Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yaradanın adı ilə"... çox təşəkkürlər!
"Yaradanın adı ilə"... çox təşəkkürlər!

Çoxrəngli sənədli filmin tanıtımından "ağ-qara" təəssüratlarım

"Yaradanın adı ilə"... İlahiyyat İnstitutuna yığışmışdıq. Ssenari müəllifi, istedadlı jurnalist Afaq Vasifqızı və rejissor Elnurə Kazımova film çəkib və "Yaradanın adı ilə" adlandırıb. Tanıtımına toplaşmışdıq.

...Bilirsiniz, Kuba lideri olmuş Fidel Kastro BMT Baş Məclisindəki çıxışı ilə Ginnesin Rekordlar Kitabına düşüb; ona söz veriləndə: "Sizi yormayacam, qısa danışacam" deyib, ancaq Kuba inqilabının uğurları və “çürüməkdə olan” beynəlxalq imperializmin “məkrli fitnəkarlığı” haqda öz tavtologiyası ilə bəşəriyyətdən 5 saata yaxın zaman "oğurlayıb".

Ancaq dünənki tanıtımda "Yaradanın adı ilə" filminin operatoru ən qısa çıxış rekorduna imza atdı: "Bu filmi çəkməliydim, çəkdim". Və zal onu daha çox alqışladı.

Yəqin həm də ona görə ki, camaat qabaq sol sıranı "zəbt eləmiş" tünd göy kostyumlu, ağ köynəkli, qara qalstuklu deputatların və məmurların uzun, monoton və quru danışıqlarından çox yorulmuşdu. Axırdan-axıra gəlmiş, nəfəsini dərməyə macal tapmadan kürsüyə dəvət alan Qənirə Paşayeva istisna olsa gərək; onun çıxışı, bəli, məzmunlu və səmimi idi. Həm də predmetli. Bu da anlaşılandır;  telejurnalist, aparıcı keçmiş kimliyi – yaradıcı cövhəri var axı. Sənəti danışmaqdı.

İnstitutun rektoru və deputat Ceyhun Məmmədov, eləcə də, başqa iki məmur, demək olar, eyni şeyləri dedilər; dördünün əvəzindən biri də danışsaydı, olardı. İnsanların, xüsusilə zaldakı tələbə gənclərin eşitmə aparatına və qavrama sisteminə rəhmləri gəlsəydi kaş...

Bütövlükdə indiki məmurlarda (elə Sovetdənqalma əvvəlkilərdə də) çox qəribə bir cəhət var; çox standart cümlələrlə danışırlar. Hamının bildiyi, ya da eşitmək istəmədiyi şeylərdən danışırlar. Nitqləri hamısı eyni cür başlayır, eyni cür bitir. Ali hakimiyyət sahiblərinə mədhiyyə də ki öz yerində. Tam bir sxolastika. Bu adamların hamısı həm görünüşcə, həm də qafadan bir-birinin klonudur sanki. Ürəyimdə dedim: "Şükür sənə, İlahi, nə yaxşı məmur olmadım!"

Ancaq Allaha bir də ona görə şükr etdim ki, o tanıtımda canlı korifey - rejissor Ramiz Həsənoğlu da vardı. Üzüldüyüm nöqtə: təsəvvür edin, Ramiz Həsənoğlu kimi bir böyük ziyalı oturub sıradan bir ilahiyyat elmləri namizədinin təşrifini gözləməyə məhkum olunmuşdu. Sonrasında da klonlaşdırılmış məmurların tavtologiyasını dinləmək zorunda buraxıldı.

Ramiz Həsənoğlu, Nəriman Qasımoğlu kimi ziyalılara söz verilmədi belə. Bəlkə də özləri istəməmişdi, bəlkə də yox. Mənə həm qəribə göründü bu nüans, həm ağır gəldi. Axı biz hamımız Ramiz Həsənoğlunun sənətindən mənən qidalanaraq böyümüşük. Ancaq, görünür, bəzi adamlar heç böyüməyib. Ya da o qədər "böyüyüblər" ki, gözləri nəinki başının üstündə Ramiz Həsənoğlunu, heç ayaqlarının altını görmür.

İçimdən bir səs qopurdu o anlar: "Adamlar, sizi qiymətə mindirən cibinizdəki deputat mandatıdır, o da bu gün var, sabah yoxdur. Sənət və sənətkar isə əbədidir, o, özü bir dəyərdir. O, haqqında bəlağətlə kəlimələr israf etdiyiniz milli-mənəvi dəyərlərdən biridir”.

İçimdən gələn səsi birtəhər basdırdım. Toplaşdığımız səbəbin xatirinə.

Bəlkə də həmkarım Afaq Vasifqızı məndən inciyəcək (Elnurə Kazımovanı demirəm; məni tanımır ki, incisin). Bəlkə də növbəti tanıtımlarda görmək istəməyəcəklər. Deyəcəklər: "Film qalıb bir tərəfdə, sən nədən yazırsan?!" Amma o tanıtımdakı çıxışlarda Qənirə xanımın, iki müəllif xanımın çıxışları istisna olmaqla, film, doğrudan da, qalmışdı bir tərəfdə, məmurlar bir-birinə kürsüdən kompliment deyirdi. Hərdən də bir filmin təqdimatında olduqlarını xatırlayanda "Yaradanın adı ilə" nəsə bir-iki tərifli cümlə qururdular.

Seyran Səxavət deyir: "Cümlə qurmaq dövlət qurmaq qədər çətindir".

Bu dövlət adamları (ya da dövlətin  adamları) - deputatlar və məmurlar o tərifli cümlələri qurmaqda da çətinlik çəkirdi; filmin məzmunu, sənət estetikası baxımından dəyəri, ötürdüyü mesajların gerçək anlamı bəzən o sxolastikanın kənarında qalırdı.

Ancaq film, doğrudan da, tərifə layiqdir; iki gözəl xanım birlikdə özlərindən də gözəl film yaradıblar. Operator qardaşımızın isə kadrarxası... xarizması ortada. Müəllif xanımların çıxışındakı haqlı qürurlu həyacan da gördüyü işdən zövq alan yaradıcının təbii sentmentləri və anlaşılan duyğusal ruh halı idi...

Film ölkəmizdəki mənəvi bütövlük modelimizə tutulmuş bir güzgüdür. Haqqında çox danışmayacam; yüz eşitməkdən (oxumaqdan) bir dəfə görmək yaxşıdır. Mən gördüm, siz də baxın. Televiziyada, sosial şəbəkələrdə (vizual platformalarda) olacaq.

Mən bu işin bilicisi deyiləm; sıradan bir jurnalistəm. Ancaq bunu deyə biləcəm ki, filmin ideya yükü, müəllif işi, rejissurası, kadrlararası o keçidlər, səs, işıq  effektləri, görüntü keyfiyyəti, orda danışan insanların sosial-intellektual ranqı, ötürülən mesajların verbal ayar göstəriciləri... hamısı çox yüksək səviyyədə! Filmin konseptual həlli çox maraqlı və hətta ibrətlidir; az söz, çox təsvir.

Etifar edim ki, bu film çox ənənəvi bir fabula üzərində qurulsa da (necə deyərlər, məlumun elanı olmuş olsa da) mənə ötürdüyü emosional enerji, düşüncə dəyəri, vizual təəssürat... çox böyükdür.

Siz də, əziz oxucular, izləyicilər, hər biriniz başınızı işdən, qayğılardan qaldırın, bu filmə bir dəfə baxın, görün, mən deyən kimidirmi?!

37 dəqiqə zamandan başqa itirəcəyiniz bir şey olmayacaq, qazandığınız isə...

Nə isə. Artıq cümləyə gərək yox! Cümləniz baxın, özünüz görün...

Sadəcə, son cümləm: bu filmi yaradanlara "Yaradanın adı ilə" çox təşəkkürlər!

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »