Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sədərək"də sahibkar olmaq da ayrı dərddir... - Məsul qurumun "öhdəlikləri"ni yağış yuya bilmir
"Sədərək"də sahibkar olmaq da ayrı dərddir... - Məsul qurumun "öhdəlikləri"ni yağış yuya bilmir

“Sədərək” ticarət mərkəzi ilə bağlı az qala hər il eyni xəbəri oxuyuruq. Buranı su basır, ya da yanğın olur. Ticarət mərkəzi illərdir eyni taleyi yaşayır. Sahibkarların obyektləri su içində qalır, ya da mağazalar bir anın içində alova bürünür. Yağış suları malları sıradan çıxarır. Yanğından heç danışmağa dəyməz. Sahibkarlar hər cür ziyan görür.

Bizimyol.info xəbər verir ki, “Sədərək” ticarət mərkəzini yenə su basıb. Gözlənilən hər şey baş verib. Yəni dükan sahiblərinə böyük zərər dəyib. Yenə məsul orqanlar işinin öhdəsindən gəlməyib. Dükan sahibləri, satıcılar mağazalara, anbarlara dolan suyu özləri boşaltmağa çalışıblar. “Sədərək” ticarət mərkəzində yeri olanlar məsul qurumların öhdəliklərini yerinə yetirməyə çalışır. İcarə haqqı, vergi ödəyirlər. Amma hər il ziyanla işləmək taleyi ilə üzləşirlər.

Qədim yunan mifologiyasında tanrıların ittihamından sonra böyük qaya parçasını dağın başına qaldırmağa məhkum edilmiş Sizif obrazı var. Daş yuxarı qalxanda öz ağırlığı ilə aşağı düşür. Sizif hər dəfə işin öhdəsindən gəlməyə çalışır, amma nəticə almır. Bu cəzanın mahiyyəti odur ki, faydasız əməkdən daha ağır cəza yoxdur.

...Necə də Azərbaycan cəmiyyətini xatırladır. Bizim ölkədə sahibkar olmaq da ayrı dərddir. Nə qədər çalışsan da, hər il eyni problemlərlə üzləşirsən. O böyüklükdə ticarət mərkəzi inşa edilib, amma kanalizasiya sisteminin normal işi təmin olunmayıb. Təkcə “Sədərək” ticarət mərkəzi belə deyil, Bakının çox yerində eyni problem boy atır. İşinə peşəkar yanaşmamaq Sizif nəzəriyyəsini ortaya çıxarır. Görülən işin az qala hər biri faydasız əmək təəssüratı qoyur.

Ticarət mərkəzinin rəhbərliyi mediaya açıqlamasında deyib ki, yağış təbii hadisədir, normadan artıq yağanda belə hadisələr olur: “Biz Allahın işinə qarışa bilmərik”.

Əslində, necə olmalıdır? Ticarət mərkəzi inşa ediləndə bütün standartlar nəzərə alınmalıdır. Sahibkar mağazasının su altında qalmayacağına, yanıb külə dönməyəcəyinə əmin olmalıdır. Dükan sahibi digər yandan üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Beləcə, dövlət-vətəndaş münasibətləri tənzimlənməlidir. Bizdə bu anlayışlar illərdir yerini almır. Sahibkar belə hadisələrlə darmadağın olur. Özünə gəlməyə, bəzən illər də bəs etmir...

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »