Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ naziri BlInken razılaşmaya ümidlidir: "Həmas-a səxavətli təklif etdik"
ABŞ naziri BlInken razılaşmaya ümidlidir: "Həmas-a səxavətli təklif etdik"

ABŞ dövlət katibi Blinken Ər-Riyadda verdiyi açıqlamalarda HƏMAS-a “səxavətli” atəşkəs layihəsi təqdim edildiyini bildirsə də, Həmas rəsmilərinin “ciddi problem yoxdur” açıqlamaları Qəzzada atəşkəs ümidlərini yenidən alovlandırıb.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünyanın bir çox ölkələrindən, xüsusilə də region ölkələrindən yüksək səviyyəli nümayəndələr Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Dünya İqtisadi Forumunun (WEF) sammiti üçün bir araya gəlib.

Qəzza müharibəsi sammitin ən mühüm mövzusu olsa da, İsrailin dəvət olunmadığı sammitdə mümkün atəşkəs və uzunmüddətli həll planları kontekstində bir çox görüş keçirilib. Oktyabrın 7-dən bəri yeddinci Yaxın Şərq turu çərçivəsində Ər-Riyada gedən ABŞ dövlət katibi Antoni Blinken də mümkün Rəfah əməliyyatı, atəşkəs razılaşması və İsrail-Səudiyyə Ərəbistanının normallaşması ilə bağlı qiymətləndirmələr edib.

HƏMAS-a göndərilən son təklifi "İsrail üçün fövqəladə səxavətli" olaraq xarakterizə edən ABŞ-lı nazir, qrupun "tez qərar verməsi lazım olduğunu" ifadə edərək əlavə edib: "Ümid edirəm ki, düzgün qərar verəcəklər". Mümkün atəşkəs razılaşması ilə bölgədəki "dinamikada köklü dəyişiklik" ola biləcəyini qeyd edən Blinken, əraziyə humanitar yardımların artırılması üçün atəşkəsin əldə olunmasını gözləməməli olduqlarını söyləyib. Blinkenlə eyni tədbirdə çıxış edən Misirin xarici işlər naziri Semih Şükri Blinkenin açıqlamalarına uyğun olaraq, HƏMAS-a təqdim edilən təklifin "hər iki tərəfin mövqeyini nəzərə aldığını" ifadə edərək, razılaşmanın əldə olunmasına "ümid etdiyini" söyləyib.

Ər-Riyad və Təl-Əviv arasında normallaşmanın təmin edilməsi üçün ABŞ-ın təmaslarına toxunan Blinken Vaşinqton administrasiyasının Səudiyyə Ərəbistanına verəcəyi təhlükəsizlik zəmanətləri paketinin demək olar ki, tamamlandığını bildirib. Blinken: "Ancaq bundan sonra normallaşmaya nail olmaq üçün Qəzzada əmin-amanlığın təmin edilməsi və Fələstin dövlətinin qurulması üçün etibarlı bir yola ehtiyac var", - deyərkən, tədbirdə çıxış edən səudiyyəli həmkarı Faysal bin Farhan da ABŞ-Səudiyyə razılaşmasının “çox yaxın” olduğunu bildirib. Vaşinqton administrasiyası Ər-Riyad və Təl-Əviv arasında normallaşmanı təmin etmək üçün Səudiyyə Ərəbistanına hərbi ittifaq tipli təhlükəsizlik zəmanətləri verməyi planlaşdırır. Digər tərəfdən, o, İsrailin müstəqil Fələstin dövlətinin yaradılmasına razılıq verməsini istəyir.

Blinkenin çıxışında toxunduğu digər məsələ İsrailin Rəfah şəhərinə qarşı mümkün əməliyyatı olub. İsrail, ABŞ-ın şəhərdəki təxminən 1,5 milyon köçkün fələstinli mülki vətəndaşın zərər görəcəyi səbəbiylə qarşı çıxdığı əməliyyata hazırlıqlarını davam etdirir. İsrail rəsmilərindən mülki şəxslərin təxliyəsi üçün planların hazırlandığına dair açıqlamalar olsa da, Blinken dünən: "Mülki əhalinin təsirli şəkildə qorunacağına tam əminlik yaradan bir plan görmədik",- deyib.

ABŞ naziri Blinkenin "İsrail üçün çox səxavətli" adlandırdığı atəşkəs razılaşması layihəsi dünən Qahirəyə gedən Həmas heyəti tərəfindən Misir və Qətər rəsmiləri ilə müzakirə edilib. "AFP"yə danışan yüksək rütbəli Həmas rəsmisi razılaşmanın təfərrüatları ilə bağlı "ciddi problemin olmadığını" və İsrailin maneə yaratmayacağı təqdirdə atmosferin müsbət göründüyünü deyib.

Amerikanın "Axios" xəbər saytına danışan İsrail mənbələri, müharibə başlayandan bəri ilk dəfə olaraq Təl-Əviv rəhbərliyinin “daimi sülhün bərqərar olması” üçün danışıqlara açıq olduğunu bildirib. Həmas davamlı atəşkəs, İsrail qüvvələrinin Qəzzadan tamamilə çıxarılması və məcburi köçkün fələstinlilərin Qəzzanın şimalına qayıtması ilə bağlı şərtlərdə prosesin əvvəlindən güzəştə getməsə də, yeni razılaşmanın hər iki tərəfə güzəştə getmək və uzunmüddətli sülh üçün danışıqlara zəmin yaratmağa uyğun olduğu bildirib.

Misir mətbuatının yazdığına görə, iki mərhələli razılaşma ilk olaraq 3 həftəlik atəşkəs və 30 israilli məhbusun azad edilməsini nəzərdə tutur. İsrail isə sayı hələ dəqiqləşdirilməmiş fələstinli məhbusları azad edəcək. İkinci mərhələdə, 10 həftəlik atəşkəs nəzərdə tutulur və tərəflər danışıqlar üçün daha geniş məhbus mübadiləsi həyata keçirəcəklər. Bundan əlavə, ən azı 300 min fələstinlinin Qəzzanın mərkəzi və şimal hissələrinə qayıtması planlaşdırılır.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqasının Qəzzada törədilən qırğına son qoymaq və daimi sülhü təmin etmək üçün yaratdığı Təmas Qrupu Ər-Riyadda bir araya gəlib. Sıx diplomatik trafik həyata keçirən xarici işlər naziri Hakan Fidan görüşün ikinci günündə həmkarları ilə təmasda olub. Fidan Malayziyanın baş naziri Ənvər İbrahim və ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb. Diplomatik qaynaqlardan əldə edilən məlumata görə, Fidan amerikalı həmkarına Qəzzadakı qırğına ən qısa zamanda son qoyulmalı olduğunu deyib; O, daimi atəşkəs və humanitar yardımın Qəzzaya çatması üçün İsrailə təzyiq edilməli olduğunu vurğulayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »