Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azəristiliktəchizat”ın qaynaqçı, sakinlərin istilik dərdi
“Azəristiliktəchizat”ın qaynaqçı, sakinlərin istilik dərdi

(Replika)

Hər il olduğu kimi, bu il də noyabrın 15-dən Azərbaycanda, o cümlədən Bakıda növbəti istilik mövsümünə start verilib. Paytaxtın bəzi binalarına həqiqətən də istilik verilib.

Hər il olduğun kimi, bu ildə əhaliyə istilik verilməsində problemlər yaranıb. Şəhərin bəzi binalarına da, bizim bina kimi hələ də istilik verilməyib.

İlin yeddi ayı fəaliyyət göstərməyən “Azəristiliktəchizat” ASC-nin də məsələlərə çox "sərin" yanaşılması görünür onların il ərzində uzun müddət işləməməsi ilə bağlıdır. Bir növ işsizliyə adət ediblər.  Mövsüm başlayanda da əlləri işə yatmır.

Noyabrın 15-dən verilməli olan istilikdən Nizami rayonu Babək – 95 ünvanında hələ xəbər yoxdur. Əslində xəbər var, amma istilik xəbər deyil, “soyuqluq” xəbərdir. Beləki dünən 18.11.2021- saat 9 radələrində qurumun rəsmi səhifəsinə ünvanı göstərməklə istiliyin verilmədiyini bildirmişdim. Mənə cavab verildi: “Müraciətinizlə əlaqədar olaraq tərəfimizdən “Azəristiliktəchizat” ASC-nin əraziyə xidmət göstərən 4 saylı İstilik Sistemləri İstismar Sahəsinə müvafiq göstəriş verilmişdir. Ünvan: Naxçıvanski 88, Əlaqələndirici şəxs: Əntiqə Səmədova (telefon nömrəsi) ”.

Zəng etdim. Əntiqə xanım bildirdi ki, binanın zirzəmisində boru partlayıb. Təmir işləri bitən kimi istilik veriləcək. Amma bunun nə zaman baş verəcəyini demədi.

Sakinlər bildirirlər ki, məhəlləyə döğrudan da gələn olub. Gəlib baxıblar, sonra onlar da Əntiqə xanım kimi, “boru partlayıb”, - deyiblər. Amma onlar xanım rəhbərlərindən fərqli olaraq, “qaynaq işi görülməlidir, bizim də qaynaqçımız yoxdur”,- deyə əlavə məlumat da verərək gediblər.

Beşinci gündür ki, bizim zirzəminin partlayan borusu “Azəristiliktəchizat”ın kabusuna çevrilib. Gecələr soyuqdan donan insanlar onların yuxusuna girir. Gündüzlər ağıllarından çıxmır. Amma bir qaynaqçı tapılmır ki, tapılmır.

Bəlkə biz bir qaynaqçı kirayələyək “Azəristiliktəchizat” ASC-nin əraziyə xidmət göstərən 4 saylı İstilik Sistemləri İstismar Sahəsinin mütəxəssisləri də gəlib “nəzarət” edləsin ki, boru yamansın və istiliyin verilməsi təmin olunsun? “Demokratiyada çarə tükənməz” və dözümlü xalqımız hər bir çətinligə sinə gərməyə qadir xalqdır.

Bəs ötən yeddi ay ərzində bu lənətə gəlmiş borunu niyə dəyişməyiblər görəsən?

“Azəristiliktəchizat”ın FB səhifəsinə yazdığım kiçik mesaja gələn reaksiyadan gördüm ki,  bu təkcə bizim binanın problemi deyilmiş, həmdərlərimiz çox imiş. "Ellə gələn bəla toy bayramdı", - deyirlər, amma burada nə toy var nə bayram, sadəcə işinə soyuq münasibət və soyuq mənzildə qalan insanlar var.

"Soyuq yerdə otur, qaynaqçısız yerdə oturma", bu da “Azəristiliktəchizat”ın atalar misalı toplusundan.

Qadir Həzi

Son xəbərlər
Bütün xəbərlər »