Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Dünya ətrafında rəqs"
"Dünya ətrafında rəqs"

Sürgün də yaşadı, təqib də, qəribçilik də; ölkədə hökmranlıq edən qəddar rejim onun şeirlərinə dözmədi; ölkədən qovdu. Bu addan qorxdular. Əqrəb oddan qorxan kimi.

Həmin o məşhur Vətənsizin - mühacir şairin mənzum parçalarında Niderland rəngkarlığının motivləri incə xətlə keçirdi.

Keys Berheyl Sovetlərin "antisovet" çıxardığı və... ölkədən çıxardığı Rusiya əsilli Amerika şairi ilə görüşlərindən bir maraqlı kitab yazıb. “Dünya ətrafında rəqs” adlı həmin əsərində Keys Berheylin belə bir təəssüratı da yer alıb: onun yaratdığı “şedevrlərdə incə gizlədilmiş Rembrandt assosiasiyasının xəfif əsintiləri hiss olunur”. Müəllif özü də elə bu kitabında Rembrandtın, eləcə də, Karl Villinkin illüstrasiyalarını yerləşdirib.

Bunları yazmaqda məqsədim Nobel ödüllü söz ustası İosif Brodskinin bioqrafiyasını və yaxud yaradıcılığını təhlil etmək deyil; bu, əsl yazacaqlarıma girişdir.

Bu arada onu da deyim: Brodskini öz Vətənindən qovmuş dövlət dağıldı (hərçənd  adamlar var ki, deyəsən, Sovet dövlətinin dağılmasından xəbəri yoxdur elə bil). Bəli, o fövqəldövlət öldü, getdi. Brodskinin isə ölümündən sonra da sözü sapsağlamdır.

Brodskinin taleyi də göstərdi ki, Dünya boyu çox yerdə siyasətin, ümumiyyətlə, başqa sferaların təmsilçiləri mədəniyyətə, eləcə də, ədəbiyyata yuxarıdan baxır. İmkan düşən kimi sıxışdırıb əzməyə çalışıblar.  Bəlkə bu üzdən sənət özünün çeşidli şedevrlərini bir-birində yaşatmağa hər zaman özən göstərib. Bütün yaradıcı başlanğıclar sanki iç-içədir. Misal: məşhur yapon yazıçısı Haruki Murakaminin “Norveç meşəsi” romanında klassik Qərb musiqisinin inciləri incə zövqlə və yüksək şövqlə incələnib. Çağdaş rəssamlar klassik ədəbiyyatın motivlərini öz miniatürlərində yaşadırlar. Frederik Şopenin simfoniyalarına Şərq musiqi klassikasının, xüsusilə, "Bayatı-Şiraz" muğamının ladları ayrıca bir melodik estetika qatıb. Yaxud məşhur fransız romançısının bədii süjeti Nizamülmülkün müdrikliyinin fəlsəfi dərinliyindən və Ömər Xəyyam rübailərinin poetik zərifliyindən keçib...

Bəzən adama elə gəlir ki, antik və  orta çağlarda siyasət də, hərb də sənətə, elmə, mədəniyyətə daha həssas və daha duyarlı olub. Amma yox! Bu, bütün tarix boyu beləydi və indi də belədir.

Bəli, keçmişdə hökmdarlar işğal etdikləri məmləkətlərin ən sağlam və gözəl qızlarını seçib saraylarına aparırdılar. Qalib məmləkətin hakim genini daha da sağlamlaşdırıb gözəlləşdirmək üçün. Amma ən çox mahir rəssamları, memarları, nəqqaşları, musiqiçiləri, şairləri, filosofları... özləri ilə götürürdülər. Eləcə də, qiymətli sənət şedevrləri qənimət kimi yağmalanırdı; Avropa qalareyaları "vəhşi" adlandırdıqları Şərqin sənət mücəffərləri ilə doludur. Hindistana aid tarixi qədimliyin və mədəni əslliyin "itirilmiş" izlərini axtaracaq olsan, London muzeylərində, ya da kral saraylarının interyerində tapacaqsan.

Bu yağmalama başqa formalarda indi də davam edir. O zaman sənətkarlar əsir alınırdılar, şedevrlər qarət olunub mənimsənilirdi. Ancaq indi yoxsul və bədbəxt məmləkətlərin sənətkarları və sənət əsərləri azad və xoşbəxt ölkələrə "könüllü qrant"la axır.

Planetimiz artıq böyük kənddir; yüksək Sənət harda gerçək dəyər ekvivalentini tapa bilirsə, oranı özünə Vətən seçir. Çünki sənət təbiətən azadlığı sevir; yüksək sənətin zəmini azadlıq duyğusudur. Yalnız azad ortamda böyük sənət yaranır. Zorun səltənət sürdüyü, zülmün tüğyan etdiyi yerdə sənət şikəst olur; lalın çıxardığı anlaşılmaz səslərə nitq və ya musiqi deyə bilərikmi? Yox!

Susdurulmuş cəmiyyətlərdə ən faciəli susqun da elə əsl sənətin özü olur.

Ancaq bütövlükdə mədəniyyətin hakimiyyəti gec-tez siyasətin hakimiyyətinə qalib gəlir. Həm də mədəniyyətin hakimiyyəti siyasətin hakimiyyətindən daha geniş coğrafiyanı, daha çox insanı əhatə edir. İnsanlar siyasətin hakimiyyətinə ya zorla, ya da maraqlarına görə tabe olur, Sənətin hakimiyyətinə isə sevə-sevə, ürəkdən.

Məhəmməd Füzuli də öz "Padişahi-mülk"ündə bu gerçəyi yazmışdı.

Bir dəfə bu fikir demişdim: “Elə şəxsiyyətlər var, öz ölkəsindən böyükdür”. Bu fikrimlə mübahisə edənlər tapıldı, təbii ki. Buna cavab olaraq Qabriel Qarsia Markesi misal da çəkmişdim. Kolumbiya – zəngin, ancaq bədbəxt, başqa sözlə bədbəxt zəngin Latın Amerikası ölkəsi hansı dövlətlərlə qonşudur? Braziliya, Venesuela, Ekvador, Peru, Panama ilə. Yəni bu ölkələrin başladığı yerdə Kolumbiyanın coğrafiyası bitir. İndi soruşuram: bəs Markesin "sərhədləri" harda bitir?! Kolumbiyanın əhalisi çoxdur, yoxsa  Markesin oxucuları?! Bu nöqtədən baxsaq, Çingiz Aytmatov Qırğızıstandan, gör, nə qədər böyükdür.

Mədəniyyətin hakimiyyəti siyasətin hakimiyyətindən daha möhtəşəmdir. Böyük ədəbiyyatın hakimiyyəti də eləcə. Daha geniş coğrafiyanı və daha çox insanı əhatə edir. Bəs Azərbaycanın özündən böyük şəxsiyyətləri varmı?! Var! Biri elə Nizami Gəncəvi. Soruşarsınız ki, Nizamini dünyada oxuyub başa düşən nə qədər adam var?! Doğrudur, Dünyada hamı dizini qatlayıb Nizamini oxumayıb, amma Nizaminin hikmətləri dünyada  hər kəsə çatıb. Çoxu heç bilmir ki, bu bildikləri Nizaminin bildikləridir. Nizaminin 12-ci əsrdə bildiklərini Dünya indi bilirsə, bu, mənim fikrimin təsdiqi deyil də, nədir?! Biz bir adamın qələbəsindən danışmırıq. Hərçənd Nizami, məsələn, Dünyanı öz fikrinin gücünə, fəlsəfi-poetik Sözünün iqtidarına tabe edə bilib.

Bəzən görürsən, bir adam gözəl bir şeir deyir, ya bir mahnını zümzümə edir, müəllifini soruşsan, bilməyəcək. Məgər Fellininin bütün filmlərinin Felliniyə məxsus olduğunu hamı bilir?! Çox az adam titrləri yadda saxlayır. Hətta filmlərdə əziyyəti olanların çoxu titrlərdə "...və başqaları" deyə "gizlədilir". Adamın Sözünü tanısınlar, özünü hamı tanımaz ki. Gerçəkdən yaradıcı insana Allah özü öz sifətlərindən verir, zərrə qədər də olsa, özünə bənzədir. Allahı da heç kim görməyib, ancaq sözləri hamıya çatıb.

Allah demişkən, dini kitabların özü də həm də sənət şedevrləri deyilmi?! Din də öz hökm və hikmətlərini insanların qəlbinə çatdırmaq, ruhuna hopdurmaq üçün sənətə ehtiyac duyub hər zaman. Azan, eləcə də, kilsə zəngi, kilsə xoru, orqan musiqisi və sair. Dualar avazla oxunur, bu nədir?! Sənətin sehri deyilmi?! İnsanları dinə çağırmaq üçün musiqi melodiyalarına gərək duyulub. Yaxud ikonalar. Qiymətsiz sənət şedevrləridir.

Himni, gerbi, bayrağı olmayan dövlət varmı?! Yox! Hətta bunlar müstəqil dövlətçiliyin atributları sayılır. Döyüş bayrağı, marşı olmayan ordu varmı?! Yox! Loqosu olmayan şirkət varmı? Yenə yox! İnsanlar yaşadıqları evlərdə, iş yerlərində, biznesində söz sənətinə, rəssamlığa, memarlığa möhtacdırmı?! Bəli. Bir restorana müştərini ordakı dadlı yeməklərdən əvvəl çəkib gətirən o məkanın cazib eksteryeri, interyeri, deyilmi?! Restoran reklamlarında tez-tez rast gəldiyiniz element: canlı musiqi.

Futbol əfsanəsi Dieqo Maradonanı bilirsiniz. Onun uğuru futbolla incəsənətin sintezi idi; öz oyun hərəkətlərini Cənubi Amerikanın folklor rəqsləri üzərində qurmuşdu. Yaxud tibbi götürək: sağlıq sektoru musiqidən, təsviri sənətdən çox faydalanır. Xəstələrini sənətin ecazkar etkisi ilə müalicə edən həkimlərin uzun bir siyahısı var.

Təyyarədə uzaq məsafə uçuşlarında ən çox köməyinizə nə gəlir?! Musiqi, kino, ədəbiyyat...

Bəli, Dünyanı, insan cəmiyyətini mədəniyyətin hakimiyyəti idarə edir. Bir biznesmen 50 milyonluq varidata çatmaq üçün böyük-böyük müəssisələr qurmalı, illərlə, bəlkə də onillərlə sürən uzun zaman, nəhəng maliyyə xərcləməli, çoxlu insan resursları cəlb etməlidir. Ancaq bir rəssamın 50 milyonluq əsəri üçün bir molbert, fırça və qısa bir vaxt gərək olur. Bir musiqiçinin öz evində pianino arxasında oturub bir gündə yaratdığı əsər daha çox tanınıb sevilir, yoxsa bir iş adamının istehsal etdiyi məhsulun markası?!

Qobustan qayalarında təsvir olunan qədim insanları bizə nə ilə tanıdıb tarix?! Nə yeyib-nə içdikləri iləmi? Yox. Rəqs tərzləri ilə.

İnsanı yaşadan sənətdir. Elə sənətin özünü də. Siyasət də sənətə söykənir; rejissuraya, aktyor sənətinə və Sözə. Təbii ki, söhbət demokratiyaya əsaslanan - xalqdan hakimiyyət almağa hesablanmış siyasətdən gedir. Bir var, Sözün gücü, bir də var Gücün sözü. Bir var xalqdan alınmış hakimiyyət, bir də var xalqın əlindən alınmış hakimiyyət. Azad Sözün yaratdığı güc - demokratiyadır, qəddar Gücün diqtə etdiyi söz isə diktaturadır.

Demokratiya seçkilərdə udmaq deməkdir. Seçkini udmaq üçün isə insanların qəlbinə yol tapmalısan. Bax, orda sənin köməyinə incəsənət gələcək, söz gələcək. Ən uğurlu siyasətçilər ən mahir aktyorlardır. Dünyanın klassik demokratiyalarında böyük siyasətə gələn adamlar səhnə ustalarından dərs alırlar. Çünki əslində siyasət özü də incəsənətdir. Çox qaba adamın da yaratdığı və yaşatdığı, həm də ən çox qurban tələb edən incəsənət.

Beləliklə, hər bir halda Dünyanın önünü görən, yönünü cızan - Sənətdir. Sənətin özünü də yaşadan elə sənətdir. Başqa sözlə, Sənətdən böyük yenə də Sənətdir.

Yenə də xatırladım: məşhur fransız yazıçısı Giyom Musso yazır: "Sən bir sənət adamını öldürə bilərsən, bir sənət əsərini isə heç vaxt öldürə bilməzsən".

Nəsimini soydular, amma əsərləri qaldı. Lorkanı güllələdilər, amma əsərləri qaldı. Cavidi sürgündə bitirdilər, ancaq əsərləri qaldı... Məşhur rəssam Ələkbər Rzaquliyev Məmməd Əmin Rəsulzadənin şəklini çəkdiyinə görə repressiya illərində ölüm cəzasına məhkum edilmişdi. Sonra hökm həbslə əvəzləndi. Özü artıq bu dünyada deyil, ancaq...

Sənət sənətkarın özündən uzunömürlüdür.

Çox heyf ki, bizim çoxumuz toxuna biləcəyimiz, dada biləcəyimiz nəsnələrə dəyər verənlərik. Necə deyərlər: "Ayaq getdi, əl gətirdi, diş yedi". Toplumdakı yeyib-içmək kultu da burdanmış! Yeyib-içən oğlan obrazımız...

Keçmişdə də adamları boğazından asırdılar. İndi isə boğazından keçən loxmadan asırlar adamları.

Bu üzdən bədii, mətbu Sözə, Sənətə çoxumuz elə özündəşey kimi baxırıq; "olsa da olar, olmasa da olar" (olmasa bəlkə daha yaxşı olar) "prinsip"i ilə. Bundan da pisi Sənətə, Sözə düşmən kimi baxmaqdır.

Sözün, Sənətin azadlığı olmayan yerdə isə çox qorxunc və lap yekə bir... HEÇ NƏ var!

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »