Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İran Azərbaycana qarşı sərsəm bəyanatlar verən şəxslərə qarşı tədbirlər görməlidir"
"İran Azərbaycana qarşı sərsəm bəyanatlar verən şəxslərə qarşı tədbirlər görməlidir"

İran hökumətinin mövqeyindən qeyri-rəsmi çıxış edən siyasi təhlilçi Salar Seyfəddini özünün "Tvitter" hesabında Azərbaycana və onun Prezidentinə qarşı növbəti hədyan dolu paylaşım edib. O, qeyd edib ki, Bakının təhdidinin əhatə dairəsi sərhəddən ölkənin dərinliyinə çatıb.

"İran Şimali İraqla necə davranırsa, Bakıya qarşı da eyni davranışı göstərməlidir. Bu, qabaqlayıcı legitim müdafiə deməkdir. İranın xəbərdarlığı nəticəsində Əliyev öz qoşunlarını Sünikdən (Zəngəzur) çıxarmaq məcburiyyətində qaldı və bu, onun nüfuzuna zərbə vurdu".

Əslində İranda belə açıqlamaların verilməsinə sözün əsl mənasında alışmışıq. Yəni illərdir ki, belə sərsəm bəyanatlara şahidik. İran isə, öz ikiüzlü siyasətini davam etdirir.

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İran tərəfindən uzun müddətdir ki, Azərbaycana qarşı, xüsusilə, II Qarabağ Müharibəsindən sonra Azərbaycanın qələbəsini və regionda yeni reallıq formalaşdırmasını qəbul etməyən qüvvələr əsassız, absurd və reallıqdan kənar fikirlər səsləndirirlər. Bunu zaman-zaman əyalət molları səviyyəsində, bəzən rəsmi şəxslər səviyyəsində və siyasi təhlilçilər və ayrı-ayrı ekspertlər qismində, İranın müəyyən rəsmi mövqeyini özündə ehtiva edən fikirlər formasında yaymağa çalışırlar. Təbii ki, bunların heç bir əsası yoxdur.

Xəyal Bəşirov Xəyal Bəşirov

“Hadisələrin gedişatına, ümumiyyətlə prosesin mənbəyinə diqqət yetirdikdə, burada Azərbaycan tərəfinin tam haqlı olması ilə bağlı mövqe açıq şəkildə göz önündə canlanır. Azərbaycan İkinci Qarabağ müharibəsində 2 il bundan öncə öz ərazilərini işğaldan azad etdi və həmin ərazilərini işğaldan azad etdikdən sonra biz bir sıra ciddi reallıqların şahidi olduq. 30 ilə yaxın bir müddət ərzində qonşu bildiyimiz, dost bildiyimiz eyni mədəniyyətə və eyni tarixə bir sıra ciddi məqamlarla bağlı eyni prosesləri bölüşdüyümüz, xüsusilə də eyni dini bölüşdüyümüz, islam dininə aid olduğumuz İran dövlətinin tamamilə fərqli münasibətinin şahidi olduq. 30 ilə yaxın bir müddət ərzində bizim 20 faiz ərazilərimizi işğal altında saxlayan Ermənistanın həmin ərazilərdə müxtəlif cinayətlər törədməsini xüsusilə də dini, mədəni abidələrimizə, məscidlərimizə, qəbiristanlıqlarımıza qarşı vəhşiliklərin edilməsi, təhqiredici hərəkətlərin nümayişinə İran tərəfindən təpki olmalı olduğu halda çox təəssüflər olsun ki, İran tərəfi bunu müşahidə edib və eyni zamanda bəzi hallarla bağlı Ermənistan cinayətkarlarına müəyyən dəstək nümayiş etdiriblər” - deyən politoloq bildirib ki, bu islamla, müsəlmançılıqla eyni zamanda islam dünyası ilə daban-dabana zid olan bir siyasət, bir münasibətdir. Çünki məscid, qəbiristanlıq, qəbirdaşları dünyanın həryerində müsəlmanlar üçün müqəddəs hesab olunur.

Xüsusilə də məscidlər… 67 məscidin 65- nin yerlə yeksan edilməsi və məscidlərin qalmış hissələrində donuzların saxlanılması, əslində Azərbaycanın heç bir mövqeyi bəlli edilmədən İran tərəfindən sərt təpkiyə və eyni zamanda Ermənistana qarşı addımlar atmasına səbəb olmalı idi. Biz isə, bunun tamamilə fərqli formasını gördük.

Politoloq bildirib ki, bu zamana qədər Azərbaycanın İrana qarşı heç bir düşmənçilik siyasəti olmayıb. İranın özünün yürütdüyü siyasət nəticəsində özünü siyasi və iqtisadi blokadaya saldığına görə və dünyanın müxtəlif dövlətləri və təşkilatları tərfindən siyasi və iqtisadi sanksiyalara məruz qaldığı dönəmdə Azərbaycan bu sanksiyalara qoşulmayıb. Əksinə, zaman-zaman İrana qarşı dünyanın münasibətinin yumşalmasına səbəb olan addımlar atıb. Amma təbii ki,biz İranın tamamilə fərqli münasibətinə şahid olduq.

“Baxın, yenə İran dövləti həm II Qarabağ müharibəsinə qədər həm müharibə dövründə və ondan sonra da Azərbaycan ərazi bütövlüyünü pozaraq, Azərbaycanın sərhədlərini qanunsuz olaraq keçərək, Qarabağa humanitar yardım adı altında müxtəlif qanunsuz silahlar və digər əşyalar daşımışdır. Bunu humanitar addım olaraq, etdiklərini dilə gətirirlər. Əgər doğrudan da İran humanist siyasət yürüdürsə, humanitar yardımlar göstərirsə, bunu hətta Azərbaycan ərazi bütövlüyünü pozaraq, Azərbaycandan icazəsiz olaraq, sərhədlərimizi keçərək edirsə, bu halda hazırki məqamda humanist siyasətinə uyğun olaraq, buyursun sərhədlərini açsın və Azərbaycan dövləti İran ərazisində yerləşən Təbrizdə, Ərdəbildə və digər azərbaycanlıların yaşadığı geniş tərkibdə yaşadığı insanlara yardım göstərmək üçün Azərbaycan dövlətinə şərait yaratsın. Həqiqətən də humanitar yardım göstərmək hüququnu özündə ehtiva edirsə və bu humanitar yardım adı altında digər dövlətlərin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərin toxunulmazlığını pozarsa, Azərbaycan da etsin bunu”?- deyə politoloq qeyd edib.

Xəyal Bəşirov qeyd edib ki, İran dövlətinin bu addımları, İran dövlətinin müxtəlif simalarının rəsmi, qeyri-rəsmi şəxslərinin fikirləri əslində absurddur, əsassızdır. Azərbaycan ordusunu, silahlı qüvvələrini İranın təhdidindən və yaxud kimsələrin təhdidindən asılı olaraq, hər hansısa bir ərazidən çıxarmaq kimi addım atmayıb. Belə bir addım olsaydı, İran tərəfi bununla bağlı görüntülər yayardı. Çünki hazırki məqamda dünyada baş verən istənilən proseslə bağlı görüntülər əldə etmək çox rahat şəkildə mümkündür. İranın belə mövqe bildirməsi əslində onun Zəngəzur dəhlizinə qarşı olması ilə bağlıdır. Məsələ buna görə idi ki, İran tərəfi sərhədlərimizdə qanunsuz olaraq təlimlər həyata keçirirdi.

Eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı proseslər reallaşərkən İran tərəfi Ermənistanla İran arasındaki sərhədi İranın qırmızı xətti adlandırırdı. Yüksək səviyyələrdə bu fikirlər səsləndirilirdi. İran tərəfi də unutmasın ki, Zəngəzur dəhlizinin reallaşması əslində heçbir dövlətə, o cümlədən İranın Ermənistanla olan sərhədinə heç bir aidiyyəti yoxdur. Bu dəhliz və bu dəhlizin reallaşması tarixi zərurətdir, reallıqdır.

“Reallaşması nə İrana qarşı, nə Ermənistana və ya hər hansı bir digər dövlətə qarşı yönəlmiş bir adım deyil. Əksinə bu dünyanın iqtisadi coğrafiyasının, enerji coğrafiyasının formalaşmasında 100 il bundan öncə qırılmış bir zəncirin halqasının bərpası deməkdir.

Hazırkı Ukrayna müharibəsi ilə bağlı dünyanın qarşı durmada olduğu bir dönəmdə Zəngəzur dəhlizinin reallaşması əslində dünyanı bir sıra məqamlarla bağlı baş verən çətinliklərdən qurtulmaq şansı ilə üz-üzə qoyur. Çünki bugün dünyada taxıl, ərzaq böhranı, enerji böhranı yaşanır. Bu böhranların aradan qaldırılması ilə bağlı prosesdə Zəngəzur dəhlizi çox ciddi rola malik olan bir layihədir. Bu layihənin reallaşması burada əslində İranın və yaxud Ermənistanın, yaxud bir digər üşüncü tərəfin istəyindən və arzusundan asılı olan bir məsələ deyil, dünyanın marağında olan və dünyanın dəstəyinə tuş gələn bir layihədir” - deyən politoloqun fikrincə, bu cür absurd, əsassız və reallıqdan tam şəkildə kənar olan insanların eyni məzmunlu fikirlərini ciddiyə almağa ehtiyac yoxdur. Biz doğru siyasətimizi yürdürük.

Xəyal Bəşirovun fikrincə, bu siyasətimizin nəticəsində idi ki, artıq İran tərəfi özünün ali liderinin müşaviri səviyyəsində Azərbaycana münasibətdə çox fərqli fikirlər səsləndirdilər:

Vilayəti adlı müşavirin dilindən bu fikirlər səsləndirildi ki, “Azərbaycan xalqı İranın gözünün işığıdır. Azərbaycana qarşı hər hansısa bir təhdid qarşısında İran dövləti olacaq və eyni zamanda İranın heç bir dövlətə, o cümlədən Azərbaycana qarşı ərazi iddiası yoxdur, ona qarşı hər hansı bir hücum həyata keçirmək fikri yoxdur”…

İran əgər bu fikirləri səsləndirirsə, Azərbaycan tərəfi bu fikirlərə uyğun olaraq səmimi addımları da görmək istəyir. Çünki Azərbaycan artıq sadəcə bəyanatlardan və fikirlərdən asılı olan bir dövlət deyil. Azərbaycan sadəcə bəyanatlara və fikirlərə aldanan bir dövlət də deyil. Əgər İranın ali dini liderinin müşaviri səviyyəsində bu fikri səsləndirilirsə təbii ki, biz bunu əslində ali dini liderinin özünün fikirləri hesab edirik. Əgər bu fikirlər səsləndirilirsə bu halda İranın daxilində bu kimi ekspertlərin absurd və əsassız fikirlərinə İran tərəfi sərt reaksiya verməlidi.

İran əslində Azərbaycana qarşı sərsəm bəyanatlar verən şəxslərə qarşı tədbirlər görməlidir. Verilən sərsəm bəyantların İran rejiminin mövqeyini əks etdirməməsi ilə bağlı açıqlamalar verilməlidir. Belə olarsa, İran dövlətinin rəsmi şəxsinin ən son bəyanatlarını səmimi qəbul edə bilərik. Başa düşərik ki, həmin bəyanatlar əslində boğazdan yuxarı deyilən fikirlər deyil, İran dövlətinin Azərbaycana münasibəti tamamilə fərqli bir münasibətdir” - deyən Xəyal Bəşirov bildirib ki, əks təqdirdə bu kimi fikirlər bizim üçün heç bir ciddi əsas təşkil etmir, bizim üçün heç bir hüquqi nəticə doğurmur. Sadəcə, İran dövlətinin daxilində hələ də Azərbaycana qarşı anti-Azərbaycan siyasəti yürüdən qüvvələrin olmasından xəbər verir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »