Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan Qarabağla bağlı müəyyən güzəştlərə gedə bilər”
“Azərbaycan Qarabağla bağlı müəyyən güzəştlərə gedə bilər”

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko çərşənbə günü telefonla Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderlərinin Dağlıq Qarabağla bağlı üçtərəfli razılaşmalarının həyata keçirilməsini müzakirə etdi.

"Ətraflı fikir mübadiləsi zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020 -ci il və 11 yanvar 2021 -ci il tarixli razılaşmalarının icrası da daxil olmaqla, ikitərəfli və regional gündəliyin bir sıra aktual məsələləri müzakirə edildi", - deyə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bizimyol.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi birgə mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin hər iki tərəfini ritorikanı əhəmiyyətli dərəcədə yumşaltmağa çağırıb.

“Bizim mövqeyimiz, liderlərimizin keçən ilin 9 noyabrında və 11 yanvarda üçtərəfli formatda təsdiq etdiyi sənədlərə tam sadiq olduğumuzdur. İndi prosesin yenilənməsindən deyil, artıq imzalanmış olanların həyata keçirilməsindən gedir. Və hər şeydən əvvəl, etibarlı təhlükəsizliyin təmin edilməsi və əlbəttə ki, etibarın bərpasına başlamaq lazımdır”, - deyə Lavrov qeyd edib.

Burada nəqliyyat əlaqələri və iqtisadi əlaqələrin blokdan çıxarılması üzrə baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupu xüsusi rol oynayır. Bu, tərəfin baş verənlərlə bağlı daha konstruktiv olmasına imkan verəcək çox vacib bir tədbir olacaq. Biz humanitar əlaqələrin, bütün səviyyələrdə əlaqələrin təşviq edilməsini əsaslı olaraq vacib hesab edirik və əlbəttə ki, hər iki tərəfdəki ritorikanı ciddi şəkildə əhəmiyyətli dərəcədə yumşaltmaq lazımdır. Bu, son və tam hüquqlu bir həll üçün şərait yaradacaq, buna şübhəm yoxdur",- deyə Lavrov bildirib.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə bildirib ki, bu mərhələdə sülh müqaviləsi üzərində heç bir danışıqlar aparılmır. “Danışıqlar başlasa, ATƏT MQ həmsədrlərinin müəyyən etdiyi prinsiplər əsasında mütləq Dağlıq Qarabağın statusu ilə bağlı olmalıdırlar",– deyə Mirzoyan vurğulayıb.

Zərdüşt Əlizadə Zərdüşt Əlizadə

Bu mövzuda Bizimyol.info saytına danışan politoloq Zərdüşt Əlizadə bildirib ki, əsas problem Ermənistanın status məsələsinin hər zaman birinci müzakirəsini tələb etməsindən yaranıb: “Ermənistan tərəfi deyir ki, birinci statusu danışaq, sonra ərazi bütövlüyü və sülh sazişi məsələsinə keçək. Azərbaycan tərəfi isə deyir ki, birinci qaçqınlar və məcburi köçkünlər öz torpaqlarına qayıtsın, sərhədlər demarkasiya və delimitasiya olsun, ondan sonra Qarabağ əhalisinin hüquqları barədə danışaq. Azərbaycan tərəfi “status” məfhumunu istifadə etmir. Ümumiyyətlə, hansısa xüsusi statusa Bakının razılaşacağını da düşünmürəm”.

Politoloqun sözlərinə görə, əgər Ermənistan tərəfi müəyyən güzəştlərə getsə, Azərbaycan tərəfi ilə milli-mədəni muxtariyyət barədə razılığa gələ bilər.

“Hətta muxtariyyət olmasa da belə, Azərbaycan müəyyən güzəştlərə gedər və onların təhlükəsizliyini təmin etmək üçün ciddi addımlar atılar. Bunun üçün isə zaman lazımdır. Sadəcə, hazırda elə bir vəziyyət yaranıb ki, nə danışıqlar gedir, nə də müharibə var. Sərhədlərdə də gərginlik çox sürə bilməz. Düşünürəm ki, artıq Ermənistan cəmiyyəti nələrin baş verdiyini anlamağa başlayır və sadə vətəndaşlar öz hökumətlərindən bu istiqamətdə konkret addımlar atmağı tələb edəcəklər”,- deyə Z.Əlizadə vurğulayıb.

Rusiyanın bu istiqamətdə “bəzən özünü kənara çəkməsi”, “bəzən də əvəzsiz vasitəçi” kimi çıxış etməsini də şərh edən Z.Əlizadə qeyd edib ki, Rusiya bu regionda heç bir məsələnin onsuz həll olunmasına razı deyil.

“Lakin o da məlumdur ki, Ermənistanla Azərbaycan vasitəçisiz öz aralarında razılaşa bilmirlər. Rusiya isə bu istiqamətdə çox da can yandırmır, çünki münaqişənin “isti” qalması Moskvaya sərf edir”,- deyə politoloq əlavə edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »