Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Hər axşam 150 manat xərc çəkən üçün 20 manat cərimə nədir ki..."
"Hər axşam 150 manat xərc çəkən üçün 20 manat cərimə nədir ki..."

Yasamal rayonu, 2-ci alatava küçəsində yaşayan sakinlər məhəllənin ortasından keçən ensiz yolda tez-tez tıxacların olduğundan, hərəkət imkanının məhdudlaşdığından və maşınların yol kənarlarında necəgəldi parklanmalarından şikayət edirlər. Eyni zamanda bölgədə yerləşən Vərəm dispanseri ilə yanbayan yerləşən ağaclıqların kəsilib, orada restoran-kafe açılması və “Şamaxinka” adlanan ərazidə “Azərsu”nun yolboyu qazıntılar aparıb, həmin yerləri torpaqla doldurduqdan sonra asfaltlamaması barədə redaksiyamıza müraciət daxil olub.

Müraciət əsasında həmin əraziyə getdim. Qeyd edim ki, bu, 2-ci Alatavaya elə ikinci gedişim idi. Birinci gedişimdə də bu məhəllədə yaşayan sakinlər tərəfindən eyni problemlərlə müraciət daxil olmuşdu. Ancaq bu dəfə Alatavada çox şey dəyişib: zibil qutuları səliqə ilə düzülüb, yollar əvvəlki görünüşünə nisbətən, indi daha yaxşı şəkildə asfaltlanıb və hər hansısa kanalizasiya axıntısına da rast gəlinmir. Ancaq ötən dəfə hazırladığımız videoreportajda vəziyyət belə deyildi. Müşahidələrim bu ərazidə nisbətən müsbətyönümlü işlərinin aparıldığını göstərsə də, məhəlləyə daxil olan yolun kənarlarında hələ də park edilmiş avtomobillər var və həmin avtomobillər əsasən, səhərlər və axşamlar sıx tıxacın yaranmasına səbəb olurlar. Burada avtomobillərin parklanması barədə bir yol nişanı yoxdur, ancaq park edilməsini qadağan edən nişan da yoxdur. Yolun qarşı tərəfinə keçmək burada olduqca təhlükəlidir, çünki yol keçidi yoxdur. Qarşı tərəfdə duran məhəllə sakinindən soruşuram ki, yolu necə keçə bilərəm, keçid haradadır? Gülür və cavab verir: “keçidi neynirsən, keç də, cavan oğlansan”.

Məhəllənin ortasına doğru irəlilədikcə, yol da ensizləşir və bir avtomobilin çətinliklə keçdiyi bu yoldan iki avtomobil bir-birinə əks istiqamətdə şütüyür. Məhəllənin ortasından keçən bu yolda piyadalar üçün səki yoxdur, onlar arxa məhəllələrdən dolanaraq yolu getməli olurlar. Həmin dar, ensiz yoldan irəliləyib, Vərəm dispanserinin yerləşdiyi yola çıxdım. Qeyd edildiyinə görə, burada ağaclar kəsilib və çoxlu restoran-kafelər açılıb. Açığı, bu mənzərə ilə rastlaşmadım. Bəli, burada kafelər var, ancaq onlar bu günün, dünənin kafelərinə yox, on ilin kafe-çayxanalarına bənzəyir, təzə tikililərə qətiyyən bənzəmir. Kəsilmiş ağaclara, qurumuş kötüklərə də rast gəlmədim. Elə məhz həmin kafelərin içi ağaclarla, xüsusilə zeytun ağacları ilə dolu idi. Ətrafı da həmin ağaclarla əhatə olunub. Yol örtüyü isə asfaltlanıb, kənarlarda bir neçə dəlik olsa da, bu, ötüşən avtomobillərə problem yaratmır və həmin dəliklərə Bakı yollarının bir çox hissəsində rast gəlmək olur.

Vərəm dispanserinin yanından üzü “Alov” zavoduna doğru irəliləyirəm. Asfalt örtüyünün yeni salındığı açıq-aşkar görünür. Zavodun yanında isə avtomobillər park edilib. Həmin avtomobillərin bir hissəsi üçün parklama yeri ayrılsa da, digərləri üçün belə bir yer yoxdur. Buna baxmayaraq, ərazidə salınmış parkın qarşı tərəfi avtomobillərlə doludur. Sakinlər müsahibə üçün yanaşmırlar. Hər kəs, “az aşım, ağrımaz başım” deyib, uzaqlaşır. Nəhayət, Nadir (əmək fəaliyyətinə problem yaradılmasın deyə, adını şərti olaraq qeyd edirəm - M.Ş) adlı parklama nəzarətçisi ilə ünsiyyət qura bilirəm. Nadir dayı deyir ki, burada tıxaca səbəb parklanma deyil və bu parklanmanı ümumiyyətlə, qanunsuz hesab etmək olmaz: “Burada parklanmanı qadağan edən yol nişanı görürsənmi? Yoxdur. Əgər qadağa nişanı yoxdursa, deməli, parklama qadağan hesab edilə bilməz. Yaxşı, tutaq ki, mən düz bilmirəm. Qarşıda taksilərin park edilməsi üçün nişan qoyulub, orda ayrı avtomobillər saxlaya bilməz, çünki yalnız taksilər nəzərdə tutulub. Əgər orda taksi yox, başqa avtomobil park edilsə, cərimələnəcək. Niyə? Çünki “znak” var – yalnız taksilər daxil ola bilər. İndi burda parklama nişanı yoxdur, amma qadağan edən nişan da yoxdur. Yol polisi gəlib, burda dayanan avtomobillərin şəklini çəkə bilməz. O zaman çəkə bilər ki, burada qadağanedici yol nişanı olsun.

2-ci Alatava

Qaldı ki, burada yaranan tıxaca,ona səbəb bu parklama yox, istirahət parkının yanında park edilmiş avtomobillərdir, hansı ki, orada saxlamaq qəti qadağandır və dəfələrlə cərimələnənləri görmüşəm. Axşam olanda, gəlib maşınlarını o üzdə park edirlər və istirahət parkında yerləşən restorana gedirlər. Bir neçəsinə də xəbərdarlıq etmişəm ki, burada saxlamasın, gəlib, cərimələyəcəklər. Deyiblər ki, problem deyil, qoy, nə yazırlar yazsınlar. Guya onların nə vecinədir? Hər axşam bu parkdakı restoranda yüz-yüz əlli manat xərc qoyub, istirahət edən üçün iyirmi-otuz manatlıq cərimə nə qədər çətindir ki? Yolun bu üzündə yox, o üzündə (parkın yanındakı yolu nəzərdə tutur – red) park edirlər, cərimələnməkdən də çəkinmirlər, çünki onlar üçün bu cərimə heçnədir. Əvəzində də yolda tıxac yaranır, axşamlar gediş-gəliş dayanır. Bir sözlə, burda tıxaca, gediş-gəlişə mane olan bu parklama yox, məhz həmin bu istirahət parkı, axşamlar bura avtomobilləri ilə dincəlməyə, əylənməyə gələn adamlardır. Onlar yolun qarşı tərəfində avtomobil park etməsə, nə tıxac olar, nə də başqa bir şey” – deyə, parklama nəzarətçisi bildirib.

Onu da qeyd edim ki, yolboyu qazılmış və asfaltlanmamış yola rast gəlmədim. 2-ci Alatavada "Vərəm" dispanserinin yanından “Alov” zavoduna qədər bütün yol yeni asfalt örtüyü ilə təmin olunub və nəzərə çarpmayan kiçik boşluqlardan başqa ciddi bir problem müşahidə edə bilmədim, nə də kəsilmiş və yerində restoran-kafelər açılmış ağacları...

Qeyd edim ki, bir neçə ay öncə bu küçədə yerləşən məhəllədə ciddi tıxac, asfalt problemi və anti-sanitar vəziyyət hökm sürürdü. Tıxac əvvəlki vəziyyətində qalsa da, digər problemlər aradan qaldırılıb.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »