Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın paytaxtı Moskvada rusiyalı müxalifət lideri Aleksey Navalnı ilə vida mərasimi keçirilir
Rusiyanın paytaxtı Moskvada rusiyalı müxalifət lideri Aleksey Navalnı ilə vida mərasimi keçirilir

Həbsxanada dünyasını dəyişən rusiyalı müxalifət lideri Aleksey Navalnı ilə Rusiyanın paytaxtı Moskvada vida mərasimi başlayıb. Tərəfdarlar əllərində gül-çiçəklə Navalni üçün toplaşmağa başlayıblar.

Bizimyol.info xəbər verir ki, Aleksey Navalnının tərəfdarları Rusiya müxalifət liderini son mənzilə yola salmaq üçün paytaxt Moskvada bir araya gəlib.

Yüzlərlə insan əllərində çiçəklərlə cənazə mərasiminə toplaşarkən, Navalninin sözçüsü Kira Yarmiş "cənazənin hələ ailəsinə təhvil verilmədiyini" açıqlayıb.

Mətbuat katibi Yarmiş: "Cənazə mərasiminin proqramı dəyişməyib. Ancaq gecikmələr ola bilər", - deyib.

Rusiya vətəndaşları mərasimi gözləməyə davam edərkən raziyə polis cəlb edilib.

Maryino rayonundakı Məryəm Ana kilsəsində keçiriləcək vida mərasimindən sonra Navalnı Borisovskoye qəbiristanlığında dəfn olunacaq. Navalnının tərəfdarları indiyədək Moskvada mindən çox insanın toplaşdığını açıqlayıb. Vida mərasiminin keçiriləcəyi yer və cənazəni daşıyacaq dəfn maşını görünməyib.

Navalninin sözçüsü Yarmiş dünən verdiyi açıqlamada: “Biz Alekseylə vida mərasimi keçirmək üçün yer axtarırıq. Biz müxtəlif özəl və dövlət dəfn agentliklərinə, ticarət obyektlərinə və dəfn salonlarına müraciət etdik. Amma haradasa birbaşa dedilər ki, dəfn agentliklərinin bizimlə işləməsinə qadağa qoyulub”, - deyib.

Kreml bu gün verdiyi ilk açıqlamada “Navalnının ailəsinə deyəcək sözü olmadığını” bildirib. Bəyanatda Navalnı üçün “icazəsiz toplantıların” qanun pozuntusu olması ilə bağlı xəbərdarlıq edilib.

47 yaşlı Aleksey Navalnı 2021-ci ildən Moskvadan 1900 kilometr aralıda yerləşən Arktika Qurdu cəza koloniyasında saxlanılırdı. Rusiya həbsxana rəhbərliyi fevralın 16-da Navalnının gəzintidən sonra xəstələndiyini və huşunu itirdiyini, həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişdiyini açıqlayıb.

Qeyd edək ki, Navalnı 19 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Onun həyat yoldaşı Yuliya Navalnaya və tərəfdarları Navalnının ölümünə görə prezident Putinin məsuliyyət daşıdığını bildiriblər. Navalnaya ərinin ölümündən sonra sosial şəbəkədə yayımladığı videoda “azad Rusiya uğrunda mübarizə aparacağını” bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »