Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Taksi sürücüsü turist professordan 400 dollar “viza pulu” alıb
Taksi sürücüsü turist professordan 400 dollar “viza pulu” alıb

Türkiyənin ən çox əhalisi olan şəhəri İstanbul gözəl yerləri ilə yanaşı, həm də turistləri ilk imkandaca aldatmağa çalışan taksi sürücüləriylə ad çıxarıb. Qalmaqala çevrilmiş son hadisə isə tragikomediyadır, çünki aldadılmış şəxs adi adam deyil, professordur...

Bir müddətdir qardaş ölkədə məsələyə xüsusi diqqət ayrılmağa başlanılıb. Polis belə sürücüləri “iş başında” tutmaq üçün əməliyyat keçirir. Hüquq-mühafizə orqanlarının əməkdaşları bunun üçün hətta geyimini dəyişir. Onlar taksiyə ərəblərə xas olan geyimdə minir, sürücünü aldatmaq istədiyi anda xidməti vəsiqəsini göstərir. Beləcə, xeyli fırıldağın qarşısı alınıb. Həmin sürücülər isə inzibati xətaya görə böyük məbləğdə cərimələnib. Taksi fəaliyyətinə xitam verilənlər də var.

Bizimyol.info xəbər verir ki, İstanbul Bələdiyyəsinin başqan köməkçisi İbrahim Özkan növbəti fırıldaqçılıq aktından danışıb. Onun sözlərinə görə, taksi sürücülərindən biri əcnəbini şəhərin Anadolu hissəsindən Avropa tərəfinə aparmaq üçün ondan 400 dollar alıb. Əlbəttə, yetərincə böyük məbləğdən söhbət gedir. Amma işin faciə tərəfi həm də taksi sürücüsünün turisti şəhərin Anadolu hissəsindən Avropa tərəfinə keçmək üçün vizaya ehtiyac olmasına inandırmasıdır. Qonaq deyilənlərə inanıb və xidmət üçün 400 dollar ödəyib.

İbrahim Özkan əhvalatın təfsilatını öyrəndiyini bildirib. Taksi sürücüsü turisti inandırmaq üçün hətta bir müddət avtomobilini polis idarəsinin qarşısında saxlayıb. Əcnəbidə onun vacib prosesi həyata keçirdiyinə əminlik yaranıb.

İbrahim Özkanının bildirdiyinə görə, turist professor olub. Başqan köməkçisi əcnəbinin hansı ölkədən gəldiyini deməyib. Amma Özkan baş verən hadisəyə görə çox məyus olduğunu gizlətməyib.

Professor taksi sürücüsünün onu şəhərin Avropa hissəsinə gec aparıb çıxarmasına görə konfransa gecikib. Elm adamı gecikməsinin səbəbini həmkarına danışıb. Məhz bu məqamda onun aldadılması ortaya çıxıb. Konfransdakı Türkiyə vətəndaşları professora fırıldaqçı ilə qarşılaşdığını başa salıb. Məsələ böyüyüb, bundan şəhər rəhbərliyi də xəbər tutub. Ardınca belə taksi sürücülərinə qarşı reydlər yenidən artırılıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »