyir ki, 11-ci sinif buraxılış imtahanları əvvəlki illərlə müqayisədə xeyli asanlaşıb. Məsələn, 9-cu sinif buraxılış imtahanlarında eyni tendensiya müşahidə edilməyib. Böyük ehtimalla hökumət daha yüksək göstərici ortaya qoymaq üçün sualların asanlaşdırılmasını çıxış yolu kimi görüb. Bu da heç bir halda təhsilin səviyyəsinin artırılması adlandırılmayacaq.

PISA-nın qiymətləndirilməsi zamanı hökumət cığallıq edir. Yalnız paytaxt şagirdlərinin səviyyəsinin yoxlanılmasına imkan verilir. Yəni bölgələrdə vəziyyət gizlədilir. Əsas odur ki, gerçəklik ört-basdır edilsin, təhsilin səviyyəsi düşsə də olar.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »