Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Paşinyan təzyiqlərə dözməyib istefa versə və sözündən dönsə, müharibə gözləniləndir"
"Paşinyan təzyiqlərə dözməyib istefa versə və sözündən dönsə, müharibə gözləniləndir"

Bir neçə gündür ki, Ermənistanda mitinqlər davam edir. Keçmiş prezidentlər də bu mitinqlərdə iştirak edir. Bu hadisələr Paşinyan hakimiyyətinin sonudurmu? Bu mitinqlərin Azərbaycana nə kimi təsiri var?

“Ağ partiya” başqanı Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistanda vəziyyətin qarışması Azərbaycanın maraqlarına cavab verir.

Əhəd Məmmədli Əhəd Məmmədli

“Yəni nə qədər vəziyyət qarışsa da, hətta hakimiyyət dəyişikliyi baş versə belə, bu Azərbaycanın maraqlarına cavab verir. Düzdür, bizdə belə hesab edirlər ki, köhnə revanşistlər Ermənistanda hakimiyyətə gəlsə, bu Azərbaycanın maraqlarına cavab verməyəcək. Onlar hər şeydən imtina edəcəklər. Lap yaxşı, imtina etsinlər. Sonra görək sonları nə olacaq? O dedikləri sözlərin arxasında dura biləcəklərmi? Ermənistan Azərbaycanla yeni müharibə aparmaq iqtidarındadımı? İkincisi də mən düşünmürəm ki, erməni xalqı yenidən Köçəryan, Serj Sarkisyan bandasını hakimiyyətə gətirsin. Çünki ermənilərin, Ermənistan erməniləri Qarabağ erməniləri arasında ciddi bir uçurum var” deyə politoloq bildirib. O, qeyd edib ki, Ermənistanın “Daşnakstyün” partiyası var, amma erməni millətçiləri əvvəlki nüfuza malik deyillər.

Əhəd Məmmədli hesab edir ki, son Qarabağ müharibəsi Erməni xalqına soyuq duş effekti verdi. Bu səbəbdən də belə mitinqlərin sayı çox olmayacaq.

“İndi Ermənistanda nə qədər ara qarışsa da, bu qeyri sabit vəziyyət Azərbaycanın maraqlarına cavab verir. Belə deyək, bulanıq suda balıq tutmaq daha asandır. Amma Paşinyan bu təzyiqlərə tab gətirə bilməyib istefa versə və yaxud dediklərindən geri dönsə, bu, Azərbaycan və Ermənistan arasında yeni müharibə deməkdir” -deyən politoloq əlavə edib ki, onsuz da sərhədlər demarkasiya-delimitasiya olunmayıb. Yəni Azərbaycan əsgərinin ayağı hara dəysə, ora da sərhəddir. Bu səbəbdən də, əgər Ermənistan yenidən müharibə istəyirsə, bundan sonra nə baş verərsə onun günahkarı yenə Ermənistan tərəfi olacaq. Ermənistan geniş miqyaslı müharibə istəyirsə Zəngəzur və Göyçə torpaqlarında bu məsuliyyətin daşıyıcısı onlardır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »