"ABŞ rəsmi başsağlığı versə də, İran prezidenti İbrahim Rəisinin ölümü ilə bağlı yas saxlamır".
Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Konqresin Senatının Xarici Əlaqələr Komitəsində dinləmələrdə çıxış edib.
"Biz onun ölümünə qətiyyən yas tutmuruq", - deyə Dövlət Departamentinin Rəisinin ölümü ilə bağlı başsağlığı verdiyinə diqqət çəkən senator Ted Kruzun (R-Texas) şərhinə Blinken belə cavab verib. Kruz eyni zamanda BMT-nin Cenevrədəki mənzil-qərargahında İran prezidentinin ölümü ilə əlaqədar matəm əlaməti olaraq bayraqların yarıya endirilməsini biabırçılıq adlandırıb. "Biz bunu qətiyyən etməyəcəyik", - deyə ABŞ dövlət katibi vurğulayıb.
Senator həmçinin Blinkendən Raisinin ölümündən sonra “dünya üçün bunun xeyri” olub-olmayacağını soruşub. “Onun hakim və prezident kimi törətdiyi dəhşətli əməlləri və artıq bu işlərə qarışa bilməyəcəyini nəzərə alsaq, bəli. İran xalqı yəqin ki, daha yaxşı həyat sürəcək”, - deyə xarici siyasət idarəsinin rəhbəri bildirib.
Öz növbəsində, senator Con Barrasso (Vyominqdən olan respublikaçı) də Dövlət Departamentini başsağlığına görə tənqid edərək, qərarı şokedici adlandırıb və bunu “dəhşətli səhv” kimi xarakterizə edib. “Rəsmi başsağlığı verdik, düşmən olsa da və ya münasibətimiz olmasada dövlətlər liderlərini itirdikdə bunu edirik. Bu bir qaydadır”, - deyə Blinken buna cavab verdi.
Mayın 20-də Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ administrasiyasının İran prezidentinin ölümü ilə bağlı başsağlığı verməsini “standart təcrübə” adlandırıb.
Qadir, Bizimyol.info