Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Nərminin valideynləri istəyir ki, iş mənimlə bağlansın - bilirlər ki, düzgün qiymət verilsə, ziyan görəcəklər” - Video
“Nərminin valideynləri istəyir ki, iş mənimlə bağlansın - bilirlər ki, düzgün qiymət verilsə, ziyan görəcəklər” - Video

Tovuz rayonunun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanı oğulayıb öldürməkdə ittiham olunan 51 yaşlı İlkin Süleymanov deyir ki, 4 ildən artıqdır törətmədiyi cinayətə görə həbsdədir. O bildirib ki, faktiki başqasının yerinə cəza çəkir.

Bizimyol.info xəbər verir ki, hazırda Gəncə Apelyasiya Məhkəməsində İlkin Süleymanovun 18 il azadlıqdan məhrum edilməsinə dair hökmdən verilmiş şikayətə baxılır.

Hakim Teyyub Muxtarovun sədrliyilə keçirilən məhkəmə prosesində İlkin Süleymanov apellyasiya şikayətini əsaslandırıb. O bildirib ki, Nərminin oğurlanmasına, öldürülməsinə heç bir aidiyyəti olmadığı halda, illərdir ki, həbsdədir. Onun sözlərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində onun haqqında çıxarılmış hökm də qanunsuz və ədalətsizdir.

İlkin Süleymanov məhkəmədə danışıb ki, onu 6 yanvar 2020-ci ildə saxlayıblar. Lakin cinayət işinin materiallarında 10 yanvarda saxlandığı göstərilib. Onun sözlərinə görə, saxlanılandan sonra evlərində axtarış aparılıb, amma Nərmin cinayətilə bağlı heç nə tapılmayıb. Bu barədə axtarış protokolunda da göstərilib. Onun sözlərinə görə, Tovuz rayon Polis Şöbəsində qanunsuz saxlandığı 4 gün ərzində həm psixoloji, həm də fiziki təzyiqlərə məruz qalıb.

İlkin Süleymanovun sözlərinə görə, xüsusən yanvarın 9-da işgəncələr artıb: “Yanvarın 9-dan 10-na keçən gecə elə işgəncələr verdilər ki, artıq dözə bilmədim. Dedim ki, nə ifadə deyirsinizsə, verəcəm”.

İlkin Süleymanov danışır ki, dəyənəklə döyülməsindən tutmuş, bədəninə tok verilməsinə qədər müxtəlif formada işgəncələrə məruz qalıb. İlkin Süleymanov xatırladıb ki, Bakı İstintaq Təcridxanasında onunla eyni kamerada qalan dustaqlar da ora hansı vəziyyətdə gətirildiyini məhkəmədəki ifadələrində açıqlayıblar. Onlar bildiriblər ki, İlkin süleymanovun üzərində çoxsaylı xəsarətlər vardı, ayağının altındakı yaralara görə gəzə bilmirdi.

“Yazıblar ki, guya mən 47 gün Nərmini eyni otaqda saxlamışam. Ola bilməzdi ki, bir adam 47 gün eyni otaqda saxlansın, orada öldürülsün, amma heç bir iz qalmasın. Ya saçı, ya qanı, ya başqa bir izi mütləq olmalıydı. Yoxdur. Çünki o uşaq o evdə olmayıb.

Mən saxlanılandan sonra qardaşım bazardan alt tuman-köynəyi alıb gətirib, polis şöbəsinə verib. Ekspertizalarla bağlı rəydə göstərilib ki, guya onun üstündən Nərminə aid paltarların lifi tapılıb. Mən tutulandan sonra alınan paltarda Nərminə aid paltarların lifi necə tapılıb? Hamısı saxtalaşdırılıb”, - İlkin süleymanov bildirib. O, əlavə edib ki, tapılan meyitin Nərmin olmasına ciddi şübhələr var. Onun sözlərinə görə, uşağın qan qrupu, meyitin boyunun ölçüləri və s. meyitin Nərmin olmadığını düşünməyə əsas verir:

“Nərminin şəxsiyyət vəsiqəsində onun qanı IV qrup yazılıb. Meyitin qanı II qrupdur. Vəkilim Tovuz rayon Mərkəzi Xəstəxanasına sorğu göndərib, alınan cavabda da Nərmin Quliyevanın qanının II qrup olduğu yazılıb. İşin içində genetik ekspertizanın rəyi var ki, meyit Aynurə İsmayılova və Şərif Quliyevin övladıdır. Ciddi şübhələr var ki, ekspertizaya meyitdən götürülmüş qan yox, başqa qan təqdim olunub. Ona görə də genetik ekspertiza belə rəy verib. Rəsmi sənədlərə görə, meyitdən müxtəlif ekspertizalar üçün cəmi 30 millilitr qan götürülüb. Genetik ekspertizanı keçirən ekspertin rəyinə görə isə ona 80 millilitr qan verilib. Bəs bu 50 millilitr hardan çıxdı? Bir ekspert deyir ki, qan donmuş vəziyyətdə göndərilib. Amma ekspertizanı keçirən deyir ki, ona təqdim olunan qan maye halda olub”.

İlkin Süleymanov xatırladıb ki, bu şübhələrə görə onlar məhkəmə prosesinin əvvəlində məzarın açılmasını və meyitlə bağlı yenidən ekspertiza keçirilməsini istəyiblər. Lakin Nərmin Quliyevanın valideynləri buna etiraz ediblər:

“Elə davranırlar ki, sanki bu işin onlara aidiyyəti yoxdur. İstəyirlər ki, elə mənimlə də bağlansın, məsələ bitsin. Yəni bu işə qanuni qiymət verilməsini istəməyənlərdən biri də onların özləridir. Görünür, başa düşürlər ki, qanuni qiymət verilsə, onların özlərinin də ziyanına ola bilər. Valideynləri deyir ki, Nərmin itkin düşən gün məktəbdən icazə alıb tez gəlib, çünki xəstə idi. Ata niyə xəstə uşağı qardaşıgilə göndərib? Deyir ki, Nərminin gəlmədiyini görüb, bir qədər sonra onun arxasınca böyük qızı Şəbnəmi göndərib. Şəbnəm də gəlib deyib ki, əmisigildə yoxdur, çoxdan çıxıb gedib. Məntiqlə atanın narahatlığı daha da artmalıydı, uşağını axtarmalıydı. Amma Şərif Quliyev heç bir addım atmayıb. Əksinə, axşamüstü qardaşlarına qoşulub, qonşu kəndə şadlıq məclisinə gedib. Sən əgər həmin qardaşıngilə axşam gedəcəkdinsə, günorta niyə uşağı göndərirdin? Yaxud da niyə uşağı axtarmırdın? Gedib yeyib-içir, gəlir, gecə saat 11-də iş-işdən keçəndən sonra polisə məlumat verilir ki, uşaq yoxdur”.

İlkin Süleymanov çıxışının sonunda məhkəmədən bəraət istəyib. O bildirib ki, başqasının yerinə cəza çəkir. Ona görə də tez-gec bəraət alacağına inanır:

“Cinayətkarları tapmırlarsa, tapa bilmirlərsə, o demək deyil ki, cəzanı mən çəkməliyəm. Bu işin istintaqını aparan müstəntiq də, hökm çıxaran hakimlər də mənim təqsirsiz olduğumu bilir. Müstəntiqə də dedim ki, siz də bu işə aidiyyətim olmadığını bilirsiz. Mənə cavab verdi ki, “neyləyək, bəzən təqsirsiz adamlar da tutulur, sonradan buraxılır, hətta buraxılmayanlar da olur”. Mən inanıram ki, tez və ya gec mən bəraət alacağam. Azərbaycanda bu yaxınlarda iki nəfərin qətlinə görə ömürlük azadlıqdan məhrum edilən şəxs 9 il 5 ay sonra bəraət aldı. Qətldə ittiham olunan başqa bir adam da 4 ildən sonra bəraət aldı. Mən də nə vaxtsa bəraət alacağıma əminəm. Çünki təqsirsizəm...”

Nərminin atası Şərif Quliyev də məhkəmədə çıxış edib. O bildirib ki, İlkin Süleymanovun etiraf ifadəsi, daha sonra hadisə yerində çəkilmiş etiraf videosu var: “Boynuna alıb, etiraf eləyib. Əgər bu adam boynuna alıbsa, bu cəzalansın. Mənim başqa deyəcəyim yoxdur”.

Şərif Quliyevin vəkili bildirib ki, onların apellyasiya şikayəti cəza məsələsilə bağlıdır: “Hesab edirik ki, İlkin Süleymanova həddindən artıq yüngül cəza verilib”.

Prokuror isə bildirib ki, onlar cəza məsələsindən narazı deyil. Çünki Gəncə Ağır Cinayətlər Məhkəməsi orada prokurorun istədiyinə yaxın cəza təyin edib.

Dövlət ittihamçısı meyitin Nərmin olmadığı haqda deyilənlərə də münasibət bildirərək deyib ki, ortada genetik ekspertizanın rəyi var.

İlkin Süleymanovun apelyasiya şikayəti üzrə məhkəmə martın 5-də davam edəcək.

Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb. 2020-ci il yanvarın 6-da kənddə yanmış meyit tapılıb.

İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini övladlığa götürmək məqsədilə oğurlayıb. Daha sonra qətlə yetirərək meyiti evlərinin yaxınlığında yandırıb.

Lakin o, ittihamı qəbul eləmir. Deyir ki, övladlığa götürmək üçün Nərmini oğurlaması haqda yazılanlar absurddur: “Övladlığa uşaq götürmək istəsəydim, bacı-qardaşlarımın nə qədər uşağı var, onlardan birini götürərdim. Mənim belə bir niyyətim olmayıb”.

İlkin Süleymanov işgəncə nəticəsində cinayəti üzərinə götürdüyunü deyir. Baş Prokurorluq isə işgəncə iddialarını təkzib edib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »