Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səməni necə cücərdilir və səməni halvası necə hazırlanır...
Səməni necə cücərdilir və səməni halvası necə hazırlanır...

Qarşıdan Novruz bayramı gəlir. Novruz bayramının əsas simvollarından biri də səmənidir. Səməni bolluq simvoludur. Qədimdə insanlar səməninin necə cücərdiyinə baxaraq, ilin necə keçəcəyinə qərar verə bilirdilər. İnanclara görə, səməni yetişdirmək üçün insanın ruhu da, mənəviyyatı da, bədəni də təmiz olmalıdır. Əks halda səməni cücərməz. Əli əyri, dili yalan olan insan səməni cücərdə bilməzmiş. Adətən, səməni Novruzun ilk çərşənbəsindən cücərməyə qoyulur.

Səməni cücərtmək üçün əsasən buğdada istifadə edilir. Amma bəzən insanlar vəzəri tumundan da müxtəlif fiqurlar cücərdirlər. Ancaq əsas simvol buğdadan cücərdilmiş səmənidir.

Səməni cücərtmək üçün seçdiyiniz qaba uyğun olaraq buğda götürün. Buğdalar təmizlənməlidir ki, səməni yaxşı cücərsin. Sonra götürdüyünüz buğdanın üzərinə su töküb, pəncərinin və ya işıq düşən bir yerə qoyun, buğdalar şişib cücərənə kimi hər gün su verin. Buğdalar cücərdikdən sonra, onu seçdiyiniz qaba bərabər ölçüdə yayın, üzərinə yaş tənzif sərin və sulayın. Səmənini 1 gündən bir sulayın. Buğdalar cücərib qalxmağa başlayanda tənzifi götürün və yenə eyni üsulla su verin. Qeyd etdiyimiz kimi səməni pəncərinin qarşısında və ya günəş işıqlarının düşdüyü yerə olmalıdır. Əks halda cücərməz. Əgər səməni eyni boyda uzanmırsa, o zaman az olan hissəni günəş şüalarına doğru çevirin. Çünki daha tez uzanan hissə günəş şüalarından çox pay alır. Səməniyə düzgün qulluq edildiyi zaman bayram günündə onun uzunluğu 8-12 sm ola bilər.

Qeyd edək ki, səməninin cücərməsi, onu qoyan insanın əlinin düşərliliyindən çox asılıdır. Bəzi insanlar var ki, onlar səməni qoyduqları zaman hər cür qulluq etsələr də alınmır. Bəzi insanların əlində isə bu daha yaxşı alınır. İnanclara görə, səməni qoymaq üçün də pak olmaq, qüsl almaq lazımdır. Çünki səməni buğdadan hazırlandığı üçün müqəddəs hesab edilir.

Nənələrimiz Novruz ərəfəsində səməni halvası da hazırlayardı. İnanca görə, səməni Novruz süfrəsində mütləq səməni halvası olmalı imiş. Səməni halvasını hazırlamaq isə, o qədər də asan iş deyil. Bunun üçün bir neçə kiloqram təmiz buğda götürülür, yuyulur. Bir gün saxlanılıb, yenidən yuyulur. Buğdalar yumşalmağa və şişməyə başladığı zaman yaş bir torbaya tökülüb hər gün su vurulur və cücərməsinə baxılır. Buğdalar bir qədər cücərən kimi götürülür və əvvəllər taxtı üzərinə döyülürmüş, indi isə onu ət çəkən maşından da çəkmək olar. Daha sonra çəkilən buğda süzülür və səməni halvası bu suda yoğrulur. Əvvəllər səməni halvası iri mis tavalarda qovrulurmuş. Bu müddət 4, bəzən isə 6 saat çəkərmiş. Bundan sonra qovrulan və aramsız qarışdırıldığından qəhvəyi rəngə çalır. Bu zaman halvanın şərbəti də əlavə edilir. Səməni halvası hazırlanan zaman onun fərqli olması üçün qoz, fındıq ləpəsi müxtəlif ədviyyatlar, darçın, hil, mixək, zəncəfil, istiot və s. vurulur. Daha sonra əllə müxtəlif formalara salınaraq, soyumağa qoyulur.

İndi bu adət-ənənələrin çoxu unudulub. Hər şey hazır satıldığı üçün insanlar özlərini əziyyətə salıb, nə səməni cücərdirlər, nə səməni halvası bişirirlər. Ən yaxşısı isə öz əlinin məhsuludur. Biz də bu yazıda səməni və səməni halvası haqqında məlumat verib hazırlanma qaydasını sizə çatdırdıq.

Çərşənbəniz mübarək olsun, bayramınız xoş gəlsin.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »