Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ən yaxşı tank komandiri Həmid: “İntiqamımızı aldıq” - Video
Ən yaxşı tank komandiri Həmid: “İntiqamımızı aldıq” - Video

Müqəddəs Vətən Müharibəmizin qəhrəmanlarını sizə tanıtmağa dava edirik.

Bu dəfəki qəhrəmanımız raketlə vurulan tankın içindən ağır yanıq xəsarətləri ilə çıxan, lakin yenidən ordu sıralarına qayıdan baş leytenant Həmid Həmidlidir.

- Həmid istəyirəm özün haqqında məlumat verəsən.

- 1996-cı il iyulun 28də Beyləqanın Nilabad kəndində anadan olmuşam. 2010-cu ildə Naxçıvanski adına hərbi liseydə, daha sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil almışam. Məktəbi başa vurandan sonra, 2017-ci ildə N saylı hərbi hissədə taqım komandiri təyin edildim. Xidmətdə fərqləndiyimə görə, 6 ay sonra tank bölüyünün komandiri təyin edildim. 2019-cu ildə ən yaxşı tank bölük komandiri seçildim, həmçinin bölüyüm də Azərbaycan Silahlı Qüvvələrinin ən yaxşı tank bölüyü seçildi. 2020- sentyabrın 27-də Füzuli, Cəbrayıl, Hadrut istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Oktyabrın 8-də tankda ağır şəkildə yaralandım. Tankımız raketlə vuruldu. Amma mən və 3 heyət üzvü ağır yanıq yaraları ilə tankdan çıxa bildik. Bundan əvvəl də texnikada vurulmuşdum, amma tankımı da döyüş meydanından çıxarmışdım.

- Həmid, bizim döyüşlər başlayandan bir qədər sonra ermənilər tank sürməyə hərbiçi axtarırdılar. Çünki tank vurulacaq birinci hədəfdir. “Hər an vurula bilərəm” deyə düşünürdünüz?

- Mən həmişə döyüşə öndə, birinci gedirəm ki, əsgərlərimi ruhlandırım, piyadaların yanında tank olanda onlar daha ürəkli olurlar. Mən komandir idim, öndə olmalıydım. Aprel döyüşlərindən sonra ermənilərin ən çox qorxduğu bizim tanklarımız idi. Çünki, onlara ən çox zərbəni də bizim tanklarımız vurmuşdu. Ona görə çoxlu sayda tankı aradan çıxarmaq üçün tədbirlər görmüşdülər, minalar basdırmışdılar. Şəxsən mən Füzuli uğrunda döyüşlərdə öz tankımla Rüzgar dağı adlanan yüksəklikdə düşmənin 100-dən artıq şəxsi heyətini məhv etmişəm. Gecə saat 3-dən səhərə qədər tək döyüşdüm,mərmim bitənə qədər.Bir tankda 39 ədəd mərmi olur. Mən saat 3-dən 7-yə qədər döyüşdüm. Ən yaxşı günüm bu idi. Piyadalarımızın ümidi mənim texnikama idi. Döyüşün ikinci günü idi. İlk mərmini atdım, bölüyüm ön xətti yardı, onların 30 illik ön xəttini yardıq, getdik strateji əhəmiyyətli Rüzgar dağına. Biz yüksəkliyi alıdq və əldə qorumaq üçün səhərə qədər çalışdıq. Sonra Hadrut istiqamətində 1 Maz, 1 BNB və bir tankını məhv etdim.Bu mənə ruh yüksəkliyi verirdi, qorxu yada düşmürdü. Səmimi deyim ki, döyüş müddətində ikinci maşın kimi getməyi qəbul etməmişəm, mən komandir idim, qabada getməliydim. Bu elə bir yol idi ki, bunun pis sonluğu yox idi. Ya qalib olurduq, ya qazi, ya şəhid. Allahı bilən bir bəndə üçün şəhadətdən şirin heç nə ola bilməz. Ona görə, ölüm gözümə görünmürdü, ancaq düşünürdüm ki, bacardıqca düşmənə çox itki verim.

-Övladların varmı?

- Bəli, bir qızım, bir oğlum var

Həmid Həmidli Həmid Həmidli

- Bir oğul kimi vətəni, ananı qorumağa getdin. Bəs oğlun döyüşə getsə nə düşünərdin?

- Mən həmişə deyirdim ki, kaş savaş başlayaydı, bu müharibədə mən döyüşərdim, oğluma qalmayaydı bu müharibə. Oğlum hərbiçi olsun, vətəni qorusun istəyərəm. Şəhid olacamsa mən olum, amma övladıma qalmasın.Biz bunu etdik, düşməni əzdik. Mən inanmıram ki, onlar daha bizə hücum etməyə ürək edələr. Biz daha əvəlki Azərbaycan ordusu deyilik. İndi onlar yenə qudursalar biz Yerevana qədər gedib çıxa bilərik.

- İntiqamını aldığını hiss edirsən?

- Valideynlərim qaçqındırlar. Anam Fizulidəndi, kəndi işğaldaydı. Atam Qubadlıdandı. Mən 13 yaşımda evdən çıxıb Naxçıvanski adına hərbi məktəbə gedəndə bilirdilər ki, mən bu formanı əynimə niyə geyinmişəm.Mən Qubadlını görməmişəm, amma filmlərə, lent yazılarına baxanda düşmənə qarşı o qədər dərin nifrətim yaranırdı ki, kaş deyirdim müharibə başlaya. Əmim İskəndərov Əlizamin Daşaltıda, Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuşdu. Bu gün onun da qanını aldım, intiqamı alındı deyə bilərəm.Anam mən döyüşdə olanda deyirdi ki, elə döyüş, çəkdiyimiz ağrı- acının heyfini al.Biz o qanı aldıq.

- Yaralandın. Yenidən hərbi xidmətə qayıdacaqsan?

- Bəli. Artıq sağalmaq üzrəyəm.Yaralandımsa da heç üzülmədim. Ən maraqlısı bilirsinizmi nə oldu. Mən yaralanmamışdan öncə döyüş meydanından yaralıları çıxartmışdım öz texnikamla. Əsgərlərdən biri lap ağır vəziyyətdəydi. Bir az gecikmə olsaydı şəhid olacaqdı. Mən xəstəxanada olanda sağalıb yanıma gəlmişdi. Mənə dedi , komandir göydə Allah, yerdə sən həyatımı xilas etdiniz. Bu mənim vəzifə borcum idi. Amma onun bu sözləri mənə güc verdi, tez sağaldım. İndi evimizdəyəm. Tezliklə yenidən hərbi hissəmə, döyüş yoldaşlarımın yanına qayıdacam. Şəhidlərimiz yaralılarımız oldu, amma onların qanı yerdə qalmadı. Şəhid və qazilərimiz öz qanları ilə tarix yazdılar.Mən cənab Ali Baş Komandan da minnətdaram, bu uğurda zəhmət çəkən hər bir kəsə minnətdaram. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm.Biz bu günləri unutmamalıyıq.

- Komandir, mən sizə tankınızı hər zaman öndə getməsini arzulayıram.

- Sağ olun.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »