Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Nədənsə Milli Məclisə basqında fəal iştirak edən "jiletli gənclər" müəyyən olunmadı”
“Nədənsə Milli Məclisə basqında fəal iştirak edən "jiletli gənclər" müəyyən olunmadı”

“Milli Məclis bizim dövlətçiliyimizin sütunlarından biridir, o binaya hücum etmək nə ağlımdan keçmişdi, nə də həmin gecə belə bir şeyin baş verməsini ehtimal edirdim”.

Bu sözləri BizimYol.info saytına Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin sabiq müavini, hazırda şərti cəza müddəti çəkən Siyavuş Mustafayev bildirib.

Siyavuş Mustafayev Siyavuş Mustafayev

Qeyd edək ki, ötən il Tovuz döyüşlərinin gedişində şəhid olmuş general-mayor Polad Həşimovun nəşi Bakıya gətirilərkən, minlərlə insan Milli Məclis binasının qarşısında toplaşıb və bir qrup yürüş iştirakçısı parlament binasına soxularaq, dövlət əmlakına zərər vurublar.

Həmin hadisədən sonra saxlanılanlar arasında sabiq nazir müavini Siyavuş Mustafayev də olub. S.Mustafayev saytımızın “yürüşə hansı məqsədlə getdiniz?” sualına cavabında belə deyib: “Mən məhkəmədə də bunu demişəm. Həmin yürüşə məni milli hisslərim apardı. Mənim kimi, minlərlə insan qisas və qəzəb hissi ilə meydana axışmışdı. Lakin bu hisslər dövlətə və onun sütunlarına qarşı deyildi. Hadisələrin belə cərəyan edəcəyi heç kimin ağlına gəlməzdi. Məhkəmədə onu da vurğuladım ki, ora getməyimə peşman deyiləm, çünki hər hansı pis niyyətlə o yürüşə qatılmamışdım. Hətta yenə tutulacağımı bilsəydim, şəhidlərimiz üçün yenə meydana çıxardım. Parlamentə soxulmaq məsələsi isə heç də dövlət ittihamçısı tərəfindən iddia olunduğu kimi deyil”.

S.Mustafayev qeyd edib ki, bir qrup gəncin parlament binasına soxulduğunu gördükdə, irəli çıxaraq kütləni sakitləşdirməyə çalışıb və ondan sonra parlament binasına girərək, gəncləri ordan çıxarmağa çağırıb.

“Mən insanları çölə çağırdım və orda olanların 90 faizi mənim dinləyib binadan çıxdılar. Orda “wolt” yazılan jiletlər geyinmiş gənclər fəallıq edirdi. Bəzi şəxslər polislərin üzərinə motosiklet ilə hücum edirdi, polis maşınlarını aşırmağa cəhd edirdi. Ümumiyyətlə, polislə qarşıdurmada, həmçinin parlamentə soxulanlar arasında fəallıq göstərənlərdən bir tanış üzə də rast gəlmədim. Onların arasında müxalifətdən və ya ictimai sektordan tanıdığım heç kim yox idi. Nədənsə, həmin şəxslər müəyyən olunmadı, məsuliyyətə cəlb edilmədi”, - deyə S.Mustafayev vurğulayıb.

Həmsöhbətimiz hadisələrin həqiqətən də təxribat olduğunu təsdiqləyib: “Milli Məclisə basqın həqiqətən təxribat idi, amma burda mənim və ya müxalif qüvvələrin məqsədli şəkildə təxribat törətməsini demək absurddur. Açığı deyim, mənim məhkumluğum olub, 8 il həbsdə yatmışam. Parlament binasına qalxanda bir anlıq düşündüm ki, sonradan hansısa problem yarana bilər. Lakin gözümün qarşısında hadisələrin məcradan çıxması məni vadar etdi ki, vicdanımın səsinə qulaq asım. İnsanlara ucadan bağırdım ki, bizim məqsədimiz Qarabağı qaytarmaqdır, Milli Məclisi dağıtmaq yox... Ondan sonra bir çox insan sakitləşərək, küçəyə çıxdılar”.

O bildirdi ki, üzərində olan şərti cəza hökmü ilə bağlı Bakı Apelyasiya Məhkəməsinə müraciət edib, haqq-ədalətin bərpa olacağına ümid edir.

Rüfət Əhmədzadə

Son xəbərlər
Bütün xəbərlər »