“Artıq işğaldan azad edilmiş torpaqlarda yaradıcılıq, quruculuq və bərpa işləri gedir. Həmin ərazilərdə tikilən “ağıllı” kəndlər artıq dünya mediasının da gündəmindədir. Bu layihə haqqında yazılar yazılır”.
Bu barədə Bizimyol.info xəbər portalına politoloq Elşad Həsənov danışıb.
Politoloq hesab edir ki, Azərbaycan Respublikası müharibəni bitirib.
“Bizim əsas məsələmiz əhalinin yaxşı yaşaması, maddi vəziyyətin yaxşılaşdırılması, pensiyaların artırılması və sosial müdafiənin artırılmasıdır. Onsuz da bizim dövlət büdcəmiz əsasən sosialyönümlüdür.
Bu gün unutmalı deyilik ki, bizim ətrafımızda düşmənlər var. Hər an Azərbaycana hücum etməyə çalışan qüvvələr var. Ona görə də, biz ilk növbədə ordumuzu gücləndirməliyik. Biz güclü olmalıyıq, güclü dövlət olmalıyıq və bunun üçün də bizə güclü lider lazımdır. Bu səbəbdən də xalq özünün güclü liderini seçdi. Xalq onun arxasındadır və bu seçkinin nəticəsi prezident İlham Əliyevə bir daha böyük ilham verəcək ki, o xalqın inamını doğrultsun, güclü Azərbaycan dövlətini inkişaf etdirsin, güclü kadrlar yetişsin və ölkəmiz daha da irəliləsin, digər ölkələrə də nümunə olsun”-deyə politoloq əlavə edib.
Elşad Həsənovun fikrincə, 7 fevralda seçki günü xalqımız böyük iş gördü və düzgün seçim etdi.
“Bu yolda da xalqımıza uğurlar, prezidentimizə can sağlığı və işlərində uğurlar arzu edirəm”-deyə politoloq bildirib.
İradə Cəlil, Bizimyol.info