Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Başörtüyü asılmış ağaclar, sönmüş şamlar, dini şəkilli xalçalar - Pir Bilal ocağından video reportaj
Başörtüyü asılmış ağaclar, sönmüş şamlar, dini şəkilli xalçalar - Pir Bilal ocağından video reportaj

Demək olar ki, səfər etdiyiniz bütün Milli Parklarda insanların inanc mənbəyi olan pirlərlə, ocaqlarla qarşılaşmışıq. Hirkan Milli Parkında da Bilal piri ilə qarşılaşdıq.

Bilal piri Lənkəran-Biləsər şose yolunun sol tərəfində, Biləsər kəndinin yaxınlığında, meşəlikdə yerləşir. Qeyd edək ki, pirin yaranma tarixi haqqında konkret məlumat yoxdur. Yəni yerli sakinlər belə pirin nə zaman yarandığını bilmirlər. Ehtimallara görə, pir Bilal adlı seyidin adı ilə bağlıdır.

Yerli sakinlərin iddialarına görə, başqa bir bölgədə yaşayan seyid İslam dininin təbliğ etmək üçün bu əraziyə gəlir. Bilal vəfat etdikdən sonra elə onu bu ərazidə dəfn etsələr də, onun məzarı bu günə qədər gəlib çatmayıb. Həmin ərazi Bilala görə, sakinlər üçün müqəddəs yerə çevrilib. İki əsr əvvəl sakinlər bu ərazidə taxtadan kiçik ev, 2000-ci ildə məqbərə tikilib.

Yerli sakinlər pirə çox inanırlar. Belə ki, pirin ətrafında olan bütün ağaclara parçalar və baş örtükləri bağlanıb. Ağacların dibində şam yandırılıb, lampa qoyulub. Deyilənə görə, Bilal, peyğəmbər nəslindən olan Yaqub və Məhəmmədin qardaşı olub.

Pirin içərisi müxtəlif dini şəxsiyyətlərin şəkli əks olunmuş xalçalarla bəzədilib. İçəridə olan ələmə müxtəlif baş örtükləri bağlanıb.

Pirin ətrafında birneçə kiçik tikili var. Ən yeni tikili isə, Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilib.

Pirin üzərində vurulmuş mərmərdə qeyd edilib ki, övladı olmayan biri pirə gələrək Allahdan övlad diləyib və diləyinə çatıb.

Qısaca, Bilal piri Lənkəranın Biləsər kənd sakinlərinin müqəddəs hesab etdiyi bir pirdir. Sizin də yolunuz Lənkərana düşsə, pir Bilal ocağına baş çəkə bilərsiniz.

Pirlə bağlı hazırladığımız video reportaja Bizimyol.info xəbər portalının rəsmi YouTube səhifəsində baxa bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »