Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ştaynhof klinikasının" küskün pasiyentləri 
"Ştaynhof klinikasının" küskün pasiyentləri 

Bertran Rassel öz batil inancına necə sevinmişdi, İlahi! Əslində o, heç nəyə inanmadığına inanırdı. “Mən niyə xristian deyiləm?” əsərində həyatının başlıca sualına cavab axtarırdı. "Yanlış" suala doğru cavab axtarışındaydı sanki. Amma...

Yox, mən Rassel kimi ateist deyiləm. Tanrıya illüziya kimi baxan Riçard Dokinz heç deyiləm. İnanclarımızdan da danışmayacam. Mətləb başqadır.

Sadəcə, bəri başdan bir şübhəmi dilə gətirim, ürəyimdə qalmasın: görəsən, mən ziyalı deyiləm ki?!

Bu, həm də Rasselsayağı paralel, ya da perpendikulyar sualdır: "Mən də ziyalıyammı?" Amma kim bilir, bəlkə elə ziyalı da "Dokinzsayağı" illüziyadır.

....Aşağı Avstriyadakı "Ştaynhof" ruhi xəstəxanası daha çox insanın öz ağlını itirməsində maraqlıdır; hər pasiyentə görə yaxınları klinikaya pul ödəyir axı...

Elfreda Elinekin məşhur "Pianoçu qız" romanında dəqiq və kədərli metaforik təsbit bütün zamanlar və bütün məmləkətlər üçün keçərlidir.

Bəli, analitik zəkasını, idrak "aparat"ını itirmiş yarımağıl fərd psixatriya stasionarı üçün asan qazanc qaynağıdır. Ağıl həkimlərinin "çörək ağacı"dır. "Ağılsızlıq" hərdən sərfəli də olurmuş; hətta ən sərt cəza qanunu da anlaqsızın törətdiyi ən ağır cinayəti belə "anlayışla" qarşılayır. Ağılsızlığın ağır cəzalara yüngülləşdirici hal sayıldığı kontinental haqq dünyasında yaşayırıq; Roma-german hüquq məktəbinin "tələbələriyik" axı. Ya da "təbəələriyik" (yaxşı mənada, yoxsa yanlış mənada, bilə bilmədim).

Qısacası, insan ruhunun umudsuz xəstələndiyi yerdə Yer qanunlarının qüvvəsi də "yavaşıyırmış", qanunun "vuran qolu" qəfil iflic vurmuş kimi "boşalırmış".

Bax, hər il bu balaca Planetdə, gör, nə qədər insan dəlilli-isbatlı affektin qurbanı olur! Hələ isbatsız "affekt", "anlaqsızlıq" halları da var. İllah da dünyanın "bu üzündə"...

Dəlilər həmişə, hər yerdə... bizim ağlımıza gülüb. Elə indi də. Bəlkə  kimisə dəli saymağın özü də bir cür dəlilikdir. Belə olmasaydı, ruhi-əsəb dispanserinin bəzi tibbi personalı (ayrı-ayrı tibbi personaları) bir müddətdən sonra öz pasiyentlərinə bənzəyib tragikomik personajlara prototip olmazdı ki. Psixiatrların koloritli "professional qəribəliklərindən" az-çox məlumatlısınız. Ya da bəlkə bəziləriniz əyani təəssüratlısınız...

İndi hələlik indidə qalsın. Geriyə "qanrılıb" folklorumuza boylansaq, görərik, babalarımız da öz "ağlı" ilə babat "zarafatlaşıbmış; dəliliyə bir başqa "libas biçiblər". Ağız ədəbiyyatımızın "ədəbi-bədəvi" "Çənlibel"indəki mifik qəhrəmanı - "Koroğlu"nu xatırladınızmı?! Özündən başqa yeddi min yeddi yüz yetmiş yeddi dəlisi vardı. Düşmənlər onların ağlından deyil, "ağılsızlığından" qorxmalı idimi, yoxsa mən yanılıram?! Axı bir Osmanlı paşasının sarayına gizlicə soxulmaq, yaxud sultanın  qızını oğurlayıb yeddi min yeddi yüz yetmiş yeddi "dəli" kişi xeylağının dəlisov ortamına zövcə deyə gətirmək normal ağlın işi deyildi. Buna yalnız və yalnız "dəlilik kağızı" düşür. Həm də bir qazan aşı yeyəndən sonra "təşəkkür" olaraq, aşpazı iki qatlayıb qazana qapatmaq zalım mifik təfəkkürün qoyduğu tipik dəlilik diaqnozu idi. "Qəhrəmancasına dəlilik"...

Al, bu da sənə daha bir səbəb. Dəliliyin də dürlü səbəbləri olur. Dərddən ağlını itirənlər var, kontrolsuz qəzəbə qapılanlar var, hətta sevincdən şüuru qapananlar var...

Sevgidən dəli olub dərələrə düşənləri heç demirəm; Mövlanə Füzuli boyda "eşq doktoru" o fağır Qeysi "Məcnun"luqdan "sağalda bilməyibsə", mənim sözüm nədir ki!

Fəqət mətləbimiz eşq deyil. Ya da eşqdir. Nə bilim...

...Ziqmund Freydə görə, psixi xəstəlik paranoz və epinoz fazalardan keçir. İlkin mərhələdə xəstə həyəcanlanır, qorxu, gərginlik keçirir. Bax, Adam Faverin "Ağlasığmaz" əsərində olduğu kimi. Əkiz qardaşların ikisində də şizofreniya var. Devid Keyin qəribə, qorxulu qarabasmaları bir yerdən sonra normal qarşılayacağından qayğılanır, təlaşlanır. Jasper isə artıq o yaşantı ilə çoxdan tanışıb, "anlaşıb", sanki barışıb.

Bəli, hər halın başlanğıcı daha çox qorxudur. Hətta ən ağır, ağrılı rahatsızlığın da. Xəstəlik şiddətləndikcə, bu həyəcan, bu hal ötüb keçir, xəstə artıq öz təşvişinə də... öyrəşir. Hətta öz xəstəliyini "sevir".

Bu, koqnitiv pozuntular üçün də keçərlidir. Hərdən fikirdən, qayğıdan çox yorulanda: "Kaş dağda çoban olaydım, heç nədən xəbərim olmayaydı" deməmisiniz?! Demisiniz. Hər kəs ömründə ən azı bir dəfə belə deyib, ya da ən azı bu cür düşünüb.

Bəlkə elə buna görə dilimizdə çox işlək bir deyim əmələ gəlib: "Ağıllı olub dərd çəkincə, dəli ol, dərdini çəksinlər".

Əgər bu düşüncə modu başqa millətlərdə də varsa, onların da folklorunda mütləq əks olunub. Hər insanın dərddən usanan bir halı olur. Onu çəkə bilməyəndə öyrəşməyə məhkum qalar. Ya da bir başqasına "yükləmək" istər. Bədənin dözə bilmədiyi ağrı dərəcəsi gəlib çatanda, baş beyinin sinir siqnallarını söndürüb, orqanizmi şoka saldığı kimi. Amma sonra öz şokundan ayılmayanlar da olur.

"Dəli ol, dərdini çəksinlər"! Əcəbdir! Mürəkkəb dərdlərin DƏLİCƏSİNƏ həlli. Həmin o Faver demişkən: "Mürəkkəblikdən də qəliz".

Öz dərdindən həzz alan, ya da öz dərdini özgəsinə yükləməyi sevən toplum ağlıymış. Özününkü, ya özgəninki, nə fərq edər ki?! Eşq əzabı da əvvəl-axır dərd yükünü çəkənə düşər. Axı ağıllı olub dərd çəkməyin özü də bir eşqdir!

Ancaq eşqin usandığı, tükəndiyi, ya da dirəndiyi bir nöqtə də var sanki.

Deyirik axı: "Qolun sınığı - boyunun yüküdür". Bəs o boyun saysız-hesabsız sınıqları daşımaqdan yorulanda, ya da kötük üstə vurulanda... onda nə edək?! Boyunmu daha az fədakardır, yoxsa kötükmü daha çox günahkar?! Boyunun “təqsirsizlik prezumpsiyası” göz önündədir. Edam kötüyünə gəlincə, üstündə kəsilən başlar qədər kötük özü də zavallı qurbandır. Axı o da nə zamansa yamyaşıl ağac olub, kölgəsinə neçə başlar sığınıb, arın-arxayın yaşayıb. Bir vaxtlar çiyinlərdəki salamat başları öz kölgəsində barındıran, ucu göy üzünə ucalan o canlı ağac indi kəsik başların qanlı kölgəsində gizlənib, yerlərdə sürünür. Bir vaxtlar ağıllı, qürurlu başlar miskin kötüklər üstündə çırpı kimi doğranıb gedirdi, indi özü könüllü kötükləşən ödüllü başlar çoxalır, deyəsən.

Mətləbdən çox da uzaqlaşmayaq. Baxın, ictimai orqanizm ağlını, məntiqini daha çox itirdikcə - dərdli "dəli"lərin sayı artdıqca, ağıllıların da sayı azalır. O zaman da mərhum Paskalın əbədiyaşar birləşmiş qablar qanunu  burda "tam gücü" ilə işləməyə başlayır. Necə deyərlər, p1=p2.

Belə olduqda hələ də (hələ ki) ağıllı qalanlar getdikcə daha çox dərdlə yüklənir. Bu yükü daşımağa gücü çatmayan orta ağılların iki yolu var: ya dərd çəkməyəcək qədər "ağıllanır" - süstləşir, biganələşir, ya da dərdin ağırlığı altında ağlını itirib ağılsızların sıralarını artırmış olur.

"Ziyalı", "intellektual" dediyimiz insanlar niyə son zamanlar çox "ağıllanıblar"?!

Çünki ziyalının (ya da intellektualın) ağlı həndəsi silsilə ilə artan dərd yükünü daşımaqdan yorulur. Üstəlik, də dərd yiyəsinin özünün dünya vecinə deyilsə. Ya da belə yaşamaq daha sərfəliymiş bəlkə. Çünki elə olur, ziyalı ayılıb görür: "Ağıllı ağlını işlədincə, dəli çoxdan vurub çayı keçib"

Hələ intellektin reallıqdan bezməyi, bir nöqtədə real dünyadan qaçmaq ehtiyacı da var. Bizi millət olaraq ayıltmaq istəmiş ziyalı obrazını - "Kefli İskəndər"in özünü "ayıltma məntəqəsinə" göndərmək gərək! Bu obrazı yaradan özü də intellektualdı axı. "Kefli İskəndər" obrazı - öz millətini cəhalət yuxusundan ayıltmaq istəyən ziyalının elə öz beyninin dumanlı olmağına dair ədəbi-klinik diaqnozdur.

Gördünüzmü, hətta "Kefli İskəndər"in özünə də iradımız var. Az qalırıq qışqıraq: "Dərdimizdən bu qədər "keflənmək" olar?! Bizi ayılda bilmirsən, bu, hələ bir yana qalsın, barı, heç olmasa, özün ayıl!"

Hələ biz səni dinləyəcəyik, yoxsa xoruz döyüşdürməyə gedəcəyik, orası sonrakı işdir.  Böyük iş olub; firəng dilini öyrənib gəlib. Bax, biz heç ərəbcəni bilməyə-bilməyə... müsəlmanıq. Kitab oxumuruqsa, cahil olduq?! Yazıçının özündən soruş: o, özü necə bir oxucudur?!

Amma, yox! Bu düşüncənin insanı cəhalət burulğanına düşüncə, fırfıra kimi fırlanır.

...Biz tapmaq istədiyimizi, görünür, gözüyumulu axtarmağa adət eləmişik. Gözlərimizi, qulaqlarımızı qapadırıq (dilimiz çoxdan bağlıdır!) və deyirik: "Ziyalı bizi getmək istədiyimiz yerə ən qısa və ən asan yolla aparsın".

"Ziyalı həm görən gözümüz, həm eşidən qulağımız, həm danışan dilimiz olsun" deyirik.

Biz susaq, o danışsın!

Gözüyumulu getdiyimiz yolda ayağımız ilişib büdrədikcə, deyirik: "Bəs bu ziyalı hara baxır?!"

Allah eləməsin, yıxılıb başımızı daşa vursaq, o daşı qaldırıb ziyalının başına vurasıyıq...

Atam-qardaşım, heç olmasa, hərdənbir gözünün birini aç, barı ayağının altına bax da.

Ya da bələdçilik edənin əlinin işarəsini izlə, bir də səsinə qulaq ver, gör, hansı yolu göstərir, nə deyir?!

Bəli, ziyalıdan, intellektualdan bacardığını da umuruq, bacarmadığını da. Bacarmayanda da küsürük və bacardığımız qədər yüklənirik ziyalıya.

Yazıçıdan yeni şedevr gözləyirik. Yazıçı kimi yox, sanki yaxınımız kimi ərkimiz var; umuruq.

Ancaq... axı yazıçı da oxucudan umur. Deyir: "Heç olmasa, bir kitabımı oxu".

Kino, teatr tamaşaçıdan umur. Musiqiçi dinləyicidən umduğu kimi. Umduğunu almayanda o da küsür.

Sənət küsəndə mənəvi mədəniyyət fəzamızda vahiməli "hava boşluqları" yaranır. Sənət küsəndə antisənət bizi öz dibsiz qaranlığına - o vahiməli "turbulens"lərə dartar. Sənət də bir yana, hələ fəlsəfəni "itirmişiksə"...

Bəli, intellektual, ziyalı ictimai loğmandırsa; toplumun dərdinə çarə tapmağa məsuldur. Ya da məhkumdur. Ancaq burda çox incə bir nüans da var: bu "loğman"ın "pasiyent"ə yazdığı "tibbi təyinat"- resept ədəbi əsər formasında da ola bilər, sosial dram janrında film də ola bilər, teatr tamaşası da ola bilər, bir karikatura sərgisi şəklində də ola bilər. Yaxud bir fəlsəfi traktat, elmi-populyar bestseller ola bilər. Ancaq "pasiyent" bu reseptlərdə yazılan "medikament"ləri deyil, vahiməli reallıqdan qaçmağı seçirsə...  Psixoloji film izləmək əvəzinə TikToka cumacaq. Kitab oxumaq yerinə sosial şəbəkələrin "arxa küçələrində" veyllənəcək. Teatra getməyib, ucuz melodramlarla vaxtını "öldürəcək". Ya da efirin ağlaşma proqramlarında illüstrativ-dekorativ rol qapacaq. Bunlar da alınmasa, pulgir reytinq möhtəkirlərinin və reklam ovçularının "kütləvi səhnə" marağının oyuncağına çevriləcək. Və axırda bir gün baxıb, güzgüdəki "özündən" dəhşətə gələcək.

"Pasiyent"in bu durumu bizə Frans Kafkanın "Çevrilmə"sini xatırladır: insan bir səhər oyanıb görür ki, qorxunc və iyrənc bir həşərata çevrilib. Ən sevdikləri belə ondan üz döndərdi.

...Mirzə Fətəli neynəsin indi?! Məzarından çıxıb gəlsin, "Qaloş" pirinə gedən yolumuzda post qurub şlaqbaum assın?! Yoxsa Üzeyir Hacıbəylini o dünyadan çağıraq ki, şadlıq saraylarında "erkən nikah masası"nı öz əlləri ilə devirsin?!

Ziyalılar, intellektuallar tarixin müxtəlif dönəmlərində mənəvi saflığın, ictimai sağlamlığın "müalicə kursu"nu yazıb qoyub gedib də! Sağ qalanlar da yazır, deyir, çəkir, göstərir.

"Apatiya" filmindən apatiyaya düşmək asandır, amma anlayıb, öz fövqünə yüksəlmək çətindir.

Neyləyib ki rejissor?! Səni çəkib sənə göstərib də. Burda anlaşılmaz nə var ki?!

Ziyalı, ya da yaradıcı intellektual daha nə etsin?!

Həkim ev-ev, qapı-qapı gəzib bütün xəstələrinə dərmanı özü şəxsən içirir?! Yox!

Elə isə kitabını oxumadığımız yazıçıdan, filminə baxmadığımız rejissordan, sərgisinə getmədiyimiz rəssamdan, operasının tamaşasına durmadığımız bəstəkardan, səhnədə oyununu izləməyə "vaxt tapmadığımız" aktyordan... nə istəyirik ki?!

Bəli, doğrudur: bəlkə də Mirzə Ələkbər Sabirin nisgilli ruhu indiki yaltaq tüğyanını görəndə, sabun biznesindən vaxtında əl çəkdiyinə şükr eləyir.

Lakin!

Məgər yarınma dərəcəsindəki məddah təkcə ziyalılar arasından çıxır?!

Torpağı su qiymətinə əlindən alınmış kəndli, öz çəkici "öz başına dəyən" fəhlə niyə yaltaqlanır fürsət düşəndə?!

Ucuz çayxanalardakı domino masasının arxasında qocalan, "artıq bir dəfə içilmiş" çayı nəm çəkmiş, boyat şəkərlə sümürən işsizə nə düşüb?! Yüksək "statuslu" mikrofon görən kimi "bəh-bəh" janrında bülbüldən də ötə cəh-cəh vurur. Nədən?!

Hələ bu pensiyaçıya bir bax! Tibbi tarixçəsi cürbəcür kliniki fəlakətlərlə dolu olan qoca sınıq-salxaq ömründən "kəsib" kiminsə ömrünə "calayır"?! Səbəb?!

Və yaxud, orta təhsil attestatı belə şübhə doğuran o fağır çobana nə düşüb ki, geostrateji gözəlləmələr qoşur, hə?!

Hamısı da deyir: "Ziyalılar şübhəli dərəcədə "ağıllanlb"!

Düzdür, dönüb, mənə deyə bilərsiniz ki, axı elə özüm yazmışam: "Ayıq intellektualın öz milləti qarşısında həqiqət öhdəliyi var"!

Bəli, doğrudur. Bunu demişəm. Həm də təkcə öz milləti qarşısında yox, bəşəriyyət qarşısında.

Yaxşı, o intellektual həqiqəti söyləmək öhdəliyini yüzdə yüz yerinə yetirəndə, biz dinləmək öhdəliyimizə neçə faiz əməl edirik?! Axı bizim də o həqiqətləri eşitmək öhdəliyimiz var! Sadəcə qulaq asmaq yox, eşitmək öhdəliyi! Eşitmək və dərs almaq. Ya da, heç olmasa, həzz almaq...

Hər qulaq asdığımızı eşidirikmi?! "Eşitmək" felinin bütün mənalarında.

Məgər Üzeyir bəy deməmişdimi, körpə qızlarınızı öz xəyallarından qoparıb "yaşlanmış ehtiraslara" "gəlin" deyə şəhvət makinası kimi peşkəş etməyin?! "O olmasın, bu olsun" deyəcək qədər mənəvi heçliyə yuvarlanmış birinin orta yaş sindromuna girov düşməkdə olan qızı sevdiyi cavan tələbə xilas etməmişdimi?! Üzeyir bəy bununla nə demək istəmişdi: arxaik adətlərin, çürümüş ukladların əsirliyindən yalnız sevib-sevilərək nicat tapa bilərsən. Gülnazı Sərvərin cəsur sevgisi xilas etməsəydi, o biçarə qız da müflisləşmiş bəy atası ilə yaşlı tacirin arasında alver predmeti olaraq xərclənib gedəcəkdi. Elə deyilmi?! Hər birimiz ən azı bir dəfə baxıb axı bu məşhur filmə, ya da bəlkə hətta operettanın özünə.

Yoxsa gözüyumulu "baxmışıq"!

Deyəsən, eləymiş!

O zaman olaya bir də başqa tərəfdən baxaq.

Canlı "Nəsimi"nin orden aldığını xatırladım. Sənətkarın buna görə sağdan, soldan çoxlu zərbələr aldığını da...

Bəli! Rasim Balayev kinoda "Babək", "Nəsimi" rollarını necə ustalıqla oynayıbsa, Xəlifə Möhtəsimin trolları ahıl aktyoru günlərlə Babək deyib "şaqqaladı". Şeyx Əzəmin zombiləri isə Nəsimi bilib, "dərisini soydurdu". Yəqin ki bu, yadınızdan çıxmayıb.

Düşünürəm: aktyor "Həm ziyarət, həm ticarət" filmindəki dələduz "Davud"u inandırıcı oynamayıb, demək. Yoxsa çoxdan Babək prospektindəki polis bölməsi, ya da Nəsimi rayon prokurorluğu qocaman sənətkarla yaxından "maraqlanardı".

Təbii ki, "nümunəvi vətəndaş" "Mustafa müəllim"in şikayəti əsasında...

Yox, yox, tam ciddi deyirəm.

Hər necə olsa da, "Dədə Qorqud" parkının yanında göydələn ucaldan oliqarx Yalıncığın müharibə qəhrəmanı Beyrəyi qandalladıb, nişanlısına göz qoyduğu zəmanədə yaşayırıq axı.

Haqqı çatanların haqqı var, bir söz demirəm. Ancaq elə adamlar elə yuxarıdan danışdı ki...

Mənə çatmadı.

Nə bilim, vallah!

Az qala sərəncamla.. anadan olan adamlar sərəncamla təltif olunanı "məhşər ayağına" çəkdilər. Dedilər, bu adam aktyor-filan deyil, elə əsl Beyrəkdir ki var; Alp Aruz saraya çağırıb, qəflətən "zorla..." orden verib.

Bir hava yaratdılar ki...

Bunları dinləyən orta statistik təbəə də baxdı tarixə, baxdı indiyə. Dünənlə bu günü tutuşdurduqca, alışıb tutuşdu, yanıb qovruldu için-için. Bəzən də nəyə yandığını, kimə yandığını heç özü də bilmirdi.

Gözünün qarşısında hər şey o qədər qarışıq, hər kəs o qədər bulaşıq ki...

Bu qarışıq-bulaşıq ortamda xalq bir hökmdara baxır, bir sənətkara. Görür dünən hökmdar sənətkarın boynunu vururdu, bu gün boynunu qucaqlayır. Dünən hökmdar sənətkarın boğazına qətranlı kəndir salıb dar ağacından asırdı, bu gün yaxasına qotazlı orden-medal asır. Dünən hökmdar sənətkarı eşafota çıxarıb kəlləsini alırdı, bu gün isə kəlləsini... öz xidmətinə alır... Xalq bütün bunları görür və başlayır o hökmdarla bu hökmdarı, o sənətkarla bu sənətkarı müqayisə etməyə.

Rasim Balayev: "Mən Babək deyiləm, Nəsimi deyiləm" deyəndə düz deyir. O, "Babək" rolunu oynayıb, Babəkin rolunu oynamayıb. "Nəsimi" rolunu oynayıb, Nəsiminin rolunu oynamayıb. Hərçənd həmin o filmlərin çəkildiyi dövr Sovet dövrüydü; Azərbaycan da hələ müstəmləkəydi. Adına "Vətən" deyibən dastan qoşduğumuz torpaq parçasıydı; öz faktik vassal statusunu “müttəfiq respublika” isimli saxta “yuridik” profil altında “gizlətmiş” imperiya ucqarı idi. Bax, elə o zaman da Babəkə, Nəsimiyə ehtiyac vardı. Ona görə camaat deyir: "Nəsiminin filmini çəkməklə deyil ha! Nəsiminin çəkdiklərini çək, görüm!"

Ona görə xalq həmişə yaradıcı intellektuallardan narazı yaşayır. Yazıçıdan da bu səbəblə incikdir; deyir: “Qəhrəman haqqında roman yazırsan, amma onun kimi haqqın üçün vuruşmursan. Haqq Sözünü deyib canından keçmirsən, haqq Sözün yanından keçirsən.

Səni Haqqın sözü deyil, sözün haqqı maraqlandırır: qonorar...”

Camaat ona görə "ziyalı" deyilənlərdən incik kimidir. Çünki umur. Və, təbii ki, küsür.

Umub-küsmə üslubu bir az həddini aşanda ziyalı da küsür. Ən birinci də özündən. Elə Rasim Balayevi götürək. Necə bir şiddətli rəğbətlə umub, necə bir dəhşətli hiddətlə küsmüşdüksə, adam qalxıb dedi: "Bəlkə heç mən ziyalı deyiləm!"

Doğrudan da, bir nöqtədə haqq da vermək istəyirsən adama. Dünyanın bu tərəfində - ucsuz-bucaqsız Avrasiya qaranlığının bir küncündə ziyalı olmaq çox müşkül iş imiş, qardaş! Sağ, sol öz işində. "Yuxarı", "aşağı" hərəsi öz vərdişində. Zaman öz gərdişində! Məzlumların "çax-çax"ı da artıq zalım dəyirmanlara başağrısı deyil, əksinə şirin layla kimi gəlir...

Azğınlar azğınlığındadır, susqunlar susqunluğunda. Alan da razı, "satan" da sanki razı. Amma hamısı da ziyalıdan narazı!

İndi gəl də, gəl, bu ortamda ziyalı ol, ayıq intellektual qal, qala bildiyin qədər. Hamının hər şeyə göz yumub yatdığı yerdə sən gözünü dörd aç, ayıq-sayıq qal, görüm!

...Şükür sənə, Tanrım!

Deyəsən, axı mən də ziyalı deyiləm!

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »