Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AZAL-ın rəhbəri "dəyişdi", növbə biletlərdə... - "Hava nəqliyyatı sahəsində rəqabət yoxdur"
AZAL-ın rəhbəri "dəyişdi", növbə biletlərdə... - "Hava nəqliyyatı sahəsində rəqabət yoxdur"

Bir neçə gün əvvəl "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov istefaya göndərildi. Bu addım sosial şəbəkələrdə sözün əsl mənasında bayrama çevrilmişdi. Hamı düşünürdü ki, Cahangir Əsəgrovun işdən azad edilməsi biletlərin qiymətinə, AZAL-dakı özbaşınalığa son verəcək. Bəs bu həqiqətənmi belədir? Təkcə, Cahangir Əsəgrovmu qiymətlərin baha olmasına səbəb idi?

“AZAL-ın rəhbərinin dəyişdirilməsi, ümumiyyətlə bu və ya digər struktur üzrə kadr dəyişikliyi idarəetmədə keyfiyyəti yaxşılaşdırmaq baxımından tələb olunan şərtlərdən yalnız biridir. Və bəlkə də, deyərdim ən sonuncusudur”.

Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Pərviz Heydərov danışıb. O, qeyd edib ki, idarəetmədə keyfiyyət dəyişikliyinə, səmərəliliyə və effektivliyə nail olmaq üçün struktur islahatları aparmaq lazımdır, rəqabət şəraiti yaratmaq, xərclərə nəzarət imkanlarına sahib olmaq lazımdır.

Pərviz Heydərov Pərviz Heydərov

“Azərbaycanda hava nəqliyyatı sahəsində problemlər təkcə Cahangir Əsgərovdan qaynaqlanmırdı. Bu sferada problemlərin kökü daha dərindədir. AZAL inhisarçı inhisarçı şirkətdir. Hava nəqliyyatı sahəsində, hava nəqliyyatı üzrə sərnişindaşımada rəqabət yoxdur. Qiymət və sair amillər məhz bu üzdən qeyri-normal xarakter daşıyır.

AZAL dövlətə böyük xeyir, gəlir gətirə bilən qurumdur. Lakin reallıqda bu, heç də belə deyil, əksinə dövlətə yükdür desəm, səhv etmərəm. Baxın, son illər ərzində AZAL dövlətin köməkliyi sayəsində neçə-neçə ən müasir təyyarələr almış, bu sahədə parkını yeniləmişdir. Bütün bunlar dövlətin vəsaiti hesabına baş tutub. Halbuki, adı çəkilən qurum adi sərnişinlərə xidmət üzrə digər ölkələrin aviaşirkətlərindən geri qalır, rəqabətdə uduzur. Niyə? Çünki şirkətdə ciddi çatışmazlıqlar hökm sürür, idarəetmə düzgün həyata keçirilmir, xərclər ilə gəlirlər arasında dərin uçurum və sair vardır. Bütün bunları yaradan səbəblər nədir?! Təbii ki, rəqabətsizlik şəraiti, dominantlıq mövqeyi, dövlətdən asılılıq və sair”-deyən iqtisadçı vurğulayıb ki, öncə mövcud vəziyyət aradan götürülməlidir. Qurumda struktur islahatları aparılmalı, onun bəzi hissələri özəlləşdirilməlidir. Alternativ aviaşirkətlərin yaranması üçün meydan açılmalıdır, xarici aviaşirkətlərin bazara daxil olmasına şərait yaradılmalıdır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »