Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağ ətrafında “humanitar” oyunlar
Qarabağ ətrafında “humanitar” oyunlar

“Azərbaycana və Ermənistana güzəştə getməyi təklif etdik”. Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar TASS-a müsahibəsində belə deyib. Rusiya öz diplomatının dili ilə: “Cənubi Qafqazdan çəkilməyəcəyik” deyir. Bu, Azərbaycana, Türkiyəyə, eləcə də, Ermənistana və onu dəstəkləyən Qərb dairələrinə cavabdır.

Daha əvvəl Türkiyə, Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasına çağırış etmişdi. Bu, Türkiyənin xarici siyasətində bəlli korrektivlərlə bağlıdır; Türkiyə Rusiyanın Ukrayna mühariəsində zəifləməsini və buna əks-reaksiya olaraq artan aqressiyasını görür. Hakan Fidanın Türkiyə diplomatik idarəsinin rəhbəri kimi önə çıxması Ankaranın daha aktiv xarici siyasət  aparacağından onsuz da xəbər verirdi. Ukrayna məsələsində Türkiyə Rusiyadan məsafəli oynayır. Bu, görünür. Ankaranın Finlandiyadan sonra İsveçin də NATO-ya  üzvlüyünə razılıq siqnalları verməsi, eləcə də, Ukraynann Şimali Atlantika Alyansına üzvlüyü cəhdlərinə dəstək verməsi Rusiyanı narahat elədi. Şimali Avropa ölkələrində, xüsusilə, İsveçdə dəfələrlə “Quran”ın yandırılması təsadüf deyil. Bu, Rusiya kəşfiyyatının və ya tərəfdaşlarının  koordinasiyası ilə Şimali Avropadakı anti-Türkiyə ünsürlərinin işidir. Məqsəd, Türkyənin İsveçə razılığının qarşısını almaq, Türkiyə ilə ABŞ və başqa NATO müttəfiqləri arasında ixtilafı dərinləşdirmək, Ankaranın Qərblə dialoqunu çətinləşdirmək, nəticədə Rusiyanın yanında sabit yer almağa sövq etməkdir.

Biz hələ “Vaqner” “qiyam”ı zamanında yazmışdq ki, bu, Rusiya Prezidenti Vladimir Putinin öz oyunudur; məqsəd hərbi qruplaşmanı Belarus ərazisinə göndərmək, Ukraynaya qarşı ikinci cəbhə açmaqdır. Bu proqnoz özünü doğruldur. “Vaqner” Moskvanın əlində hətta Polşanı və Polşa üzərindən bütövlükdə Avropa İttifaqını təhdid etmək alətidir. Bununla Avropada, xüsusilə də, Mərkəzi və Qərbi Avropanın böyük ölkələrində cəmiyyətlərdə hökumətlərinə qarşı etiraz hərəkatları yaratmaq, Ukraynanın dəstəklənməsinin qarşısını almaq niyyəti güdülür. Hətta taktiki olaraq, Belarus-Polşa sərhəddinin keçilməsi də mümkündür. O zaman Rusiya tərəfi ittiham etmək formal baxımdan çətin olacaq. “Vaqner” guya Rusiya hərbi komandanlığına tabe olmayan bir silahlı qruplaşma kimi təqdim olunacaq. Elə bu səbəbdən – Avropa ölkələrinin Rusiya qarşısında geri çəkilə biləcəyini nəzərə alaraq, ABŞ Dövlət Departamenti Ukrayna ilə təhlükəsizlik təminatları danışıqlarına başlayıb. Bu, o deməkdir ki, ABŞ Ukraynanın təhlükəsizliyinə cavabdehliyi öz üzərinə alaraq Rusiya ilə birbaşa təmaslara mandat qazanmış olur. Rusiyanın Suriya hökumətindən mandat alaraq ABŞ-a və başqa aktorlara qarşı Şam rejimini qoruduğu kimi. Proses Ukraynanın faktiki “Suriyalaşması”ndan gedir. Öz adı ilə desək, bölünməsindən.

Bəs bunun Azərbaycana hansı təsiri var və ya ola bilər? Belə bir təsir artıq göz qabağındadır. Bir az əvvəldə nəzərdən keçirdiyimiz ssenarilərdə Rusiya istədiyinə nail olmuş olacaq; öz ərazisi ilə Qərb – NATO arasında bufer zona əldə edəcək. Bununla da Rusiya öz resurslarını Ukraynadan çəkərək başqa ölkələrə yönəldə biləcək. Təbii ki, ağla ilk gələn Azərbaycan və Ermənistandır. Rusiya XİN departament direktoru, görün, nə deyir: “Azərbaycan və Ermənistan istənilən şərtlərlə sülh müqaviləsi imzalamağa hazır deyillər. Hələ həll olunmamış qalan mürəkkəb məsələlər var”. Yəni demək istəyirlər ki, Rusiya, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını istəmir. Hər halda ən azı indiki məqamda istəmir.

Bu, onsuz da aydın idi, amma Rusiya diplomatının müsahibəsindın sonra tam təsdiqini tapdı. Bu üzdən, Türkiyə və başqa güclər Ukraynadakı müharibə başa çatana qədər Rusiyanın Qarabağdan çıxarılmasına çalışırdı. Rusiya tərəfi isə iyulun 25-də Moskvada Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinə: “Qarşılıqlı güzəştlərə gedin” çağırışını edib. Eyni zamanda Denis Qonçar deyir ki, sülhün şərtlərini tərəflər özləri tapmalıdır. Azərbaycanla Ermənistan arasında “mürəkkəb məsələlər” qaldıqca, bu şərtləri uyğunlaşdırmaq çətindir. Bunu Moskva da gözəl bilir. Qərb dairələri isə Azərbaycanla Ermənistan arasında daha çox İrəvanı razı salacaq şərtlərlə sülh müqaviləsinin tezliklə bağlanmasına cəhd edir.

ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş müşaviri də Azərbaycan və Ermənistan rəhbərləri ilə bu məqsədlə görüşlər keçirir. Rusiya XİN rəsmisinin müsahibəsi əslində həm də buna cavabdır: “Biz  istəməsək, sülh olmayacaq” mesajıdır. Çünki sülh müqaviləsi bağlanandan sonra Rusiyanın Qarabağda hərbi varlığına formal ehtiyac da aradan qalxır. Moskva isə, bu ehtiyacın qalmasında maraqlıdır. Buna görə Laçın-Xankəndi yolundakı “humanitar təxribat”a həm Qərb, həm də Rusiya dəstək verir. Hərəsi öz məqsədi üçün Azərbaycana təzyiq göstərirlər. Azərbaycan bu təxribat qarşısında geri çəkilsə, Qarabağdakı erməni azlığına xaricdən humanitar qarantiyalara razılaşmış olacaq. Bunun da ardınca siyasi, təhlükəsizlik məsələləri gələcək. O səbəbdən Azərbaycan hunanitar yüklərin Ağdam-Xankəndi yolu ilə göndərilməsində israr edir.

Azərbaycan mümkün qədər tez bir zamanda Qarabağdakı erməni əhalini Azərbaycanın Konstitusiya məkanına qaytarmağa və Ermənistanla mümkün qədər tez bir zamanda sülh müqaviləsini imzalamağa çalışır. Buna nail olunmasa, istər Qərbdən, istər Şimaldan, hətta Cənubdan da bölgəyə və bu problematikaya “humanitar” müdaxilələr fəallaşacaq. Bu da ölkənin içindən hökumətə təzyiqi artıra biləcək faktordur. Buna görədir ki, rəsmi Bakı eyni vaxtda həm Ermənistanla münasibətləri və Qarabağdakı əhalininin gələcəyini legitim məcraya yönəltməyə çalışır, həm də ölkə daxilində siyasi sistemi hüquqi baxımdan yenidən formatlamaqdadır. Xaricdən dəstəklənən qüvvələrə qarşı basqılar da, böyük ehtimalla, burdan doğur. Doğrudur, hər iki proses təbii olaraq ağrılı gedir. Ancaq iqtidar bu məsələlərdə çox israrlı görünür.

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »