Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hikmət Hacıyev və Benyamin Netanyahunun arxasındakı xəritə hansı siyasi mesajlar verir?
Hikmət Hacıyev və Benyamin Netanyahunun arxasındakı xəritə hansı siyasi mesajlar verir?

İsrailin Baş naziri Benyamin Netanyahu və Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev arasında görüş baş tutub. Görüş zamanı çəkilən foto sosial şəbəkələrdə yer alıb və xəritə qarşısında çəkilmiş fotonun xüsusi anlamı olduğu qeyd edilib. Bu xəritə hansı mesajı verir?

“Xəritədə İsrailin verdiyi mesaj odur ki, İsrail əslində müsəlman əhatəsində yerləşən bir ölkədir. İsrail bununla müsəlman dünyasına olan yaxınlığını göstərir. Bu da əsassız deyil. Çünki son dönəmlərdə İsrailin müsəlman ölkələri ilə əlaqələri get-gedə daha da intensivləşir. Bu ölkələr sırasında təbii ki, Azərbaycan öndə gəlir”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan “Ağ Partiya” sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, İsrail İkinci Qarabağ savaşında Azərbaycana əsas dəstək verən ilk beşlikdə olan ölkələrdən biri olub. O, qeyd edib ki, İsrail silahları Vətən müharibəsində düşmən üzərində qazanılan parlaq qələbədə əsas rol oynayıb. Bu gün də Azərbaycanla İsrail arasında hərbi sənayənin gücləndirilməsi istiqamətində yaxın əlaqələr mövcuddur. Bu əməkdaşlıq zaman keçdikdə daha da genişlənir. İsrail müasir silahlar istehsal etmək baxımından dünyanın ilk böyük sıralarında gələn ölkələrindən biridir. Bu silahların alınmasında Azərbaycan fəal iştirak edir.

“Ağ Partiya” sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı “Ağ Partiya” sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı

Politoloqun fikrincə, digər sahələrdə siyasi, iqtisadi sahələrdə də Azərbaycan və İsrail arasında çox yaxın əlaqələr mövcuddur.

“Azərbaycan neftinin 40 faizi İsrailə satılır. Bu da çox önəmli faktördür. Son dönəmlərdə Azərbaycanın uzun illərdən sonra İsraildə səfirlik açdı. Bu da bütün dünyaya Azərbaycan-İsrail əlaqələrinin necə yaxın olduğu barədə mesaj idi. Bilirsiniz ki, Qüdsdə Amerika tərəfindən olan o məlum məsələlərdən sonra İsrailin müsəlman dünyası ilə əlaqələri çox kəskin şəkildə pisləşmişdi. Xüsusilə də qardaş Türkiyə ilə münasibətlər gərgin idi. Amma İsrail sonradan anladı ki, müsəlman dünyası olmadan, təkcə Amerikadan asılı olaraq, gələcək hədəflərini, istiqamətlərini reallaşdıra bilməz. Bu səbəbdən də, müsəlman dünyası ilə yaxınlaşmağa qərar verdi. Bu da Azərbaycanın işinə yaradı. Düşmənlər bundan çox narahat oldular. Amma bu gün İsrail müsəlman dünyası ilə əlaqələrini daha da intensivləşdirmək üçün atdığı addımlarının sayını artırmaqdadır”-deyə Cavanşir Abbaslı qeyd edib.

Siyasi şərhçi hesab edir ki, İsrail haqlı olaraq, Azərbaycanın apardığı haqq mübarizəsində Azərbaycanın yanındadır. Bundan sonra da Azərbaycanın yanında olacağına heç bir şübhə yoxdur. Çünki Azərbaycan İsraildən ən çox silah alan ölkələrdən biridir. İsrail istehsal etdiyi silahları müəyyən məbləğ qarşılığında hər hansı bir ölkəyə satmalıdır və bu ölkələr sırasında da Azərbaycanın olması İsrailin də işinə yarayır.

“Ermənilər nə qədər narahat olsalar da və Avropada İsrail əleyhinə təbliğatlar aparsalar da İsrail siyasi tərəfdən Azərbaycanın bu məsələdə tam haqlı olduğuna əmin olduğu üçün Azərbaycanı tam şəkildə müdafiə edir. Azərbaycan müharibədə sınadığı İsrail silahlarının etibarlılığına şübhəsi olmadığı üçün silah alveri baxımından İsrailə üstünlük verir. Biz əminik ki, müharibə davam edərsə yenə İsrail Azərbaycanın yanında olacaq. Türkiyə ilə münasibətlərə önəm verəcək. Türkiyənin hər hansı bir problemləri olarsa, İsrail Türkiyənin yanında yer alacaq”-deyə Cavanşir Abbaslı vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »