Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Messini saxlamaq olmur” - “Barselona” azarkeşlərinə acı xəbər
“Messini saxlamaq olmur” - “Barselona” azarkeşlərinə acı xəbər

“Barselona” son onilliklərin ən ağır günlərindən birini yaşayır. Kataloniya klubu borc içində boğulur. “Barselona” rəhbərliyi Lionel Messini komandada saxlaya bilmir.

Bizimyol.info xəbər verir ki, argentinalı ulduzun klubla müqaviləsinin vaxtı bitib. Yeni anlaşmaya isə “Barselona”nın gücü çatmır. Həm Messini klubda saxlamaq, həm də adı transfer siyahısında olan Serxio Aquero və Memfis Depayı almaq üçün futbolçuların yarısı satışa çıxarılmalıdır.

“Barselona”nın borcları 1 milyard 173 milyon avroya çatıb. Bu isə İspaniya La Liqasının qaydalarına ziddir. “Barselona” bu qədər borcla transfer siyasəti həyata keçirə bilməz.

Xoan Laporta klub prezidenti postuna böyük ümidlərlə gətirilmişdi. O, sələfi Xosep Maria Bartomeunun yaratdığı maliyyə böhranına son qoymalıydı. Amma Laportanın böyük yükün öhdəsindən gələcəyi çox inandırıcı görünmür.

Pandemiya “Barselona”ya böyük zərbə vurub. Klubun gəlirləri 30 faiz azalıb. Əvvəlki rəhbərliyin həyata keçirdiyi transferlər də “Barselona”nı ciddi sarsıdıb. Borcun 323 milyon avrosu işdə yol verilən qüsurlara görə yığılıb.

“Barselona” artıq saydığı futbolçulardan təcili yaxa qurtarmalıdır. Prosesin başladığını demək olar. Fransisko Trinkao “Vulverhempton”a icarəyə verilib. Mateus Fernandeslə müqavilə qarşılıqlı pozulub. Konrad de la Fuente, Jan-Kler Todibo və Xunior Firpo ilə yollar ayrılıb. Beləcə, transfer bonusu və maaşları nəzərə alsaq, 25.7 milyon avroya qənaət edilib. “Barselona”nın yarası isə bununla sağalmır.

“Mundo Deportivo”nun yazdığına görə, Kataloniya klubu daha 3 futbolçuya sərbəst agent statusu verməyə hazırlaşır. Fillippe Koutinyo (28 milyon avro), Samuel Umtiti (20 milyon avro) və Miralem Pyaniçin (16 milyon avro) gedişi cəmi 64 milyon avroya qənaət etməyə şərait yaradacaq. Deməli, ideal ssenari halında ümumilikdə 89.7 milyon avronu qorumaq mümkün olacaq.

“Barselona” Aquero ilə Depaydan başqa, Erik Qarsiya və Emerson Royalı heyətinə cəlb etməyi planlaşdırırdı. Dörd futbolçunun ümumi məvacibi 29 milyon avroya çatır. Bu isə yenə də Messiyə yeni müqavilə təklif etməyə imkan vermir. Argentinalı ulduzun gedişi isə klub üçün böyük eranın sona çatması deməkdir.

Son xəbərlər
Bütün xəbərlər »