Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 1.5 milyon mina basdırılıb, ərazi çirkləndirilib" - Video
"Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 1.5 milyon mina basdırılıb, ərazi çirkləndirilib" - Video

Avropa İttifaqı Azərbaycanda mina əleyhinə fəaliyyəti əhatə edən “Team Europe” (Avropa komandası) təşəbbüsünə start verib. Bununla əlaqədar mayın 3-də “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” adlı tədbir keçirilib.

Bizimyol.info xəbər verir ki, tədbirdə Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Piter Mixalko, Avropa Komissiyasının Qonşuluq və Genişlənmə danışıqları üzrə Baş direktoru Gert Jan Koopman, Avropa İttifaqına üzv dövlətlərin səfirləri iştirak ediblər.

Tədbirdə bildirilib ki, Avropa İttifaqı və bu quruma üzv dövlətlər Azərbaycanda mina əleyhinə görülən işlərə dəstək verən ən böyük beynəlxalq donor olub. Təkcə 2020-ci ildən Azərbaycanda humanitar mina əleyhinə fəaliyyəti dəstəkləmək üçün təxminən 10 milyon avro qrant yardımı göstərilib. Bu il Avropa İttifaqı və üzv dövlətlərin yardımıyla “Team Europe” Avropa Komandası təşəbbüsü çərçivəsində bu məbləğin 13 milyon avroya çatdırılacağı gözlənilir.

Avropa ittifaqına üzv ölkələrin hər birinin ayrıca dəstəyi barədə də məlumat verilib. Məlum olub ki, Fransa ANAMA-ya metal detektorları və 310 minatəmizləmə dəstinin verilməsi üçün 500 min avro, Sloveniya 50 min avro, Macarıstan 25 min avro vəsait ayırıb. Bundan başqa, minatəmizləmə fəaliyyətilə əlaqədar Beynəlxalq Qırmızı Xaç Komitəsinə İtaliya 500 min avro, Estoniya 50 min avro pul köçürüb. Almaniya Cənubi Qafqazda minaların qadağasını və Ottava Konvensiyasına qoşulmağı təşviq edən layihə üçün 560 min avro ayırıb. Xorvatiya isə Azərbaycana mina aşkarlayan itlər verib.

Avropa İttifaqına üzv dövlətlərin təxminən 2,75 milyon avroluq əlavə töhfələri planlaşdırılır. Bu vəsaiti isə Niderland, Almaniya, İtaliya, Fransa, Xorvatiya və Litva verəcək.

Prezidentin köməkçisi Hikmət Hacıyev tədbirdə çıxışında deyib ki, bu təşəbbüs Avropa İttifaqı ilə Azərbaycan arasında səmərəli əməkdaşlığın göstəricisidir. Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 1.5 milyon mina basdırılıb, ərazinin təxminən 12 faizi minalarla çirkləndirilib.

“Minalar məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmasına və bərpa işlərinin daha sürətlə aparılmasına mane olur”, - Hikmət Hacıyev bildirib. Prezidentin köməkçisi əlavə edib ki, bu vəziyyət humanitar fəaliyyətə ciddi təsir edir. Ona görə də bu prosesdə beynəlxalq ictimaiyyətin iştirakı, Azərbaycanla həmrəylik nümayiş etdirməsi vacibdir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »