Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əvəz Zeynallının məhkəməsi başladı: “Məmurların korrupsiyasını sərt tənqid etdiyimə görə həbs olunmuşam”
Əvəz Zeynallının məhkəməsi başladı: “Məmurların korrupsiyasını sərt tənqid etdiyimə görə həbs olunmuşam”

“Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı onunla birlikdə həbs olunmuş vəkil Elçin Sadıqovun onun əleyhinə ifadə verdiyinə görə sonradan azadlığa buraxıldığını iddia edir. Əvəz Zeynallı bu barədə martın 27-də öz məhkəməsində danışıb.

Bizimyol.info xəbər verir ki, Əvəz Zeynallının işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, “Səda TV” “youtube” kanalının əməkdaşı Elnur Şükürovla birlikdə mühakimə olunur.

Martın 27-də hakim Əli Məmmədovun sədrliyilə onların işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə iclasında Əvəz Zeynallı bildirib ki, onun haqqında cinayət işi əsassızdır, o, peşə fəaliyyətinə görə həbs olunub, məqsəd də onu susdurmaqdır.

“Mən məmurların korrupsiyasını sərt tənqid edən jurnalist olmuşam. Mənim həbsim azad sözün həbsidir. Bu cinayət işi birinci səhifəsindən sonuncusu səhifəsinə qədər saxtadır”, - Əvəz Zeynallı bildirib.

Onun sözlərinə görə, barəsindəki cinayət işinin Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) heç bir aidiyyəti olmadığı halda, uzun müddət bu qurumun təcridxanasında saxlanılıb: “Orada 66 gün təkadamlıq kamerada saxlanılmışam. 144 gün ailəmin, uşağımın səsini eşitməmişəm...”

Əvəz Zeynallı onunla eyni cinayət işi üzrə həbs olunmuş, bir həftə sonra ev dustaqlığına buraxılmış vəkil Elçin Sadıqov haqqında da danışıb. Onun sözlərinə görə, vəkil onun əleyhinə ifadə müqabilində azadlığa buraxılıb:

“Elçin Sadıqov da mənimlə eyni gündə, eyni ittihamla həbs olunmuşdu. Hanı indi? Mənim üzümə durmaq qarşılığında azadlığa buraxıldı. Onun qarşısında şərt qoydular, o da razılaşdı, qəbul edlədi və buraxıldı...”

Lakin dövlət ittihamını müdafiə edən prokuror Eldar Həmzə bildirib ki, Elçin Sadıqov haqqında cinayət işi ayrılıb və istintaq davam edir.

Digər təqsirləndirilən Elnur Şükürov bildirib ki, ondan da Əvəz Zeynallının əleyhinə ifadə vermək tələb olunub, lakin razılaşmayıb, bu səbəbdən həbs olunub: “Mən Əvəz Zeynallının üzünə durmadığıma görə tutulmuşam. Həbs eləməklə də kifayətlənmədilər. Sonradan DTX-da saxlandığım müddətdə də mənə təzyiq edirdilər. Kərəm Həsənovun adından yanıma adamlar gəlib, mənə təzyiq edirdilər. Düz beş ay mənə Lotu Qulinin ölüm işinə görə təzyiq elədilər. Əvəz Zeynallıya bunu de, onu de... Mən Əvəz Zeynallının əsirliyindəyəm...”

Elnur Şükürovun vəkili Ramil Əliyev də onun dediklərini təsdiqləyib. O bildirib ki, Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini (hazırda Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində İstintaq İdarəsinin rəisi) Mehman Hümbətov onun vasitəsilə Elnur Şükürovdan Əvəz Zeynallının əleyhinə ifadə verməyi tələb edib: “Açıq şəkildə dedi ki, yoxsa həbs olunacaq. Mən də dedim ki, bir neçə dəqiqə vaxt verin, özü ilə danışım. Danışdım. Elnur Şükürov imtina elədi. Bundan sonra Mehman Hümbətov müstəntiq Teymur Qarayevə dedi ki, “bunlar adam dilindən başa düşmür”.

Göstəriş verdi ki, həbslə bağlı sənədləri hazırlasın. O, faktiki vəkil kimi, məni də təhqir elədi. “Bunlar adam dilində başa düşmür” nə deməkdir?”

Əvəz Zeynallının vəkilləri onun şüşə qəfəsdən çıxarılması və müdafiəçilərinin yanında əyləşməsi, cinayət işinə xitam verilməsi, ev dustaqlığına buraxılması barədə vəsatətlər qaldırıblar.

Vəkillər həmçinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin İstintaq İdarəsinin rəisi Mehman Hümbərovun haqqında xüsusi qərar çıxarılması haqda vəsatət qaldırıblar. Onlar bildirib ki, Mehman Hümbətovun əməlində Cinayət Məcəlləsinin 288-ci (Ədalət mühakiməsinin və ya ibtidai istintaqın həyata keçirilməsi ilə əlaqədar hədələmə və ya zor tətbiq etmə) maddəsinin tərkib əlamətləri var: “Onun bu işə nə aidiyyəti var ki, gəlib Elnur Şükürova təzyiq göstərsin, vəkili və onun müdafiə etdiyi şəxsi təhqir eləsin? Bu, hüquq adına terrordur”.

Qaldırılan vəsatətlərdən yalnız məhkəmə prosesinin böyük zalda keçirilməsi məsələsinə hakimlər müsbət cavab verib. Digər vəsatətlərin heç biri təmin olunmayıb.

Əvəz Zeynallının işi üzrə məhkəmə prosesi aprelin 10-na təyin edilib.

Əvəz Zeynallı və Elnur Şükürova qarşı Cinayət Məcəlləsinin 178.2.1 (bir qrup şəxs tərəfindən dələduzluq), 311.3.2, 311.3.3, 311.3.4 (külli miqdarda, hədə-qorxu ilə, təkrar rüşvət alma), 32.4, 312.2 (rüşvət verməyə təhrik) və 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) maddələrilə ittiham irəli sürülüb.

Əvəz Zeynallı sentyabrın 10-da rüşvət ittihamıyla həbs edilib. Bu ittiham "Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovla bağlıdır. “Xural TV” rəhbəri 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün 20 min manat pul almaqda ittiham olunur.

Cinayət işində rüşvət ittihamı üzrə başqa bir epizod isə “Azəryolservis” ASC rəhbərliyindən rüşvət alınması iddiasıyla bağlıdır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »