Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Pis günləri geridə qoyduq, növbə daha pis günlərdə"... Daxili dövlət borcu artır, vətəndaşa "yük" olur
"Pis günləri geridə qoyduq, növbə daha pis günlərdə"... Daxili dövlət borcu artır, vətəndaşa "yük" olur

Hökumətdən iddialı açıqlamalar eşitməyə alışmışıq. Gerçəklik bizə tamam başqa mənzərəni göstərir. Hər şeydən əvvəl gələcəyə ümid azalıb. Rəqəmlərlə danışanda yalnız bədbin düşünmək lazım gəlir. Neftdən gözləntilər heç vaxt bu qədər aşağı olmamışdı. Gəlirlər xeyli azalacaq. Əhalinin sosial vəziyyəti də çox pisləşib. Üstəlik, daxili dövlət börcu 4 dəfəyə yaxın artıb.

Bizimyol.info xəbər verir ki, hökumət daxili dövlət borcunun kəskin artmasını faciələşdirməyin əleyhinədir. Guya xarici dövlət borcuna daha çox əhəmiyyət verilməlidir. Amma hökumətin iqtisadi siyasətini də nəzərə almamaq olmur. Son illər ölkədə xarici dövlət borcunun daxili borcla əvəzlənməsi siyasəti aparılır. Dövlət istiqrazlarının buraxılması da bu məqsədə xidmət edir.

2023-cü ildə Azərbaycanın daxili dövlət borcu 4,2 milyard manatdan 15,8 milyard manata çatıb. Təxminən 3,8 dəfə artımdan söhbət gedir. Azərbaycanın daxili dövlət borcunun ümumdaxili məhsula nisbəti də kəskin artıb. Bu göstərici 3,1 faizdən 12,9 faizə yüksəlib.

Daxili borclanmanın artmasına səbəb nədir?

Büdcə kəsiri yaranır, bunu maliyyələşdirmək lazım gəlir. Yəni əlavə maliyyə cəlb olunmalıdır. Bunun üçün də Maliyyə Nazirliyi istiqrazları dövriyyəyə buraxır.

Mütəxəssislərin fikirləri haçalanır. Daxili borclanmanı hətta müsbət tendensiya adlandıranlar da var. Guya bu halda maliyyə bazarlarının inkişafına münbit şərait yaranır. Belə deyəndə istiqrazların investisiya predmeti ola biləcəyi ehtimalı nəzərə alınır. Amma Azərbaycan gerçəklikləri tamamilə unudulur. Böyük şirkətlər, banklar bu məsələdə narahat görünürlər, çox tərəddüd edirlər. Yəni istiqrazlara maraq istənilən səviyyədə deyil.

Mürəkkəb iqtisadi terminlərdən çox istifadə etmək olar. Sadə dildə yazsaq, daxili dövlət borcunun artması yaxşı tendensiya deyil. İstənilən istiqamətdə dövlət borcunun artması xoş gələcək vəd etmir. Ölkədə xərcləmələr onsuz da qənaətbəxş olmur. Səmərəliliyin aşağı olması, maliyyə resurslarının təyinatı üzrə düzgün xərclənməməsi ciddi problemlər yaradır. Dövlət borcunun artması bütün hallarda vətəndaşın çiyinlərində artıq yükdür.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »