Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Kremlin Mərkəzi Bankın işlərinə müdaxilə etməməsi buna nümunədir"
"Kremlin Mərkəzi Bankın işlərinə müdaxilə etməməsi buna nümunədir"

Mərkəzi Bank iqtisadiyyatdakı pul kütləsini tənzimləyən orqan olduğundan, onun müstəqillik məsələsi də məhz pul təklifini artırıb-azaltmaq funksiyasından irəli gələr. Çünki xüsusən böhranlı vəziyyətlərdə hökumətlər xərcləri və kəsri qarşılamaq üçün əlavə pul çapına ehtiyac duyurlar ki, bu da ilk növbədə qiymət sabitliyi, pulun alıcılıq qabiliyyəti və pul tədavülü mexnizminə mənfi təsir göstərdiyindən Mərkəzi Bankın maraqlarına uyğun gəlmir. Elə bu nöqteyi nəzərdən, müasir yanaşma Mərkəzi Bankların müvafiq çərçivə daxilində müstəqil orqan kimi fəaliyyət göstərməsini şərtləndirir.

Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Pünhan Musayev danışıb. Musayev qeyd edib ki, Mərkəzi Bankların müstəqilliyinə dair ilk çağırışlar hələ XIX əsrdə ingilis iqtisadçısı David Rikardo tərəfindən irəli sürülüb. Onun fikrincə, metal pulların əskinazları əvəz etməsi kağız və mürəkkəbə məhdudiyyət olmadığından, monetar ekspansiya üçün stimul yaradırdı ki, bu da nəticədə Mərkəzi Bankların statusunu kölgə altına almaqla, beləliklə pul siyasətini iqtisadi tələblərə əsasən tənzimləməyi qeyri-mümkün edirdi. Lakin, bu arqument Mərkəzi Bankların müstəqilliyinin artırılması üçün kifayət deyildi. Çünki ilk tezisin xeyli müddət əvvəl ortaya çıxmasına rəğmən, Mərkəzi Bankların müstəqilliyi məsələsi praktiki olaraq ötən əsrin sonlarına yaxın aktuallaşmağa başlayıb.

Pünhan Musayev Pünhan Musayev

“1970-ci illərdə “Bretton Woods” sisteminin çökməsi ilə ölkələrarası kapital axınlarının sərbəstləşməsi də Mərkəzi Bankların pul kütləsinə nəzarət imkanlarını azaldırdı. Bununla da, 80-ci illərin sonlarından başlayaraq ilk dəfə Yeni Zenlandiya, ardınca isə Kanada və İngiltərə kimi ölkələr öz Mərkəzi Banklarının müstəqilliyini artırmış oldular. Son bir neçə ildə isə bu qurumların müstəqil hərəkət etmələrinin əhəmiyyəti daha çox ön plana çıxmış oldu. Belə ki, ABŞ-ın eks-prezidenti Donald Tramp dönəmində və ondan sonra FED-in fəaliyyəti, həmçinin faiz təzyiqlərinin müşahidə olunduğu Türkiyədə son bir neçə ildə baş verənlər və habelə müharibə şəraitində olmasına baxmayaraq, Kremlin Rusiya Mərkəzi Bankının işlərinə müdaxilə etməməsi buna dair nümunələrin bir hissəsidir”- deyə iqtisadçı qeyd edib.

İqtisadçı vurğulayıb ki, Azərbaycan prizmasından baxdıqda isə, öncə qeyd etmək lazımdır ki Parlamentin tanımaq istədiyi müstəqillik texniki məsələləri əhatə edir. Yəni, müzakirə predimeti kimi monitorinq, aktivlərdən gəlirlər və öhdəliklər kimi amillərə toxunulub. Fundamental cəhətdən isə onsuz da Azərbaycan Mərkəzi Bankına belə bir muxtariyyətin verilməsi ciddi dəyişikliyə səbəb olmaz. Ona görə ki, əvvəla ölkə iqtisadiyyatı enerji sektoru üzərində formalaşdığından xərclər və büdcədə formalaşan kəsiri hökumət uzun illərdir məhz Neft Fondundan transfertlərlə təmin edir. Yəni, Mərkəzi Bankın pul emissiyasına və ona faiz endiriminə dair təlimata ehtiyac qalmır.

“Artıq iki ilə yaxındır ki, dövlət büdcəsi mütəmadi olaraq, profisitli icra olunur və əlavə vəsaitə bir o qədər ehtiyac olmur. Eyni zamanda Azərbaycan da inkişaf etməkdə olan digər ölkələr kimi dünya bazarında qiymət qəbul edən tərəf, başqa sözlə idxalçı olduğuna görə Mərkəzi Bankın inflyasiya üzərində təsirləri minimal olur ki bu amil də xüsusi əhəmiyyət kəsb edir. Digər tərəfdən, sabit valyuta məzənnəsi rejimində Mərkəzi Bank pul siyasəti üzərində nəzarətə tam sahib ola bilmir və bu da onun müstəqilliyinin qarşısında duran əsas maneələrdəndir. Mövcud vəziyyətdə isə Azərbaycan manatının ABŞ dollarına “peg” edilməsi və qiymət sabitliyini təmin etmək baxımından məzənnə rejiminin faiz dərəcəsi mexanizmini üstələməsi heç pul siyasətinin özünün belə geniş areala malik olmadığını göstərir”,- deyə Pünhan Musayev izah edib.

İqtisadçı hesab edir ki, bir gün bu gedişat da dəyişəcək, neft erası bitəcək və sabit kurs öz dayanıqlılığını itirəcək. Resurs gəlirlərinin olmaması və büdcə kəsrinin maliyyələşməsi, əlavə olaraq inflyasiya hədəflənməsinin məzənnə siyasətindən faiz tənzimlənməsinə keçidi bizi də Mərkəzi Bankın statusunu, real iqtisadi müstəqilliyini yenidən götür qoy-etmək zərurəti ilə üzləşdirəcək. Bu da Mərkəzi Bankın şəffaflıq və hesabatlılığı, həmçinin üzvlərinin siyasi mənsubiyyətindən bilavasitə irəli gələn məsələ olacaq.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »