Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıya yağan ilk qar və Saleh Məmmədovdan xalqa qarşı "sürüşmə fəndi"
Bakıya yağan ilk qar və Saleh Məmmədovdan xalqa qarşı "sürüşmə fəndi"

"Heç kim görmək istəməyən biri qədər kor, dinləmək istəməyən biri qədər kar deyildir”, Metyu Henri, ingilis yazıçısı

Səhər saatlarından etibarən yağan ilk qarla Bakı “ağ örpəy”ə bürünüb, temperatur kəskin şəkildə düşsə də, insanların üzündə ilk qarın sevincini müşahidə etmək olur. Ancaq ilk qar sevincini yaşayanlar elə həmişəki kimi paytaxtın mərkəzi küçələrində yaşayan sakinlərdir. Şəhərin mərkəzindən kənarda yerləşən bir çox qəsəbə və rayonlar üçün isə vəziyyət ürəkaçan deyil.

Vaxtında asfaltlanıb, təmir edilməyən, hər zaman “naməlum” səbəblərdən dolayı AAYDA-nın yol təmiri proqramına düşə bilməyən bir çox qəsəbələrin məhəllədaxili yolları payızın yağışı, qışın da qarı ilə “Off-road” yarışlarının ideal mərkəzinə çevrilir. Yağış və qarın yaratdığı bu “yarış mərkəzi”ndə yarışanlar isə “4x4” dizaynlı avtomobillər yox, yerli sakinlərdir. Gənclər bu yollardan rahatlıqla keçə bilsə də, adətən yaşı ötmüş qocalar və ya azyaşlı uşaqlar palçığa, gölməçəyə qərq olur, hərdən də buz tutmuş yollarda yıxılıb, yaralanırlar.

Etibar Cabbarov, Biləcəri bələdiyyəsinin sədri Etibar Cabbarov, Biləcəri bələdiyyəsinin sədri

Payız və qış fəsillərində həmin “Off-road” yarış mərkəzini xatırladan bölgələrdən biri də Binəqədi rayonunun Biləcəri qəsəbəsidir. Bu qəsəbənin bələdiyyə sədri Etibar Cabbarov ötən ilin oktyabr ayında – dövlət büdcəsindən məhəllədaxili yolların təmiri üçün vəsait ayrılan zaman söz vermişdi ki, dekabr ayınadək bu qəsəbənin bütün problemli yolları təmir ediləcək. Ancaq nəinki yollar təmir olundu, heç yollara sadə qum, çınqıl belə tökülmədi. Bələdiyyənin büdcəsində vəsait olmadığını, yollarda asfaltlama işlərini AAYDA-nın həyata keçirməli olduğunu bildirən bələdiyyə sədrinin bu fikrinə agentlikdən cavab olaraq bildirilmişdi ki, əgər bələdiyyə rəhbərliyinin marağı olsa, həmin yollara heç olmasa, qumdan, çınqıldan tökə bilər.

Biləcəridə qəsəbədaxili yollar

Beləliklə, sədr mətbuatı və yerli sakinləri yola verdi, qış gəldi və yenə məhəllədaxili yollarda necə deyərlər, aləm bir-birinə dəydi. İndi ərimiş qarın yaratdığı böyük gölməçələr, bataqlığa çevrilən palçıqlı yollarda yerli sakinlər rahat hərəkət edə bilmir. Uşaqlar qarın yağmasına sevinsələr də, böyüklər onlar qədər sevinci görünmürlər.

Belə havalarda əsas yollar buz bağlayır, qəzaların sayı çoxalır. Bəzən sürücülər belə havalarda əsas yollardan yox, məhəllədaxili yollardan istifadə edir ki, mənzil başına tez çata bilsin. Bu da həm məhəllə sakinlərinə, həm də bərbad gündə olan bu yollara əlavə problemlər gətirir. Maşınların məhəllə yollarını əsas yol kimi istifadə etməsi nəticəsində onsuz da bərbad gündə olan qəsəbədaxili yollar daha da palçığa, iri gölməçələrə qərq olur.

Biləcəridə qəsəbədaxili yollar

P.S. Qeyd edək ki, Biləcəri qəsəbəsinin daxili yollarla bağlı problemi ərşə dirənsə də, həm yerli bələdiyyə rəhbərliyi, həm də AAYDA-nın "sahibi" Saleh Məmmədovun "gözüdoymazlığı" üzündən əhali işgəncə altında yaşamağa davam edir. İllər ötüb keçir, amma həmin  yararsız qəsəbədaxili yollar  dövlət büdcəsindən ayrılmış milyonlarla manat vəsaitə baxmayaraq təmir edilmir, onun yerinə problemi olmayan, artıq asfaltlanmış yollara yenidən yamaq vurularaq "əsaslı təmir" kimi qeydə alınır. Qışda "qış yuxusu"na gedən yerli bələdiyyə rəhbərliyi isə yazın gəlişi ilə şirin yuxudan ayılır və sakinlərdən qanunsuz vergi tələb edir. Hal-hazırda Biləcəri bələdiyyəsi "qış yuxusu"ndadır.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »