Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Beynəlxalq araşdırma Azərbaycanda ibtidai sinif şagirdlərinin aşağı səviyyəsini aşkara çıxarıb
Beynəlxalq araşdırma Azərbaycanda ibtidai sinif şagirdlərinin aşağı səviyyəsini aşkara çıxarıb

PIRLS beynəlxalq tədqiqat layihəsi dünyanın müxtəlif ölkələrində ibtidai sinif şagirdlərinin mətni oxuma və anlama səviyyəsini, keyfiyyətini müqayisə etməyə, eləcə də milli təhsildəki fərqləri müəyyənləşdirməyə imkan verir. Araşdırma beş ildə bir dəfə həyata keçirilir. İndiyə qədər beş nəticə açıqlanıb. Bu günlərdə son nəticə barədə məlumat verilib, 2021-ci ilin göstəriciləri elan olunub.

Bizimyol.info xəbər verir ki, beynəlxalq araşdırma Azərbaycanda ibtidai sinif şagirdlərinin səviyyəsinin aşağı olduğunu ortaya çıxarıb. Bizim ölkənin bu vaxta qədər aparılmış tədqiqatlarda ən aşağı göstəricisi qeydə alınıb. Azərbaycanın ibtidai sinif şagirdləri maksimal nəticənin təxminən 60 faizini əldə edə bilib, 700 mümkün xaldan 440-ı toplanıb. Bununla da geriləmə rəsmiləşib. 2011-ci ildə bizim ibtidai sinif şagirdlərinə 462, bundan beş il sonra isə 472 bal verilmişdi.

Qiymətləndirmə zamanı koqnitiv testlərdən, sorğulardan istifadə olunur. Bu tədqiqat daha çox ibtidai məktəbin dördüncü sinfini bitirən şagirdlərin biliyini yoxlayır. Çünki məktəbdə təhsilin dördüncü ili uşaqların inkişafında mühüm mərhələ hesab edilir. Bu zaman şagirdlər oxumağı qənaətbəxş səviyyədə mənimsəməlidirlər.

Sıralamada dünyanın inkişaf etmiş ölkələrinin liderlər qrupunda yer alması təbiidir. Sadəcə, Azərbaycanın Trinidad və Tobaqodan, Bəhreyndən, Gürcüstandan, Qazaxıstandan geri qalması istər-istəməz kədərli mənzərə yaradır. Təhsil funksionerləri, adətən, iddialı danışırlar.

Ölkədə ibtidai təhsilin keyfiyyətinin aşağı səviyyəsini müşahidə etmək üçün mütəxəssis olmağa da ehtiyac yoxdur. Uşaqları yükləməklə keyfiyyətli təhsil görüntüsü yaradırıq. Yaradıcı düşüncə, məntiq aşılaması istənilən səviyyədə deyil. Hər şeydən əvvəl metodika doğru seçilmir.

Bundan başqa, sosial-iqtisadi amillər də özünü göstərir. Buna əmin olmaq üçün tədqiqatın ayrı-ayrı istiqamətlər üzrə nəticələrinə diqqət yetirmək kifayətdir. Azərbaycanda yüksək sosial-iqtisadi statuslu ailələrin uşaqlarının orta göstəricisi 486 baldır. Aşağı sosial şərtlərlə yaşayan şagirdlərdə isə 419 baldan söhbət gedir.

Təkcə ibtidai sinif səviyyəsində yox, ümumilikdə təhsildə yanaşma, iş metodu dəyişməlidir. Geriləmə göz qabağındadır. Vəziyyət getdikcə pis olacaq.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »